Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda kənd təsərrüfatında dron texnologiyasının tətbiqi sürətlə yayılır. Dronlar sahələrin monitorinqi, suvarma sistemlərinin idarə olunması və məhsul vəziyyətinin qiymətləndirilməsində əvəzsiz alətə çevrilib.
Müxtəlif bölgələrdə dronların tətbiqi artıq nəticələrini göstərir. Məsələn, Ucar rayonunda pambıq sahələrində dron vasitəsilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib və ənənəvi metodlara nisbətən daha sürətli və effektiv olub. Gəncə-Qazax bölgəsində isə dronlar sahələrin monitorinqi və suvarma sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunub.
Dövlət də bu texnologiyaları dəstəkləyir. Fermerlər üçün təlimlər təşkil olunur, dron alışı və istifadəsi üçün subsidiya proqramları təqdim edilir. Bundan əlavə, dronlardan toplanan məlumatlar peyk və sensor sistemləri ilə birləşdirilərək əkin sahələrinin daha dəqiq planlanmasına imkan yaradır.
Dronlardan istifadə məhsuldarlığın artırılmasına, resursların səmərəli istifadəsinə və işçi qüvvəsinin daha optimal bölünməsinə imkan verir. Dronlar sayəsində fermerlər əkin sahələrində xəstəlik və zərərvericiləri vaxtında aşkar edə, suvarma və gübrələmə proseslərini optimallaşdıra bilirlər. Bu da həm məhsuldarlığı artırır, həm də resurs israfını azaldır.
Ekoloq Rövşən Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, texnologiyalar iri ölçülü ərazilərin yüksək rezolyusiyalı xəritələşdirilməsində ən uğurlu vasitələrdən biridir:
“Onların köməkliyi ilə əvvəllər yalnız aerofotoşəkillərlə aparılan çəkilişlər indi daha rahat və dəqiq formada həyata keçirilə bilir. Müasir dron texnologiyası bitkilərin suya olan tələbatını müəyyən etmək üçün də tətbiq olunur. Aparılan araşdırmalar göstərir ki, bəzi ölkələrdə dron texnologiyası ilə hətta suvarma prosesi də həyata keçirilir. Bu üsul həm resurslara qənaət edir, həm də məhsuldarlığın artmasına səbəb olur”.
Ekoloqun fikrincə, dron texnologiyası yeni olsa da, kənd təsərrüfatında çox istiqamətli həllər təqdim edə bilər:
“Gələcəkdə bu sahənin daha da təkmilləşdirilməsi gözlənilir. Dronlardan yalnız monitorinq üçün deyil, həm də daşınma vasitəsi kimi istifadə mümkündür. Məhsullar bir yerdən digər yerə asanlıqla daşına bilər. Eyni zamanda fermerlər dərmanlama, süni yağış və suvarma proseslərini də dronlar vasitəsilə həyata keçirə bilərlər. Burada demək olar ki, heç bir məhdudiyyət yoxdur”.
Mütəxəssis bildirib ki, kənd təsərrüfatında dronlardan istifadənin inkişafı fermerlərin işini asanlaşdırmaqla yanaşı, həm də ekoloji dayanıqlığa töhfə verəcək.
Sultan Məmmədli
Musavat.com
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ