Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketlərin verilməsi imkanını təsdiqləyib. Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar ABŞ Prezidenti Donald Trampın ixtiyarındadır.
Mənbənin bildirdiyinə görə, Pentaqon artıq bu silahların texniki transferi və operativ tətbiqi üçün zəruri mexanizmləri nəzərdən keçirib. Raketlərin Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı, xüsusən də uzaq məsafəli hədəflərə zərbələr endirmək imkanını genişləndirəcəyi vurğulanır.
Xatırladaq ki, “Tomahawk” raketləri ABŞ ordusunun ən effektiv uzaqmənzilli zərbə vasitələrindən sayılır və 1600 kilometrədək məsafədəki hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Tramp az öncə Pentaqon rəhbəri Pit Xeqsetlə danışıb. Pentaqon rəhbəri Pit Xeqsetin sözlərinə görə, Ukraynaya “Tomahawk” raketlərinin ötürülməsi üçün bütün texniki və logistik hazırlıqlar tamamlanıb. Trampla baş tutan son danışıqdan sonra prosesin yalnız siyasi qərarın verilməsini gözlədiyi bildirilir.
Məlumata əsasən, ilkin mərhələdə Ukraynaya 45 ədəd “Tomahawk” raketi təhvil veriləcək və bu paket gələcəkdə genişləndirilə bilər.
Rəsmi Vaşinqtonun bu qərarı bölgədə qüvvələr balansına nə dərəcədə təsir göstərə bilər?
![]()
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynaya "Tomahavk" raketləri verəcəyinə inanmır. Heydər Oğuzun fikrincə, Tramp ölkəsini prezidentdən çox, keçmiş peşə vərdişlərinə uyğun şəkildə makler kimi idarə edir: “Odur ki, cənab Trampın öz bəyanatları hansı məqsədlə verdiyini müəyyənləşdirmək olduqca çətindir. Bəzən o, xarici həmkarları ilə apardığı müzakirələrdə əlini gücləndirmək üçün sərt ritorikalardan istifadə edir. Verdiyi sözün vədəsi yaxınlaşanda isə müxtəlif bəhanələrlə ondan yayınır. Bəzən də Trampın sözləri ABŞ "dərin dövləti", o cümlədən Pentaqonla üst-üstə düşmür. Son anda isə Pentaqonun dediyi olur".
Siyasi şərhçi xatırlatdı ki, bir müddət əvvəl Tramp Ukraynaya “Tomahavk” raketlərinin verilməsi ehtimalını tamamilə rədd etmişdi: “Fikrini isə bununla əsaslandırmışdı ki, ABŞ-nin özünün də bu cür raketlərə ehtiyacı var və əlində yetərli sayda "Tomahavk" raketləri yoxdur. Zənnimcə, Tramp bu sözləri haqsız deyildi, amma ABŞ-nin çəkindirmə gücünü zəiflətdiyi üçün Pentaqon bu eyibi düzəltməyə çalışdı və onun dediklərini təkzib etdi. Əslində Ukraynaya yaxın zamanlarda “Tomahavk” raketləri veriləcəyi ilə bağlı məlumatlar da bu səhvi düzəltmək ehtiyacından doğdu. Yoxsa ABŞ-nin “Tomahavk” kimi oyundəyişdirici raketləri Ukraynaya vermək niyyəti yoxdur. Yeri gəlmişkən, ABŞ-nin invertuarında yetərli sayda bu silahların olması da şübhəlidir. Məlumdur ki, SSRİ ilə ABŞ arasında 1987-ci ildə bağlanmış Orta və Kiçik Mənzilli Nüvə Silahları Müqaviləsində (INF) ləğvi nəzərdə tutulan raketlərdən biri də “Tomahavk”lar idi. Bəzi iddialara görə, ABŞ məlum müqavilənin şərtlərini yerinə yetirmək üçün “Tomahavk”ların yerdən-yerə və səmadan yerə növlərini sıradan çıxarmış, sadəcə, gəmilərdən atılan növlərini saxlamışdır. Ukraynaya isə su üzərindən və altından atılan “Tomahavk” yox, digər növləri lazımdır. Həmin növlər artıq yox edildiyindən ABŞ istəsə belə, Ukraynaya onları verə bilməz.
O başqa söhbətin mövzusudur ki, ABŞ-də “Tomahavk”lardan daha öldürücü silahlar var və Pentaqonun könlündən keçsə, Ukraynanı həmin silahlarla təchiz edə bilər. Amma dərd burasındadır ki, ABŞ-nin belə bir fikri yoxdur. Əksinə, ona müharibəni uzatmaq və Rusiyanı tədricən tükəndirmək lazımdır. Ukraynaya ən müasir silahlarını versə, bu arzusu istədiyi kimi reallaşmaya bilər. Ya Rusiya qısa müddət ərzində məğlubiyyətə uğrayıb müharibədən çəkilər, beləcə öz potensialını qoruyar, ya da özünü qorumaq üçün taktiki nüvə silahlarından istifadə edər. Beləcə, hər iki ehtimalda ABŞ istədiyi nəticəni almaya bilər.
Üstəlik, Rusiya Ukraynaya hücumlarını davam etdirdikcə, Avropa ölkələrinin ABŞ silahlarına ehtiyacları aktual olaraq qalır. Müharibə hansısa tərəfin məğlubiyyəti ilə nəticələnərsə, bitər və bu ehtiyac da aradan qalxar. Bununla da ABŞ Avropaya planlaşdırdığı yüz milyardlarla dollarlıq silah satışından məhrum olar. Arzulamadığı bu perspektivin reallaşmaması üçün ABŞ müharibənin taleyini həll edəcək silahları Ukraynaya satmaz.
Ən əsası isə Ukrayna-Rusiya savaşının uzanması Çinin Avropaya ən etibarlı marşrutlarından biri qarşısında əngəl yaradır. Söhbət “Bir kəmər, bir yol” layihəsinin şimal marşrutundan gedir. Ukrayna ilə savaşa başlayandan sonra Avropa ölkələri bütün qapılarını Rusiyanın üzünə bağlayıb. Ukrayna savaşı bitməyənə qədər bu qapılar açılmayacaq. Çin ABŞ-nin ən ciddi rəqibi olduğundan bu kommunikasiya əlaqələrinin açılmasında qətiyyən maraqlı deyil. Deməli, müharibənin davamı bu məsələdə də Vaşinqtonun işinə gəlir".
Siyasi şərhçi əslində Avropanın da Ukrayna savaşının tezliklə bitməsində maraqlı olmadığını düşünür: “Əvvəla, Ukraynada müharibə bu ölkənin gənc nəslinin Avropaya qaçmasına yol açır. Getdikcə qocalan və dinamik işçi qüvvəsinə ehtiyac duyan Avropanın sənaye ölkələri bu köç dalğasından məmnun görünürlər. Üstəlik, ukraynalılar Avropa ölkələrinin tam istədiyi kimi, xristian mədəniyyətinin daşıyıcılarıdır və Qərb insanı müsəlman miqrantlardan fərqli olaraq onlara antipatiya duymurlar. Daha rahat inteqrasiya olunan ukraynalıları assimilyasiya etmək də çətin deyil. Eyni sözləri müsəlman miqrantlar üçün demək olmur. Bu isə Qərb ölkələrinin daha çox ukraynalı miqrantlar qəbul etməyə həvəsləndirir. Məlumatlara görə, indiyədək Avropa ölkələrinə qaçan ukraynalıların sayı 5 milyonu keçib. Müharibə daha 5 il uzanarsa, bu say ikiqat arta bilər. Ukraynanın Mixaylo Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri doktoru Aleksandr Qladunun sözlərinə görə, 18-64 yaş arası insanların təxminən 63%-i, eləcə də 18 yaşadək uşaqların təxminən 31%-i Ukraynanı tərk edib Avropaya sığınıb. Buna Allahın verdiyi ən böyük neməti kimi baxan Qərbi Avropa ölkələrinin savaşın bitməsini arzulaması üçün heç bir səbəb yoxdur.
Üstəlik, 18-ci əsrdən başlayaraq Türk xofunun zəifləməsindən sonra ortaya çıxan slavyan təhdininin də iki slavyan ölkəsinin ölümünə savaşması ilə ortadan qalxacağını düşünən Avropa ölkələri Ukrayna savaşının tezliklə bitməsini istəməzlər. Ən azı ona görə ki, II Dünya savaşından sonra böyük bir arxayınlığa qapılan Avropa dövlətləri özlərini savaşa hazırlamayıblar. Onlara vaxt udmaq üçün Ukrayna savaşının ən azı 5 il uzanması sərf edir.
Bu savaş Avropaya da eynilə ABŞ-yə olduğu kimi, şərq qapısında gözləyən ən böyük təhlükənin - Rusiyanın tükənərək yox olması üçün lazımdır".
E.MƏMMƏDƏLİYEV ,
“Yeni Müsavat”
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ