Onlayn ictimai-siyasi qəzet
Çox qısa müddətdə Qarabağ və Şərqi Zəngəzur sıfır karbon emissiyası olan regiona dönəcək.
Musavat.com-un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
Qurum rəsmisinin sözlərinə görə, hazırda Qarabağda yerləşən "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri var:
"Biz COP29-da elan etmişdik ki, artıq Qarabağ və Şərqi Zəngəzur 100 faiz yaşıl enerji ilə təmin edilir. Hazırda "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri var. Qarşısında dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksinin dam örtüyündə də 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində yaşıl texnologiyalardan istifadə olunur".
Araz Məmmədzadə həmçinin, qeyd edib ki, çox qısa müddətdə sözügedən regionlar sıfır karbon emissiyaya malik bir regiona döndəriləcək:
"Gələcək planlara dair cari işlərimiz davam etdirilir. 2027-2030-cu illərə qədər müəyyən edilmiş hədəflər və öhdəliklərimiz var. Biz qısa müddətdə Qarabağ və Şərqi Zəngəzuru sıfır karbon emissiyası olan bir regiona döndərə biləcəyik".
Nigar HƏSƏNLİ,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ