Onlayn ictimai-siyasi qəzet
Bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) sammiti işinə başlayıb.
Musavat.com xəbər verir ki, sammitdə çıxış edən Çin rəhbəri Si Cinpin bildirib ki, ölkəsi ŞƏT-in yüksək keyfiyyətli inkişafı üçün bütün ölkələrlə qüvvələri birləşdirməyə hazırdır.
Onun sözlərinə görə, ŞƏT ölkələrinin iqtisadiyyatının həcmi 30 trilyon dollara yaxınlaşıb, təşkilatın iqtisadi təsiri artır. Pekin hegemonluğa və blok qarşıdurmasına qarşı olmaqla, azad ticarətin təşviqini dəstəkləyir.
Çin rəhbəri Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankının yaradılmasına və ŞƏT üzrə təhlükəsizlik çağırışlarına qarşı mərkəzin ən qısa zamanda fəaliyyətə başlamasına çağırıb.
Si Cinpin bildirib ki, Çinin ŞƏT-ə üzv olan digər ölkələrin iqtisadiyyatına yatırdığı investisiyalar 34 milyard dolları ötüb: “Bu günə kimi Çinin digər ŞƏT-ə üzv dövlətlərə investisiyası 34 milyard dolları, digər üzv ölkələrlə ikitərəfli ticarətin illik həcmi isə 500 milyard dolları ötüb”.
Çin rəhbəri elan edib ki, Pekin ŞƏT-in Banklararası Assosiasiyasının üzvlərinə 1,4 milyard dollar məbləğində kredit verəcək.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ