İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın 4 oyunu Bakıda, 4-ü xaricdə olacaq

Azərbaycan futbolunun son illərdəki ən uğurlu təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının yeni mövsümündə əsas mərhələyə adlayıb. Ağdam klubu əvvəlcə təsnifat oyunlarında ardıcıl qələbələr qazanaraq, sonda play-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandasını ümumi hesabda üstələyərək tarixi uğura imza atdı.

Həlledici play-off da isə güclü rəqib “Ferentsvaroş”la qarşılaşan Qurban Qurbanovun komandası səfərdə 3:1 hesabı ilə qələbə qazandı. Bakıda baş tutan cavab görüşündə 2:3 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə 5:4 irəli çıxaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.

“Qarabağ”ın püşkatmada qarşısına Avropanın ən güclü komandaları çıxıb. Ağdam klubu əsas mərhələdə səkkiz oyun keçirəcək. Oyunlardan dördü evdə, dördü səfərdə baş tutacaq. Bakıda azarkeşlər “Çelsi”, “Ayntraxt”, “Ayaks” və “Kopenhagen” kimi nəhəngləri qəbul edəcək. Səfərdə isə daha da çətin rəqiblər gözləyir: “Liverpul”, “Benfika”, “Napoli” və “Atletik Bilbao”.

İdman mütəxəssisləri hesab edir ki, belə bir mötəbər turnirdə iştirak artıq özü böyük uğurdur. Komandanın real məqsədi mümkün qədər çox xal toplamaq və ən əsası, Azərbaycan futbolunu Avropada layiqincə təmsil etməkdir. “Qarabağ” azarkeşlərinə həm Bakıda, həm də Avropanın məşhur stadionlarında unudulmaz futbol gecələri yaşatmağa hazırlaşır.

İdman şərhçisi Kənan Məstəliyev bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, təmsilçimizin qrup mərhələsində çox güclü komandalarla üz-üzə gəlməsi gözlənilirdi:

"Əslində "Qarabağ"ın rəqibləri arasında dünyanın ən adlı-sanlı, hazırda formada olan komandaları var. Səfər oyunlarında xal qazanmaq həmişə çox çətin olur. Ən güclü klublardan biri olan "Napoli" ilə səfərdə oynamamız şanslarımızı xeyli azaldır. Belə qarşılaşmalarda bir və ya iki xal götürmək ən yaxşı nəticə hesab oluna bilər. Təkcə "Qarabağ" yox, Avropanın istənilən klubu belə çətin səfərlərdən qələbə ilə qayıtmaqda çətinlik çəkir".

Onun sözlərinə görə, ev oyunlarında vəziyyət bir qədər fərqli ola bilər:

"Ən güclü rəqiblərdən biri də "Çelsi"dir. Bu klub dünyanın ən zəngin heyətinə malik, bütün turnirlərdə qalib olmuş İngiltərə nəhəngidir. Bakıdakı oyun da, səfər də çox çətin olacaq. Amma digər rəqiblərə, məsələn "Kopenhagen" və “Ayntraxt” komandalarına qarşı "Qarabağ"ın şansı var. Xüsusilə "Kopenhagen"lə ev oyununda qələbə qazana bilərik. Ötən il də oxşar təcrübə yaşamışdıq və bəzi epizodlarda xal almaq imkanımız vardı".

Kənan Məstəliyev hesab edir ki, ümumilikdə "Qarabağ" ev oyunlarında 5-6 xal toplama potensialına malikdir:

"Məncə qrup mərhələsini 6-7 xalla başa vurmaq mümkündür. Amma əsas məsələ qələbə qazanmaqdan daha çox, bu prosesdən zövq almaqdır. Çempionlar Liqasında belə böyük klublara qarşı oynamaq özü artıq böyük nailiyyətdir. "Qarabağ" bura qədər gəlməklə böyük işin öhdəsindən gəlib və bundan sonrakı hər bir nəticə bizim aktivimizə yazılacaq".

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR