Onlayn ictimai-siyasi qəzet
Deyirlər istənilən pis sülh müharibədən yaxşıdır. Bir şərtlə ki, həmin pis sülh haqsız tərəfin iddialarının, tələblərini qəbul olunması ilə sonuclanmasın. Necə ki, işğalçı Ermənistanla atəşkəs bizə az qala çox baha başa gələcəkdi, əgər özümüz kritik anda tədbirli tərpənib təcavüzkarı cəzalandırmasaydıq.
İndi Ukrayna ilə Rusiya arasında 3 illik fasilədən sonra baş tutan ikinci İstanbul görüşü də. Heç olmamaqdansa, yenə bu yaxşıdır. Əsirlərin (1000-ə qarşı 1000) dəyişdirilməsi haqda anlaşma da onun içində.
Hərgah dünənki danışıqların davamının necə olacağını söyləmək mümkün deyil. Ona görə ki, Rusiya sülh müzakirələrinin davamını de-fakto mənasız edən tələb-şərtlər irəli sürməkdədir. Qərb mediasının yazdığına görə, onların sayı 5-dir:
1. Neytral Ukrayna - Avstriyanın neytrallıq modelinə bənzəyir - Ukrayna torpaqlarında xarici qoşunlar və ya kütləvi qırğın silahları olmamalıdır.
2. Təzminat tələb edilmir – Ukrayna müharibə nəticəsində dəymiş zərərin ödənilməsinə dair hər hansı tələbdən imtina edir.
3. Rusdillilərin hüquqları - Ukrayna azlıqların hüquqları ilə bağlı Avropa standartlarını qəbul etməli və “millətçi təbliğata” son qoymalıdır.
4. Ərazilərin tanınması - Ukrayna Donetsk, Luqansk, Xerson, Zaporojya vilayətləri və işğal olunmuş Krımla bağlı Rusiyaya qarşı konstitusiya iddiası irəli sürməməli, onların beynəlxalq səviyyədə tanınması üçün hərəkətlərə yol verməməlidir.
5. Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması: Ukrayna qoşunları Rusiyanın iddia etdiyi beş rayonu tərk etməlidir.
Moskva rəsmilərinin son bəyanatlarını nəzərə alsaq, aşağı-yuxarı, tələblər təxminən elə yuxarıdakı kimidir. Ən ağır şərtlər isə sözsüz ki, sonunculardır - 4 və 5-ci bəndlər.
Qısası, Ukrayna kapitulyasiya aktını imzalamalı, bunun tərkib hissəsi kimi, Rusiyanın hələ işğal eləmədiyi ərazilərdən, yəni öz qanuni torpaqlarından ordusunu çıxarmalıdır. Bir növ 10 noyabr (2020) sənədinə əsasən Azərbaycanın halal əraziləri olan Kəlbəcər, Ağdam, Laçın kimi sanki onlar da Rusiyanın qanuni torpaqları kimi dinc yolla boşaldılmalı imiş...
Bu yerdə 44 günlük müharibədən az sonra rəsmi Bakının sülh müqaviləsi üçün İrəvana verdiyi 5 məlum prinsip yada düşür. Müqayisə üçün onları xatırlatmaqda fayda var:
1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Fərqi hiss etdiniz yəqin. Diqqət edin, Azərbaycan qalib və haqlı tərəf olsa da, son dərəcə mərdanə hərəkət edib. Şərtləri də ədalətli və hamının tanıdığı beynəlxalq hüquqa uyğun. Amma Rusiya haqsız və işğalçı tərəf ola-ola, suveren bir dövlətə qarşı olduqca aşağılayıcı şərtlər qoyur, kobud şəkildə onun daxili işlərinə qarışır, onu özünün marionetinə çevirmək istəyir...
Əlbəttə, Rusiya qalib ədası ilə bu tələbləri qoyub. Fəqət, mövcud reallıqlar fonunda Ukrayna məğlub görünsə belə, qalib Rusiya da deyil. Zira, qardaşın qardaş üzərində qələbəsi olmur, rüsvayçılığı olur. Bax elə bu gün Rusiya ordusu daha bir vandallığa imza atıb. İşğalçı qüvvələrin Sumı vilayətinə növbəti hücum zamanı dinc sakinləri daşıyan mikroavtobus kamikadze dronla vurulub. 9 mülki şəxs həlak olub. Onların arasında ata, ana və qızları da var. Bütöv ailə. Mikroavtobus, cəsədlər param-parça olub.
Ukrayna prezidenti Volodomir Zelenski bu tükürpədici olayla bağlı belə deyib: “Rusiya öz vəhşiliyi ilə bizi sındıra, Ukrayna xalqının əzmini sarsıda bilməz. Hər bir günahsız ölən dinc vətəndaşın haqqını alacağıq”.
Yəni azğın “qardaşa” qarşı qisas əməliyyatları, müqavimət davam edəcək...
Hələ işğalçı müharibə təzəcə başlayanda yazmışdıq ki, Kreml başlatdığı bu ədalətsiz savaşda ərazi tutsa da, bu “Pirr qələbəsi” kimi bir şey olacaq. Yəni “astarı üzündən baha oturacaq”. Putinin adamlarının İstanbulda Ukrayna təmsilçilərini hədələməsinə, qorxutmasına baxmayın, Rusiya özü də qorxur. Məlum məsəldəki kimi.
Bütün hallarda Moskva nə qədər dəridən-qabıqdan çıxsa da, dinbir, dilbir və qardaş ölkəyə qarşı apardığı qəddar və təcavüzkar müharibəni dünyaya 1941-45-in faşizmlə müharibəsi kimi sırıya bilməyəcək. Kremlin ən böyük problemi də əslində budur və yaxın illər üçün elə bu olacaq: “Pirr qələbəsi”ni legitimləşdirib sanksiyalardan qurtulmaq. Çünki bir ölkəni işğal eləmək olar, onun xalqını isə... - yox! O, hətta qardaş olsa belə.
ŞƏRHLƏRŞƏRH YAZ