İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA: “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”

Günlərdir ki, valideynlərini itirən yeniyetmənin xalası tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurub.

Musavat.com-un məlumatına görə, bu barədə “Qadın və Uşaq Sığınacağı” sosial şəbəkələrdə görüntülər yayıb. Qeyd olunur ki, 14 yaşlı uşaq uzun müddət xalası tərəfindən dəfələrlə fiziki və psixoloji zorakılığa məruz qalıb. Anası dünyasını dəyişib, atası isə həbsxanada vəfat edib. Qəyyumluğa verilən uşaq xalası Günay Novruzova tərəfindən işgəncələrə məruz qalıb.

Məlumata əsasən, məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "əzab vermə" maddəsi ilə cinayət işi başlanıb. Günay Novruzova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib (qafqazinfo). Hazırda yeniyetmə tibb müəssisəsinə yerləşdirilib və vəziyyəti nəzarətdə saxlanılır.

Yalnız bu hadisə deyil, zaman-zaman valideynləri tərəfindən uşaqların işgəncələrə məruz qaldığının şahidi olmuşuq. Bəs bu kimi hadisələr cəmiyyətə hansı mesajı ötürür? Yaxınına işgəncə verən şəxs nə kimi psixoloji xəstəlikdən əziyyət çəkir? Belə şəxsləri necə ayırd etmək olar?

Mövzu ilə bağlı psixoloq Ülviyyə Murtuzova Musavat.com-a açıqlama verib. O bildirib ki, bu kimi hadisələr psixi pozuntuların və sosial travmaların nəticəsidir:

WhatsApp Image 2025-09-04 at 16.14.12.jpeg (55 KB)

“Valideynlərini və yaxınlarını itirmiş, qəyyumluğa verilmiş uşaqlara qarşı edilən zorakılıq halları onu göstərir ki, belə şəxslər ciddi psixi problemlərdən əziyyət çəkirlər. Sağlam düşüncəyə malik, özünü idarə edə bilən bir insan belə qəddar hərəkətə yol verə bilməz. Bu, bəzən cəmiyyətə qarşı yaranmış kin və nifrətin təzahürü olur – sanki kimlərsə öz həyatından narazıdır və bunun əvəzini uşaqlardan çıxır”.

Psixoloqun fikrincə, zorakılıq edən şəxslər sadəcə cəzalandırılmaqla düzəlmir:

“Əgər bir insan psixi xəstədirsə, ona sadəcə cəza vermək çıxış yolu deyil. Belə insanlar mütləq şəkildə psixoloji və tibbi reabilitasiyaya cəlb edilməlidirlər. Əks halda, həbsdən çıxdıqdan sonra eyni və ya daha ağır cinayətləri yenidən törədə bilərlər. Bu hallar yalnız mütəxəssis nəzarəti altında müalicə və dərmanlarla düzələ bilər”.

O, eyni zamanda zərərçəkmiş yeniyetmənin də ciddi psixoloji yardım almalı olduğunu bildirib:

“Bu uşaq valideynlərini itirib – anası vəfat edib, atası həbsdə dünyasını dəyişib. Bu artıq özlüyündə böyük bir psixoloji travmadır. Üstəlik, ən yaxın qohumu olan xalası tərəfindən də işgəncəyə məruz qalıb. Onun psixoloji vəziyyəti darmadağındır. Bu yeniyetmənin mütləq peşəkar psixoloqlar tərəfindən dəstək alması vacibdir. O, cəmiyyətə qorxu və təşviş hissi olmadan yenidən adaptasiya edilməlidir”.

Ülviyyə Murtuzova sonda qeyd edib ki, belə hallarda yalnız ictimai qınaq və cəza ilə kifayətlənmək olmaz. Peşəkarlar, xüsusilə psixoloqlar və sosial işçilər bu prosesə könüllü şəkildə cəlb olunmalı, uşaqlara dəstək verilməlidir: “Şəxsən mən öz adımdan deyə bilərəm ki, əlimdən nə gəlirsə, bu uşağın psixoloji reabilitasiyası üçün etməyə hazıram”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR