Onlayn ictimai-siyasi qəzet
Deputat bunu erkən sayır; idman yazarı isə bu ideyanın yersiz olduğunu düşünür
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Hidayət Orucov Kulis.az-a geniş müsahibəsində sovet vaxtı Ermənistandakı fəaliyyətindən danışıb və bir sıra maraqlı faktlara toxunub. O, keçirilən futbol yarışlarından da söz açıb. Sitat: “Bizim rayonda Zəngəzurun digər bölgələrinə - Vedibasara, Zəngibsara, Hamamlıya, Göyçənin özünə nisbətən erməni millətçiliyi kəskin hiss olunmurdu. Münasibətlərin hədsiz gərginliyi "Neftçi" ilə “Ararat”ın oyununda açıq-aydın görünürdü. Onların oyunlarının nəticələri münasibətlərə çox mənfi təsir göstərirdi. Ooo, “Neftçi” qalib gələndə bütün azərbaycanlıların, “Ararat” qalib gələndə bütün ermənilərin milli bayramı olurdu".
Yada salaq ki, müstəqillik illərində MDB kuboku yarışlarında “Neftçi” Ermənistanın “Punik” klubu ilə qarşılaşıb və qalib gəlib. Ancaq o zaman torpaqlarımız işğal altında idi. İndi isə Qarabağ azaddır, sülh danışıqları gedir. Bu baxımdan, iki xalqın sülh prosesinə futbol matçı ilə “pas” vermək mümkündürmü?
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bunun zamanı deyil: “Hələ ki bu mərhələ tezdir. Çünki diplomatik və digər məsələlər həllini tapmayıb. QHT-lər və başqa əlaqələr olmalıdır ki, sonrakı mərhələdə kütləvi tədbirlər formasında nəyəsə baxmaq olsun. Amma indi bunun zamanı yetişməyib. Düşünürəm ki, nəsə bir hadisə baş verməz, amma neqativləri aradan qaldırmaq üçün bu yetərli olmaz. Biz 2009-cu ildə Türkiyə-Ermənistan oyununun şahidi olmuşuq. Heç bir qarşıdurma filan yaşanmamışdı. Amma nəticəsi bu günə qədər də olmayıb. Hesab edirəm ki, onda da erkən idi. Düşünürəm ki, indi də belə bir oyundan əvvəl addımlar atılmalı olan mərhələlər çoxdur”.
Tanınmış idman yazarı Natiq Muxtarlı bu ideyanı tamamilə yersiz sayır: “Azərbaycan-Ermənistan münasibətləri hələ o həddə çatmayıb ki, burada "futbol diplomatiyası"na yer olsun. Hələ iki ölkə arasında heç QHT nümayəndələri səviyyəsində əlaqə, gediş-gəliş yoxdur. Sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün Ermənistanda revanşist qüvvələr hakimiyyətə təzyiq edirlər. Azərbaycan xalqı ilə ermənilərin sülh məsələsinə münasibəti birmənalı deyil. Azərbaycanlılar sühsevər xalqdır, bütün qonşuları ilə sivil münasibətlərin tərəfdarıdır. Amma qonşularından, özü də bir neçə qonşusundan, o cümlədən ermənilərdən adekvat münasibət görmür. Belə bir məqamda “futbol diplomatiyası” qətiyyən yerinə düşməyəcək. Özü də söhbət “Qarabağ”dan gedirsə.
Natiq Muxtarlı
“Qarabağ” Ağdamın təmsilçisidr. Bu şəhəri ermənilər yer üzündən silmişdilər. Azərbaycan yenidən tikir. Bu şəhər Birinci Qarabağ müharibəsində 5 mindən yuxarı şəhid verib. O cümlədən “Qarabağ”ın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırov da şəhid olub. Ermənilər “Qarabağ”ın stadionundan - “İmarət”dən bircə daş da saxlamamışdılar. Və hələ bütün bu yaralar qaysaq bağlamamış “Qarabağ”ın hansısa erməni komandası ilə qarşılaşması? Yox, bunu cəmiyyət qəbul etməz. Ümumiyyətlə, cəmiyyət qəbul etsə belə, bu oyun hansı formatda, harada keçiriləcək? Ermənilər Bakıya gələcək, yoxsa bizimkilər İrəvana gedəcəklər? Biz ermənilərin Bakıda təhlükəsizliyinə tam təminat verəcəyik, lap dolu tribunalarda da. Amma Ermənistan necə, buna təminat verə bilər? Təminat versələr belə, onu həyata keçirə bilməzlər. Ağır atletlərimizin İrəvana səfərini xatırlayaq. Ermənistan hakimiyyəti təhlükəsizliyə tam təminat vermişdi. Amma açılış mərasimində təxribat törətdilər, bayrağımızı yandırdılar, özü də Paşinyanın gözü önündə. Ermənistanın “sülh tərəfdarıyıq” deməsinə çox da etibar etmək olmaz. Onları “sülh tərəfdarı” olmağa Azərbaycanın Dəmir Yumruğu vadar edib.
Ona görə də bu oyunun nə Bakıda, nə də İrəvanda baş tutması mümkün deyil. Bəlkə də neytral meydanda belə oyun təşkil etmək olar. Amma bu da “Qarabağ” futbol klubuna, ağdamlılara mənəvi zərbə olar. İndiki vaxtda bu ideya çox yersizdir. Əvvəlcə sülh müqaviləsi bağlanmalıdır. Ermənilərin bu prosesi hər vasitə - müxtəlif ölkələrin təzyiqləri ilə yubatdığı görünür".
N.Muxtarlı yaxın 10 ildə bunu mümkünsüz sayır: “Bu proses nə vaxt reallaşa bilər? Mən yaxın 10 ildə iki ölkə klubları arasında futbol oyunlarının keçiriləcəyini güman etmirəm. Başqa ölkələrdə keçirilən beynəlxalq yarışlarda bu mümkün olar. Amma Azərbaycan klublarının və ya yığmalarının Ermənistana səfər etməsi yaxın 10 ildə mümkün deyil. Futbol oyununu keçirmək, təhlükəsizliyə təminat vermək 2-3 QHT sədrinin səfəri zamanı təhlükəsizlik tədbirləri görmək deyil. Azərbaycanla Ermənistan arasında futbol oyunları o vaxt olacaq ki, ermənilərin düşüncələri dəyişsin, xəstə təfəkkürdən qurtulsunlar.
Mən bu məsələdə nikbin deyiləm, ermənilər dəyişməyəcəklər. Sadəcə, biz güclü olduqca, qınlarına çəkiləcəklər. Nisbi sakitliyin yaranması üçün vaxt lazımdır. Sülh müqaviləsi bağlanmalı, diplomatik və iqtisadi əlaqələr qurulmalı, nəqliyyat yolları açılmalıdır. Proses uzun sürəcək. Ona görə də “futbol diplomatiyası”nı dərhal gündəmdən çıxartmaq lazımdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ