Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində təşkil olunan brifinqdə Ukrayna münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, Ukrayna prezidenti Volodimir Zelenskini Moskvaya dəvət etdiyini bəyan edib.
Putin bildirib ki, əgər Zelenski görüşə həqiqətən hazırdırsa, belə bir görüş Rusiyanın paytaxtında baş tuta bilər. Prezidentin sözlərinə görə, bu mövzuda ABŞ prezidenti Donald Tramp da ondan xahiş edib:
“Tramp məndən Zelenski ilə görüşməyi istəmişdi”.
Eyni zamanda Putin vurğulayıb ki, Zelenski ilə hazırkı statusunda görüşmək faydasızdır:
“Mən heç vaxt Zelenski ilə görüşü istisna etməmişəm, amma onun indiki statusunda bu, yolun sonudur”.
Rusiya prezidentinin sözlərinə görə, Ukrayna öz təhlükəsizlik sistemini müstəqil şəkildə seçə bilər, lakin bunu Rusiyanın hesabına etməməlidir. O əlavə edib ki, Moskva həmişə Ukraynanın NATO-ya qoşulmasına qarşı olub, lakin Avropa İttifaqına üzvlüyünə yox.
Putin iddia edib ki, Ukrayna ilə bağlı heç vaxt “ərazilər müqabilində təhlükəsizlik zəmanəti” məsələsi gündəmdə olmayıb. Onun sözlərinə görə, Rusiya bu müharibədə ərazilər üçün deyil, insanların hüquqları uğrunda mübarizə aparır. Kremlin rəhbəri referendumlarda verilən qərarların “xalqın iradəsi” olduğunu və bunun “demokratiya” sayıldığını vurğulayıb.
Rusiya lideri xatırladıb ki, hələ 2022-ci ildə Moskva Kiyevdən Donbasdan qoşunlarını çıxarmağı tələb edib, lakin Kiyev bu təklifi rədd edib. Putinin fikrincə, Ukraynada ərazilər mövzusu yalnız referendum yolu ilə həll edilə bilər. Bu isə hərbi vəziyyətin ləğvini və seçkilərin keçirilməsini tələb edir.
Putin həmçinin bildirib ki, Rusiya ordusu bütün istiqamətlərdə uğurla irəliləyir və Ukrayna Silahlı Qüvvələri cəbhədə yaranan boşluqları doldurmağa çalışır. O, Ukrayna böhranının həllində “tunelin sonunda işıq” gördüyünü, lakin lazım gələrsə, qarşıya qoyulan məqsədlərin hərbi yolla da həyata keçiriləcəyini deyib.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ