İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiyaya qul olmağa gəlmisən" – ruslar axırda Spartakı görəcəklər, özü də komanda şəklində

Rusiyada ilk bariz şəkil alan ksenofobiya və nasizm dalğası hələ 1990-cı i illərin əvvəlinda Voloqda vilayətində kükrəmişdi.

O zaman voloqdalılar mitinqlərin birində “Voloqda ruslar üçündür” pankartı qaldırmış, sonra bu sözü binaların fasadlarına, hasar divarlarına yazmışdılar.

Bu, rusiyalıların “milli mənzillər”ə dağılışan SSRİ xalqlarına, daha dəqiqi, Rusiya ilə müttəfiq olan 14 “qardaş respublika”nın müstəqil dövlət olmalarına ilk reaksiyası idi.

Sonradan bu xətt daha da yoğunladı, əvvəlcə cığıra, sonra enli yola çevrildi. Bir ara Rusiyanı idarə edənlər hər bir reallığı nəzərə alır, nasizmin dövlət siyasətinə çevrilməsinə imkan vermirdi.

Yalnız dövlət strukturlarındakı bəzi nasist elementlər (deputatlar, qubernatorlar, bu ranqdan olan məmurlar) öz sərəncamlarında neo-nasist qruplar saxlayırdılar. Özlərini “qırxıqbaş” adlandıran və “rus nasizmi”ni körükləyən bu dəstələr miqrantları döyür, təhqir edir, öldürürdülər.

Ancaq onlar həm də dövlət üçün təhlükə kəsb edən kriminal qruplar olduqları, zaman-zaman əndazələrini aşdıqları üçün cilovlandılar. Birincisi, onların etdikləri cinayətlər cəzalandırılmalarını qaçılmaz edirdi, ikincisi, o dönəmdə Rusiyaya dünyada şovinist ölkə kimi tanınmaq sərf etmirdi.

Vaxt gəldi, ksenofobiya və nasizm Rusiyada açıq şəkil aldı. Artıq bir çox deputatlar, yüksək mənsəbli məmurlar, elm, sənət, din adamları ard-arda “rus xalqının möhtəşəmliyi”ndən, “keçmiş əzəmətini bərpa etməsi”inin zəruriliyindən danışmağa başladılar və bu ovqat xalqın mühüm bir hissəsinə sirayət etdi.

Bu gün Rusiyada nasizm mərəzinə yoluxanların sayı ötən əsrin 30-cu illərinin ikinci yarısında Almaniyada nasizmə “könül verənlər”in sayından az deyil.

Ona görə də dünən peşəkar mediada və sosial şəbəkələrdə yayılmış videoda gənc və cantaraq bir rusun özbək əsilli taksi sürücüsünə qarşı aqressiv çıxışı, anqıra-anqıra özbəkləri “rus xalqının köləsi” adlandırması təsadüfi deyil.

Ruslar həqiqətən də kütləvi şəkildə belə düşünürlər. Onlar təkcə özbəkləri deyil, keçmiş SSRİ-yə daxil olan və hələ də Rusiyanın tərkibində yaşayan qeyri-rusları məhz özlərinə qul-kölə bilirlər.

Hazırda Rusiya liderlərinin bütün postsovet ölkələri (Belarus da daxil olmaqla) ilə açıq-gizli intriqasının, üz-göz olmasının başlıca səbəbi budur ki, Kreml keçmiş SSRİ məkanında qul itaətsizliyi görür.

Artıq bunu heç kəs gizlətmir, özünü rus ideyasının müəllifi sayan Duqin necə fikirləşirsə, qoluna qolay sandığı özbək taksistin üstünə şeşələnən gənc nasist də elə düşünür və düşüncələrini açıq şəkildə dilə gətirir.

Əslində bu gənc ona görə bu qədər aqressiv və qorxusuz-ürküsüzdür ki, hərəkətlərinin bəd əməl olduğunu bilsə də, buna görə cəza almayacağına əmindir. Üstəlik, o, qarşısındakını özündən zəif və hüquqsuz gördüyü üçün bu qədər ötkəmdir. Onun qarşısında özü boy-buxunda və dəlisov birisi olsaydı, əmin olun ki, o, bu dillə danışmazdı, danışsaydı da, qulağının dibində aldığı ilk şapalaqdan sonra özünü yığışdırardı.

Fəqət gözüqıpıq edilmiş və qarşısındakını daha sərt hərəkətlərə sövq etməmək üçün susan özbək sürücünün köməyinə kimsə gəlmir, nə də o özü bu hikkəli nasisti öz yanından cəzalandırıb türməyə düşmək istəmir. Adam başa düşür ki, bura onun ölkəsi deyil və o, tezliklə bu ölkədən getməlidir ki, başının salamatlığını qorusun.

70-ə yaxın etnik qrupun (onların toplam sayı on milyonlarladır) yaşadığı Rusiyada “rus nasizmi” bu qədər şiddətlənibsə, bu, heç kəsə, o cümlədən rusların özünə yaxşı gələcək vəd etmir, faciələr, iflas, aşınma, dağılma vəd edir.

Çünki dünyanın indiki vaxtında quldarlıq quruluşunun 200 il öncədən sıradan bir çıxdığı dövrdə başqa millətləri qul-kölə etmək niyyəti baş tutan deyil.

Əgər bu niyyətdə olan ruslar başqa xalqların, respublikaların qul kimi işləyərək, onları saxlayacaqlarını, ağa gözündə görərək, itaət edəcəklərini gözləyirlərsə, bu, elə olmayacaq. “Qullar dünyası” etiraz edəcək və onların intiqamları ağır olacaq. Bir gün ruslar qarşılarında Spartaklar görəcəklər və onlar özlərini eyni adlı futbol komandasının başdanxarab fanatları kimi aparanda gec olacaq.

Voloqdanın, Penzanın, Yaroslavlın, Yekaterinburqun “sırf ruslar üçün” olmasını təmin etmək, bütün miqrantları ölkədən qovmaq və ya nasist Almaniyasındakı kimi gettolara doldurmaq çətin deyil, amma hamının ağa olduğu Kostromada inəkləri sağan olmayacaq.

Kostroma söhbəti havadan götürülməyib. Bu vilayət ərazisinə görə Niderlanddan böyük yerdir. Niderlandın ərazisi 41 min, Kostromanınkı isə 60 min kvadrat kilometrdir. Ancaq Niderlandda 18 milyon insan rifah içində yaşayır, Kostromada isə yarım milyon insan, demək olar ki, rəzil gündədir. Üstəlik, tərk burada edilmiş yüzlərlə kənd və qəsəbələr var.

Miqrantlar da Rusiyadan “uğurlu şəkildə” qovulandan sonra bu azman ölkənin torpaqlarını kim əkəcək, kim becərəcək, bu ərazilərdə kim yaşayacaq? Bəlkə ruslar gedib Hindistandan, Şimali Koreyadan “yeni qullar” gətirəcək?

Onlar ilk başda bəlkə də belə edə bilərlər, amma bunun ömrü cəmi qırx gün çəkər.

Şimal qonşumuzun işi gerçəkdən də Allaha qalıb. Bu hirs-hikkə, hiddət-qəzəblə onun axırı yaxşı görünmür. Ataların tünd sirkənin öz qabına nə etməsi barədə müdrik kəlamı var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR