Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatında ciddi siyasi böhran yaranıb.
Məhkəmə 2023-cü il 8 oktyabrda keçirilmiş İstanbul İl Konqresinin nəticələrini etibarsız sayaraq ləğv edib. Bu qərarla birlikdə CHP İstanbul İl Başqanı Özgür Çelik və mövcud idarə heyəti vəzifədən kənarlaşdırılıb.
Məhkəmənin qərarına əsasən, CHP-nin İstanbul təşkilatına müvəqqəti rəhbərlik etmək üçün Gürsel Tekin başda olmaqla bir neçə nəfər təyin edilib. Yeni yaradılmış heyətdə həmçinin Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsap da yer alır. Beləliklə, partiyanın İstanbul qanadında idarəetmə faktiki olaraq dəyişdirilib.
Qərarın arxasında partiya daxilində uzun müddətdir davam edən fraksiya savaşlarının olduğu qeyd olunur. İstanbul İl Konqresi CHP daxilində mühüm siyasi çəkişmələrin mərkəzi hesab edilirdi. Qurlultayda Özgür Çelikin qalib gəlməsi və təşkilata rəhbərlik etməsi əsasən partiya rəhbərliyi ilə yaxınlığı ilə izah olunurdu.
Lakin müxalif fraksiya, qurultayda ciddi prosedur pozuntularına yol verildiyini bildirərək nəticələrin məhkəmə tərəfindən ləğvini tələb etmişdi. Məhkəmənin son qərarı isə həmin iddiaları təsdiqləyib.
CHP-də son aylarda müşahidə edilən gərginlik yalnız İstanbul təşkilatı ilə məhdudlaşmır. Partiya daxilində “Özgür Özel xətti” ilə “Gürsel Tekin xətti” arasında mübarizə davam edir. Özgür Çelik tərəfdarları partiya rəhbərliyinə yaxın fraksiyanı təmsil edir, Gürsel Tekin isə illərdir partiya içində fərqli mövqedə dayanaraq daha çox müstəqil xətti ilə tanınır.
Siyasi müşahidəçilərə görə, İstanbul təşkilatının yenidən formalaşdırılması təkcə yerli səviyyədə deyil, CHP-nin ümumi siyasi xəttinə də təsir edə bilər. Çünki İstanbul partiya üçün ən mühüm siyasi mərkəz sayılır və burada yaranmış böhran gələcək seçkilərə hazırlıq prosesində partiyanın gücünü zəiflədə bilər.
Məhkəmənin qərarı sosial şəbəkələrdə və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. CHP rəhbərliyi hələlik rəsmi reaksiya verməsə də, partiya daxilində yeni parçalanmaların yaşanacağı gözlənilir. Analitiklər bu addımı CHP-dəki daxili demokratik böhranın və güc savaşlarının daha da kəskinləşməsi kimi qiymətləndirirlər.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ