Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Pekində mətbuat konfransında Azərbaycanla bağlı açıqlama verib.
“Ölkələr arasında hər zaman cari vəziyyətdən və siyasi konyunkturadan irəli gələn suallar yaranır. Problemlər var. Bu gün Prezident İlham Əliyevlə və xanımı ilə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Rusiya və Azərbaycan arasında fundamental münasibətlər və bunun inkişafı üçün qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya prezidentinin məlum açıqlaması Kreml təbliğatçılarının ölkəmizə qarşı ritorikasından fərqlənir. M.Məmmədlinin fikrincə, bu açıqlamanı müəyyən mənada Azərbaycana ünvanlanan müsbət mesaj kimi dəyərləndirmək olar:
“Düşünürəm ki, Rusiya hakimiyyətindəki müəyyən dairələr anlayırlar ki, Rusiyanın indiki vəziyyətində Azərbaycan kimi geo-strateji əhəmiyyəti olan ölkə ilə münasibətləri korlamaq Rusiyanın maraqlarına uyğun deyil. Münasibətlər qırılma nöqtəsinə çatacağı təqdirdə bu Rusiyanın post-sovet məkanı, Cənubi Qafqaz ilə bağlı strategiyasına çox ciddi zərbə vuracaq. Rusiya prezidentinin məlum açıqlaması iki ölkə arasındakı problemləri aradan qaldırmaq üçün kifayət deyil. Bu problemlərin həlli ilə bağlı Rusiya prezidenti konkret addımlar atmalıdır. Azərbaycanın əsas gözləntisi ondan ibarətdir ki, Rusiya hakimiyyəti Rusiyadan qaynaqlanan problemlərin həlli ilə bağlı konkret addımlar atsın. Azərbaycana məxsus mülki təyyarənin vurulması ilə bağlı gözləntilərimiz nəinki, doğrulmadı, əksinə, ölkəmizə qarşı müxtəlif səviyyələrdə hücumlar artıb. Bu da təbii ki, münasibətlərin korlanmasına səbəb olub. Kreml ayıq başla düşünməli, ölkəmizlə bağlı rasional qərarlar verməlidir. Əgər Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirlərsə, problemlərin aradan qaldırılması istiqamətində praktiki addımlar atılmalıdır. Əks halda, Rusiya hakimiyyətinin müəyyən mesajı fonunda ölkəmizə qarşı hücumların-kiberhücumların, Azərbaycan əsilli miqrantların sıxışdırılması və s. kimi cəhdlərin edilməsi hətta Rusiya prezidentinin açıqlamasını da əhəmiyyətsiz edəcək. Rusiya hakimiyyəti iki ölkə arasındakı problemləri aradan qaldırmaq üçün Azərbaycanla bağlı münasibətlərə yenidən nəzər salmalıdır”.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşmasına mühüm töhfə ola bilər.
SİTAT: “Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində vacib addımdır. Məsələ 22 avqustda Həştərxanda keçirilən Rusiya–Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında ətraflı müzakirə olunub və Azərbaycan nümayəndə heyətinə Rusiyanın mövqeyi çatdırılıb. 3, 14 və 23 iyul tarixlərində konsulluq əməkdaşları Bakıda saxlanılan rusiyalıları ziyarət edib. “Dördüncü görüş üçün müraciət göndərilib, lakin Azərbaycan tərəfi hələlik buna razılıq verməyib”, deyə XİN rəsmisi əlavə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ