İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev-Putin salamlaşması və Pekin paradı: İlham Əliyev, Mehriban Əliyeva Çində Azərbaycana nə qazandırdı?

Çində keçirilən hərbi paraddan əvvəl Azərbaycan və Rusiya liderləri salamlaşıb; vitse-spiker: “Möhtəşəm paradda  iştirakdan millətimiz yalnız qürur duya bilər” 

Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib. Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədri Si Cinpin qoşunların baxışını tamamladıqdan sonra parad bölmələri Pekinin Tiananmen meydanında hərəkətə başlayıb. Çinin paytaxtı Pekindəki Tiananmen meydanında keçirilən paradı 24 ölkənin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva izləyib.

Paradda 10 mindən çox insan iştirak edib, yüzlərlə təyyarə və digər hərbi texnika nümayiş olunub. Tamaşaçılar burada Çin istehsalı olan qabaqcıl raket texnologiyaları, tanklar, təyyarələr və pilotsuz sistemləri görə biliblər. Xüsusilə PLA Hərbi Hava Qüvvələri yeni nəsil təyyarələrin bir neçə növünü nümayiş etdirib, onlardan bəziləri ilk dəfə geniş ictimaiyyətə təqdim olunub. Çin ordusu Pekində keçirilən paradda məhvetmə radiusu bütün planeti əhatə edən “DF-5C” strateji qitələrarası nüvə raketini təqdim edib. Parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-31" və "DF-61" təqdim olunub.

Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətləri başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Birinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Pekində olan Azərbaycan Prezidenti İlham Əliyev parad öncəsi iştirakçı dövlət başçıları ilə qeyri-rəsmi söhbətlər aparıb. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti dövlət başçısı həmkarları ilə ünsiyyətdə olarkən binaya Rusiya Prezidenti Vladimir Putin daxil olub. Onlar salamlaşdıqdan sonra digər dövlət başçıları ilə ünsiyyətə davam ediblər.

Qeyd edək ki, paraddan əvvəl Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən dövlət başçılarının görüşməməsi Rusiya və Azərbaycan mediasının diqqətini cəlb edib.

Professor Musa Qasımlı: Azərbaycan dövləti daim vətəndaşının yanındadır -  AZƏRTAC

Musa Qasımlı 

Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, İkinci Dünya müharibəsində Avropada faşist Almaniyası və Uzaq Şərqdə militarist Yaponiyası üzərində qələbənin qazanılmasında  Azərbaycan xalqı müstəsna rol oynayıb: “1945-ci il sentyabrın 2-də ABŞ-nin Sakit okeandakı "Missuri" xətt gəmisində Yaponiyanın təslim olması haqqında aktın imzalanması ilə İkinci Dünya müharibəsi başa çatıb. Müharibənin sona çatmasının 80 illiyi münasibətilə Pekində keçirilən hərbi paradda cənab Prezidentimiz İlham Əliyevin iştirakı  tarixi əhəmiyyət daşımaqla,  həm tarixi keçmişə, həm İkinci Dünya müharibəsi illərində həlak olmuş azərbaycanlıların ruhuna ehtiramdır, həm də müasir şəraitdə neofaşizmə, neonasizmə və revanşizmə qarşı mübarizədə bərabər olmağın vacibliyini göstərir. Dünya müharibəsində azərbaycanlıların iştirakı və qəhrəmanlığı bir neçə sahədə olub: sovet ordusu sıralarında ön cəbhədə vuruşublar; arxa cəbhədə əmək şücaəti göstərərək cəbhəni isti paltar və ərzaqla təmin ediblər; müharibə motorlar müharibəsi olduğundan Azərbaycan neftlə cəbhəni təchiz edib; işğal altındakı ölkələrdə partizan hərəkatında iştirak ediblər; antifaşist müqavimət hərəkatında igidliklər göstəriblər; SSRİ-nin xarici aləmə çıxışı Azərbaycandan keçərək olub, Azərbaycan nəfəslik rolunu oynayıb; beynəlxalq hava xəttində yalnız Bakı-Tehran hava xətti işləyib; Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi lend-liz sistemi ilə alınan silahlar Azərbaycan ərazisindən keçərək cəbhəyə aparılıb; legioner dəstələrində Hitler Almaniyasına qarşı təxribatçılıq fəaliyyətləri aparılıb, aerodromların tikintisi, texnikanın təmiri yubadılıb və s.; kəlmeyi-şəhadəti öyrədərək yəhudiləri ölümdən xilas ediblər və s."

Musa Qasımlı qeyd edib ki, dünya nəhəngi Çinin paytaxtı Pekində keçirilən möhtəşəm paradda dövlətimizin iştirakı ilə millətimiz yalnız qürur duya bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR