Onlayn ictimai-siyasi qəzet
Son günlər Bolt taksi xidmətinin minimal gediş haqqını artırdığı barədə fikirlər səslənir.
Musavat.com bildirir ki, Bolt taksi xidmətindən istifadə edən sərnişinlər bildirirdilər ki, əvvəllər minimal gediş haqqı 2 manat 50 qəpik olduğu halda, artıq qısa məsafəli sifarişlər zamanı 3–4 manatlıq ödənişlərlə qarşılaşırlar. Bu isə ictimaiyyətdə minimal gediş haqqının 3 manat 50 qəpiyə yüksəldiyi qənaətini formalaşdırıb.
Mövzu ilə bağlı Musavat.com əməkdaşı Bolt şirkətinə sorğu ünvanlayıb. Xidmətdən sorğuya cavabda xidmət haqqında dəyişiklik olmadığı bildirilib:
“Bolt” şirkətinin qiymət siyasətində və minimum tariflərdə hər hansı dəyişiklik yoxdur. Qiymətlər dinamik qiymətqoyma prinsipi əsasında formalaşır. Yeni tələb sürətlə artdıqda və sürücülərin sayı kifayət etmədikdə səfərin qiyməti müvəqqəti olaraq yüksələ bilər, balans bərpa olunduqda isə qiymət avtomatik olaraq azalır.
Gediş haqqı baza tarif, məsafə, sərf olunan vaxt və dinamik əmsallara əsasən hesablanır. Səfərin yekun dəyəri marşrut dəyişikliyi, hava şəraiti və ya yol tıxacları kimi amillərə görə dəyişə bilər.
Şirkət əlavə edib ki, sürücülər hər hansı insidentlə bağlı müraciətlərini, eləcə də sərnişinlər qiymətlərlə və ya digər hallarda üzləşdikləri problemləri tətbiq vasitəsilə müştəri dəstəyinə çatdıra bilərlər. Bu, xidmətin keyfiyyəti və təhlükəsizliyinin davamlı olaraq yaxşılaşdırılmasına imkan yaradır.
Mənzər Novruzlu
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ