Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfəri başa çatdı. Bu işgüzar səfərinin mühüm məqamlarından biri də Pekində yapon işğalına qarşı Çin xalq müqavimətinin və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycanın da dövlət başçısı səviyyəsində təmsil olunması idi.
Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məşhur Tiananmen Meydanında ÇXR-ın Sədri Si Cinpin tərəfindən rəsmi qarşılanmadan sonra tribunadan paradı izlədilər. Bu da təbii ki, ilk növbədə o anlama gəlir ki, İkinci Dünya müharibəsində alman faşizmi və onun müttəfiqləri üzərində Qələbənin qazanılmasında Azərbaycanın da töhfəsi mühüm tarixi fakt kimi qəbul olunur.
Bu səfəri Musavat.com-a dəyərləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Azərbaycanın “qara qızıl”ı - Bakı nefti bu müharibənin nəticələrində həlledici rol oynadığı kimi, azərbaycanlılar da alman faşizminə qarşı mübarizədə fəal iştirak ediblər: “Faşizm üzərində Qələbənin qazanılması uğrunda 300 mindən çox azərbaycanlı qəhrəmancasına döyüşərək həlak olub. Azərbaycan Pekində keçirilən hərbi paradda qalib ölkə kimi təmsil olunurdu. Prezident İlham Əliyev Pekin paradında qalib lider və sülh təşəbbüskarı kimi iştirak etdi. İlham Əliyevin bu paradda iştirak etməsi, Cənubi Qafqazda bütün qlobal geosiyasi oyunları pozan və sülhü bərqərar edən bir ölkənin lideri kimi onun təbii haqqı idi. Çin lideri Si Cinpin hərbi paradda çıxışı zamanı dünya ictimaiyyətinə göndərdiyi mesajında bildirdi ki, bəşəriyyət bu gün “sülh və müharibə, dialoq və qarşıdurma, qarşılıqlı faydalı əməkdaşlıq və ya cəmi sıfıra bərabər olan oyun” arasında seçim etməlidir. Cənubi Qafqaz da məhz Ermənistanın işğalçı siyasətinin və onun havadarlarının beynəlxalq hüquqa zidd mövqeyinin ucbatından uzun müddət belə bir seçim qarşısında qalmalı olmuşdu. Lakin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Qələbə bölgəyə sülh və sabitlik gətirdi.
Bu gün məhz Azərbaycanın davamlı sülh səylərinin nəticəsində Ermənistan da sülh yolunu seçməli olub. Son 5 ildə sülh danışıqlarını hər vasitə ilə yubatmağa çalışan Ermənistan tərəfi rəsmi Bakının çevik diplomatiyası nəticəsində sonda sülhə məcbur edildi. Avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan razılaşmalar sülh prosesinin dönməz xarakter almasında həlledici rol oynadı. Beləliklə, bu gün Azərbaycan bölgədə həm sülhün təşəbbüskarı, həm də qarantı kimi tanınır.
Bayden administrasiyası dönəmində liberal-qlobalist dairələrin ABŞ-dan və Fransadan Azərbaycan əleyhinə apardıqları çirkin təbliğat kampaniyası və informasiya hücumları da iflasa uğradı. Vaşinqton görüşü və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitinin uğurlu nəticələri onu göstərdi ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş və regional lider kimi qəbul olunur. Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verməklə yanaşı, regionumuzda sabitliyin möhkəmlənməsi və iqtisadi tərəqqinin sürətlənməsində də mühüm rol oynayacaq”.
Cavanşir ABBASLI
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ