Onlayn ictimai-siyasi qəzet
“Cənubi Qafqazda 3+3 formatı regional mübahisələrin həllində uğurlu təcrübədir". Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.
İran XİN rəsmisi deyib ki, “Cənubi Qafqaz ölkələri transregional müdaxilələrin qarşısını almaq üçün regional mexanizmləri gücləndirməlidirlər və İran bu istiqamətdə fəal iştirak edir”.
“Cənubi Qafqazda 3+3 formatı tarixə malik bir çərçivədir. Bu format Azərbaycan və Ermənistanın da daxil olduğu region ölkələri ilə Cənubi Qafqazı əhatə edən dövlətlər arasında məsləhətləşmələr üçün yaradılıb. İndiyədək müxtəlif ölkələrdə çoxsaylı görüşlər keçirilib və ilk görüşlərdən biri də Tehranda baş tutub. Bu mexanizm indiyədək xüsusən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regional platforma kimi özünü doğruldub", - o qeyd edib.
Göründüyü kimi, rəsmi Tehran “Cənubi Qafqaz ölkələri transregional müdaxilələrin qarşısını almaq üçün regional mexanizmləri gücləndirməlidirlər və İran bu istiqamətdə fəal iştirak edir” mesajı ilə Qərbin və ABŞ-ın bölgədəki addımlarına qarşı hərəkətlənməyə çağırış edir. “Tramp marşrutu” və Bakı ilə İrəvan arasında sülh razılaşmalarından sonra cənub qonşumuz yenidən “altılıq platforması”nı gündəmə gətirir. Halbuki son zamanlar bu barədə az danışılırdı. Sadəcə, 3+3 çərçivəsində əməkdaşlıq o qədər də sadə məsələ deyil. Lakin Rusiya və İran destruktiv siyasətinə son qoymağı bacarsa, bu platforma reallaşa bilər. Çünki hər şey Moskva və Tehranın münasibətindən asılıdır. Eyni zamanda Gürcüstanı da razı salmaq lazımdır.
Tiflis Moskva ilə düşmənçiliyi səbəbindən bu formatdan imtina edir. Azərbaycanla Ermənistan arasında son anlaşmalar çərçivəsində “altılıq platforması” “beşlik format”nda çevrilə də bilər. Amma İrandan verilən son bəyanat açıq-aşkar şəkildə Cənubi Qafqazı regiondan kənar güclərə qarşı çıxmağa dəvətdir.
Xatırladaq ki, avqustun 25-də Rusiya və İran prezidentləri telefonla danışıb. Liderlər Cənubi Qafqazı və regional kommunikasiyaları müzakirə ediblər.
Bütün bu addımlar və açıqlamalar regionda strateji qarşıdurmanın getdikcə dərinləşəcəyindən xəbər verir, yoxsa İrandan növbəti destruktiv mövqedir?
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bu barədə açıqlamasında öncə bildirdi ki, İran Xarici İşlər Nazirliyinin son açıqlaması Cənubi Qafqazda yeni siyasi dinamikanın işarəsidir: “Rəsmi Tehran 3+3 formatını regional mübahisələrin həlli üçün uğurlu mexanizm kimi təqdim etsə də, bu yanaşmanın arxasında daha geniş geosiyasi hesablamalar dayanır. Əslində İran özünü bölgədə aparıcı güc kimi göstərməyə çalışır və regiondakı proseslərdən kənarda qalmaq istəmir. 3+3 formatı ideya olaraq maraqlı və tarixi əhəmiyyətə malikdir. Burada həm Cənubi Qafqaz ölkələrinin, həm də qonşu güclərin iştirakı nəzərdə tutulur. Azərbaycan üçün bu platforma müharibədən sonrakı dövrdə sülh, sabitlik və iqtisadi əməkdaşlıq baxımından imkanlar yaradır. Amma mexanizmin işləkliyi və dayanıqlığı ilk növbədə tərəflərin real niyyətindən asılıdır. İran təsmilərinin son açıqlamasını diqqətlə oxuduqda görmək olur ki, Tehran əsasən, transregional güclərin bölgəyə daxil olmasına qarşı çıxır. Bu mesaj həm Vaşinqtona, həm də Avropa paytaxtlarına yönəlib. Amma İranın Cənubi Qafqazda xarici təsirə qarşı çıxması özünün təsir dairəsini artırmaq niyyəti ilə uzlaşır. Başqa sözlə, Tehran regionda boşluq yarandıqca onu doldurmaq istəyir”.
T.İsmayılov xüsusilə qeyd etdi ki, Azərbaycan üçün 3+3 formatı ilk növbədə regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq baxımından önəmlidir: "Tehran bəzən öz maraqlarını ön plana çəkərək, real əməkdaşlıq imkanlarını kölgədə qoyur. Regionda destruktiv mövqe sərgiləyən Rusiya ilə İranın yaxınlaşması da bu platformanın uğurunu şübhə altına alır. Çünki əgər Moskva və Tehran ikili maraqları önə çəksə, formatın mahiyyəti əməkdaşlıqdan çox qarşıdurmaya çevrilə bilər".
Ekspert vurğuladı ki, Gürcüstanın bu proseslərdən kənarda qalması əlavə çətinlik yaradır: “Tiflis Moskva ilə münasibətlərinə görə 3+3-də iştirak etmir və bu da formatı avtomatik 3+2-yə çevirir. Bu vəziyyətdə Azərbaycanın marağı Gürcüstanın da dialoq masasında olmasıdır, çünki Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars kimi layihələr regionun əsas dayaqlarıdır. Gürcüstanın iştirakı olmadan Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mexanizmləri natamam görünür”.
STM təmsilçisinin fikrincə, İranın “transregional müdaxilə” ifadəsi başqa məna daşıyır: “Bu, əslində Cənubi Qafqazın Qərb təsirindən qorunması çağırışıdır. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan balanslı siyasət aparır və istər regional, istərsə də qlobal oyunçularla əməkdaşlıqda maraqlıdır. Bakı üçün əsas prioritet milli maraqların qorunması və iqtisadi imkanların artırılmasıdır”.
T.İsmayılov dedi ki, Rusiya və İran liderlərinin son telefon danışığı da təsadüfi deyil: “İki dövlət açıq şəkildə Cənubi Qafqaz üzərindən öz maraqlarını koordinasiya etməyə çalışır. Amma Azərbaycanın iştirakı olmadan bu cür təşəbbüslərin uğur qazanması mümkünsüzdür. Regionun əsas söz sahibi Azərbaycan və Türkiyədir.
Azərbaycanın mövqeyi isə tam rasionaldır: sülh müqaviləsi, sərhədlərin müəyyənləşdirilməsi və regional əməkdaşlıq. Əgər İran doğrudan da “3+3" formatını uğurlu mexanizm kimi görürsə, o zaman Ermənistanı sülh prosesinə sövq etməlidir. Halbuki, indiyədək Tehran daha çox status-kvonu qoruyan, Ermənistanın maraqlarını üstüörtülü şəkildə müdafiə edən addımlar atıb.
Bütün bunlara baxmayaraq, Bakı bu platformanı tamamilə rədd etmir. Əksinə, Azərbaycan üçün bu mexanizm maraqlıdır, amma şərt ondan ibarətdir ki, tərəflər destruktiv mövqedən əl çəksin. Əgər məqsəd həqiqətən regional sabitlik və əməkdaşlıqdırsa, Azərbaycan buna dəstək verməyə hazırdır".
Regionda yeni cəbhənin açılıb-açılmayacağına gəldikdə, siyasi şərhçi hesab edir ki, bu, məhz sonrakı davranışlardan asılıdır: “Əgər İran və Rusiya 3+3-ü yalnız Qərbə qarşı bir alət kimi görsələr, bu, yeni qarşıdurmalara yol aça bilər. Amma əgər Bakı və Ankara ilə əməkdaşlıq önə çıxarılsa, format bölgədə sabitlik üçün real imkan yarada bilər. İranın açıqlaması həm də region ölkələrinə mesajdır: “Qərbə güvənməyin, öz mexanizmlərinizi qurun”. Amma Azərbaycan üçün seçim çoxdan bəllidir - Bakı həm regional əməkdaşlığa, həm də qlobal inteqrasiyaya açıqdır".
İstənilən halda Azərbaycan Prezidentinin etimad göstərdiyi İran Prezidenti Məsud Pezeşkianın Zəngəzur dəhlizi qorxulu layihə olmadığı və Azərbaycanla əməkdaşlıqda İran tərəfin yol verdiyi səhvlərlə bağlı etiraflarını unuda bilmərik. Yəqin sonda digər İran rəsmiləri də haqqa gələrlər...
E.PAŞASOY,
“Yeni Müsavat”
29 Avqust 2025
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ