İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə bağlı ŞOK İDDİA

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə strateji məqsədlərini qısamüddətli hədəflərlə əvəz etmiş ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı kəşfiyyat məlumatlarına söykənərək məlumat yayıb.

Məlumata görə, Vladimir Putin daha çox işğal edilmiş ərazilər üzərində nəzarətini möhkəmləndirməyə və iqtisadiyyatını stimullaşdırmağa çalışır, bu da Rusiyanın iqtisadi çətinlikləri fonunda atılmış addım kimi qiymətləndirilir.

Əvvəllər ABŞ və Qərb kəşfiyyat orqanları güman edirdi ki, Putin cəbhədə üstünlük əldə etdiyini düşünür və uzunmüddətli müharibə aparmaq, hətta Ukraynanın tam işğalını reallaşdırmaq üçün kifayət qədər resurslara malikdir.

Lakin indi onun mövqeyində dəyişiklik ehtimalı, ABŞ prezidenti Donald Tramp və onun komandasının ümidlərini artırıb. Onlar hesab edirlər ki, Putin əvvəlki dövrlərlə müqayisədə mümkün sülh razılaşmasına daha açıq ola bilər.

Bununla belə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri hələ də Putinə və onun “sülh istəkləri”nə skeptik yanaşırlar. Üstəlik, geniş yayılmış bir fikir də var ki, Rusiya masa üzərindəki sülh planına razılaşsa belə, gələcəkdə daha çox Ukrayna ərazisini işğal etmək üçün müharibəni yenidən başlada bilər.

“Düşünürəm ki, Putin yaxın perspektivdə hansı real məqsədin qoyula biləcəyini nəzərdən keçirir”, - deyə kəşfiyyat ekspertlərindən biri kanala söyləyib.

Tramp administrasiyasının yeni sanksiyalarla hədələməsi və Rusiyanın iqtisadiyyatını sıxışdırması Putini çətin seçim qarşısında qoyur.

CNN qeyd edir ki, danışıqlar zamanı müharibənin bitəcəyi təqdirdə ABŞ-Rusiya arasında mümkün investisiya perspektivləri xüsusi diqqət mərkəzində olub.

Kəşfiyyat hesabatlarında həmçinin Vladimir Putinin “rus xalqının tarixi mənşəyi” barədə tez-tez verdiyi bəyanatlara da diqqət yetirilir. Bildirilir ki, Putinin uzunmüddətli məqsədi Ukraynanın geniş hissəsini – xüsusən də “rus sivilizasiyasının beşiyi” saydığı əraziləri nəzarətə almaqdır.

Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi də təsdiqləyib ki, Moskva taktiki səviyyədə məqsədlərini müvəqqəti məhdudlaşdıra və Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq görüntüsü yarada bilər, lakin öz maksimalist hərbi hədəflərindən əl çəkməyib.

Sonda Avropa rəsmisi belə deyib:

“Kreml ümid edir ki, münasibətlərin yaxşılaşması vasitəsilə taktik pauza zamanı diqqəti yayındıra biləcək. Daha sonra isə hərbi, iqtisadi, informasiya və siyasi alətləri birləşdirərək, Putinin Ukraynada və ondan kənarda olan bütün strateji məqsədlərinə çatmağa çalışacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR