Onlayn ictimai-siyasi qəzet
19-cu əsrdə Qərb dövlətlərinin əcnəbilərə açılmağa vadar etdiyi Tyanjin şəhəri uzun illər Çinin zəifliyinin simvolu kimi qəbul edilib. Bu gün şəhər öz siyasi və iqtisadi gücünün yüksəlişini təcəssüm etdirir. İyirmidən çox ölkənin liderinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti üçün Tyanjin şəhərinə gəlməsi Çinin hüdudlarından çox uzaqlardakı siyasi dairələrin diqqətinə səbəb olub.
Bir çox beynəlxalq media dairələrində hesab olunur ki, Çinin ABŞ-nin Avrasiya ölkələrə diktəedici yanaşmasına alternativ yaratmaq siyasəti öz bəhrəsini verir.
Ancaq Çinin bu fəallığından əndişələnən təkcə ABŞ deyil, özünü hələ də dünyanın iki supergücündən biri sayan Rusiyada da Çinin hərbi-siyasi-iqtisadi-texnoloji supergücə çevrilməsindən narahat olanlar var.
Şanxay Əməkdaşlı Təşkilatı 2001-ci ildə Sovet İttifaqının dağılmasından sonra yaranmış yeni müstəqil dövlətlərin yaşamaq problemi ilə üzləşdiyi vaxt yaradılıb. O zaman o gənc respublikaların Rusiya ilə iqtisadi əlaqələrinin kəsilməsi ilə yanaşı, bir çoxunda terror qruplaşmaları fəallaşmışdı. Məhz buna görə də ŞƏT-in əsas vəzifəsi terrorizmlə mübarizə idi.
Bu problem bu gün də təşkilatın gündəmindən çıxarılmayıb. Buna görə də, Tyanjin sammitində, rəsmi Çin sənədlərində qeyd olunduğu kimi, beynəlxalq terrorizmlə mübarizə üzrə ixtisaslaşmış mərkəzlərin yaradılmasının sürətləndirilməsi məsələsi də müzakirə olunur.
Çin mediası təhlükəsizlik orqanlarının əməkdaşlığını deyil, sammitin siyasi əhəmiyyətini vurğulayır. “Global Times” qəzeti xatırladır ki, sammitdə 20-dən çox dövlətin liderləri iştirak edir. Bir çox ölkələr üçün ŞƏT-in cəlbediciliyi göz qabağındadır. Bununla belə, Pekin rəsmi açıqlamaları və sammitin qonaqları ilə təmasları ilə dünya ictimaiyyətinə belə bir mesaj verir: bu gün dünya səhnəsində sabitlik və asayiş üçün güc rolunu oynayan ABŞ və onun hərbi bloklardakı müttəfiqləri deyil, Çindir.
ÇXR sədri Si Cinpinin Tyanjin şəhərində postsovet ölkələrin liderləri ilə yanaşı, Hindistan, Pakistan, eləcə də təşkilata üzv olmayan ölkələrin rəhbərlərini şəxsən qəbul edib, hamısına (bir qədər fərqli şəkildə olsa da) hörmət və ehtiram göstərib.
“Nyu-York Tayms” qəzeti Çin liderinin uzaqgörənliyinə və diplomatik bacarığına diqqət yönəldərək yazıb ki, Si Çinpin Çinin beynəlxalq siyasətə təsir etmək qabiliyyətini nümayiş etdirmək üçün II dünya müharibəsinin bitməsinin 80-ci ildönümü şərəfinə keçiriləcək sammitdən və hərbi paraddan istifadə edir. Qəzet bir çox xarici səfərlərdən imtina edən Rusiya və Hindistan kimi böyük dövlətlərin liderlərinin sammitə gəlməsini təsadüfi saymır. Onların bu dəvəti qəbul etməsi Çinin dünyada artan nüfuzunun və onun liderinin öz mötədil siyasəti ilə qazandığı beynəlxalq rəğbətin nəticəsi hesab edilir.
Rusiyalı təbliğatçılar hesab edirlər ki, ötən ay ABŞ prezidenti Donald Tramp tərəfindən Alyaska aeroportunda qırmızı xalıda qarşılanan Putin üçün Si Cinpin ilə ünsiyyət Avropanın Rysiyanın beynəlxalq təcridinə nail olmaq cəhdlərinin puçluğunun təsdiqidir. Ruslar “qırmızı xalıda pişvaz”a və böyük ölkələrin liderlərinin Putinə dəvət göndərməsinə xüsusi önəm verir, bunun Qərbin Rusiyanı “təklənmə” siyasətini sarsıtdığını düşünürlər.
Hindistanın baş naziri Narendra Modi isə Trampın Hindistan mallarına tətbiq etdiyi 50%-lik rüsumlardan qəzəblənərək, hərbi tərəfdaş kimi ABŞ-a daha az etibar etdiyini, onun üçün başqa alternativlərin də olduğunu göstərməyə çalışır.
"20-dən çox liderin iştirakı ilə keçirilən sammit, ardınca Çinin yeni döyüş təyyarələri və raketlərini nümayiş etdirən hərbi parad sadəcə bir bayram deyil. Bu, Cinpinin bir vaxtlar ABŞ-nin hökmran olduğu qlobal nizamı necə yenidən formalaşdırdığına işarədir", - Huver İnstitutunun əməkdaşı, keçmiş MKİ zabiti Conatan Xin deyib.
Gerçəkdən də belə bir təəssürat var ki, Tramp müttəfiq-rəqib demədən “tarif müharibəsi”nə başlamaqla onilliklər ərzində topladığı, ətrafına yığdığı dövlətlərlə münasibətini bir günün içində pisləşdirib. Başqa sözlə, bu, ABŞ-nin öz əlindəki baltayla öz ayağına zərbə endirməsi hesab olunur. Çin isə yaranmış bu durumdan məharətlə istifadə etməkdədir.
Bununla belə, Şərqi Asiyada bəzi ekspertlər ŞƏT-i “kağız pələng” adlandırırlar, çünki onun öz üzvləri arasında (məsələn, Hindistan və Pakistan arasında) barışmaz fikir ayrılıqları var və ŞƏT Asiyada təhlükəsizlik üçün real heç nə edə bilmir.
Rusiyalı politoloqlar da ŞƏT-in yüksəlişini, Çinin isə okean layneri kimi yavaş-yavaş, ləngər vura-vura öz mənzilinə doğru üzməsini gizli qısqanclıqla şərh edirlər. IMEMO RAS-ın direktor müavini Aleksandr Lomanov bu barədə verdiyi müsahibədə deyib: "ŞƏT hərbi blok deyil. O, potensialı indiki dövrdə deyil, gələcəkdə olan bir təşkilatdır. Onun ŞƏT-dən kənar heç bir ölkəyə zərbə endirmək səlahiyyəti yoxdur. Qərb ittifaqları ilə müqayisədə başqa ölkələrə qarşı sanksiyalar tətbiq edə bilməz. Potensial düşmənə qarşı ŞƏT kağız təşkilatdır və digər ölkələrə təzyiq göstərmir və blok nizam-intizamı ilə bağlı deyil. ŞƏT-in funksiyalarına Qərblə qarşıdurma daxil deyil. Bu, münaqişə qrupu deyil. ŞƏT NATO və ya hər hansı digər hərbi bloklara əks çəki deyil. O, əvvəllər dediyimiz kimi, iki sistemin rəqabətini təcəssüm etdirir. Hansı sistem daha cəlbedici olacaq: qlobal Cənub sistemi və ya qlobal kollektiv Qərbin daralan qüvvələri – söhbət bundan gedir”.
Lomanov hesab edir ki, ŞƏT-dən icrası məcburi olan hər hansı qərar gözləmək olmaz, çünki bu təşkilat təhlükəsizlik, maliyyə, texnologiya sahəsində digər dövlətlərin maraqlarını pozmayan həllər tapmağa yönəlib.
Hiss olunur ki, Lomanov və digərləri Çinin artıq dünyanın ikinci supergücü olması gerçəkliyi ilə daxilən barışmaq istəmirlər.
Çinin isə ikincilikdə, üçüncülükdə gözü yoxdur, o birinciliyə can atır – həm də dava-şavasız, hədə-qorxususiz, sakit və planlı şəkildə.
Araz Altaylı, Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ