Onlayn ictimai-siyasi qəzet
“Qazprom” Türkiyədə qazpaylayıcı qovşaq yaratmaq planlarından imtina edib. Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Türkiyə qovşağının(habının) yaradılması ideyası ildə 55 milyard kubmetr gücündə, Rusiya, İran və Azərbaycandan Türkiyəyə qaz tədarük edəcək bir mərkəzin formalaşdırılmasını nəzərdə tuturdu.
Nəşr bildirir ki, “Qazprom” Rusiya prezidenti Vladimir Putinin açıq şəkildə təriflədiyi layihəni Türkiyədə yeni qazpaylayıcı qovşaq tikmək planlarını gözlənilmədən dayandırıb. “Qazprom” aylarla bu variantları nəzərdən keçirdikdən sonra, "şirkət bunun qeyri-praktik variant” olduğu qənaətinə gəldi və əsasən işini dayandırdı.
2022-ci ilin oktyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində qazın birbaşa Avropaya çatdırılmasını mümkünsüz edən partlayışlardan sonra bu təkliflə çıxış edib. Ankaranın müsbət qarşıladığı təklifin layihə formasına gətirilməsi üçün işlər başlanıb. 2023-cü ilin aprelində Türkiyə qanunvericiliyinə habın fəaliyyəti üçün zəruri olan dəyişikliklər edilib. Yayda isə Rusiyanın “Qazprom” şirkəti qaz habı layihəsinə dair yol xəritəsini Türkiyə tərəfinə təqdim edib. Amma ghələ o zaman da tərəflər arasında layihə ilə bağlı danışıqlar gərgin keçdiyi deyilirdi. Bu barədə Qərb mətbuatında da məlumatlar yer almışdı. Bildirilirdi ki, Rusiya əsas təchizatçı imkanından istifadə etməklə qaz habında rəhbərliyə, baş nəzarətçi roluna iddialıdır. Türkiyə isə öz ərazisində yaradılacaq strateji əhəmiyyətli platformaya özü nəzarət və rəhbərlik etmək niyyətindədir. Bundan əlavə, tərəflər arasında ciddi müzakirə olunan daha bir məsələ kimi layihənin maliyyələşdirilməsi önə çəkilirdi. Rusiya rəhbərlik və nəzarət imkanı olmasa layihənin icrasına vəsait yatırmaq istəmirdi, Türkiyə isə layihənin yükünü təkbaşına çəkmək imkanında deyildi.
Digər tərəfdən, Ankara mövcud infrastrukturun yaradılmasına(qaz anbarları, maye qaz terminalları, boru xətləri və sair) çəkdiyi xərcləri əsas gətirməklə layihədən ən çox qazanclı çıxacaq Rusiyanın maliyyələşmədə bərabər iştirakında təkid edirdi. Mənbələr qeyd edirlər ki, Türkiyə mərkəzli qaz qovşağı yaratmaq ideyası “Qazprom”dan deyil, Kremlə yaxın siyasi dairələrdə yarana bilərdi. Bir mənbəyə görə, şirkət rəhbərləri əvvəlcə Putinin bu təklifini eşidəndə təəccübləniblər. Təklif öz qiymət indeksi ilə regional qaz ticarət mərkəzi olmaq istəyən Türkiyədə də dəstək qazanıb. Amma şirkətdəki bəziləri türk planının işə yarayacağına əvvəldən şübhə ilə yanaşırdılar.
Yada salaq ki, Türkiyədən Avropaya qaz ötürən iki xətt var: “Türk axını” və Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP. Bundan əlavə, əvvəllər Rusiya qazını Balkanlardan Türkiyəyə çatdıran Transbalkan qaz kəmərinin işə salınması da mümkün idi ki, ildə 8-10 milyard kubmetr qazın Avropaya ötürülməsinə imkan verərdi.
Nəşr yazır ki, Ankaranın marağına və Moskvanın 2022 və 2023-cü illərdə danışıqların cəmi bir neçə ay çəkəcəyinə dair zəmanətinə baxmayaraq, layihə irəli getməyib.
Mediada o da yazılır ki, ola bilsin Kreml amerikalılarla danışıqlarda sonra belə bir qərar verib. Bu o deməkdir ki, ABŞ Rusiya qazının Avropaya getməsini istəyir, lakin onların nəzarəti altında...
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ