Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfrasında Moskva ilə Bakı arasında münasibətlərin vəziyyətini şərh edib.
Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud və ya hansısa siyasi vəziyyətə əsaslanan bəzi suallar yaranır, problemlər var:
“Lakin mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”.
Siyasi şərhçilərin fikrincə, Putin açıq şəkildə etiraf edir ki, Rusiya–Azərbaycan münasibətlərində müəyyən problemlər və “sual doğuran məqamlar” var. Bu, bir tərəfdən Moskvanın Bakı ilə dialoqunda bütün məsələlərin hamar olmadığını göstərir. Digər tərəfdən isə Putin “fundamental münasibətlər” və “qarşılıqlı maraqlar” vurğusu ilə mesaj verir ki, bu çətinliklər müvəqqəti xarakter daşıyır və strateji tərəfdaşlığın əsaslarını dəyişməyəcək.
Azərbaycan artıq Qərb və Türkiyə ilə münasibətlərini daha da yaxınlaşdırır. Rusiya isə çalışır ki, Bakı ilə strateji əlaqələrdə balans pozulmasın.
Bundan başqa, Moskva Azərbaycanı həm Cənubi Qafqazda sabitlik faktoru, həm də enerji dəhlizlərinin vacib həlqəsi kimi görür. Siyasi şərhçilər bildirir ki, ona görə də Putin vurğulayır ki, maraqlar uzunmüddətli perspektivdə üstün gələcək.
Ümumiyyətlə, diplomatiyada bu tip ifadələr - “problemlər var, amma fundamental münasibətlər güclüdür - adətən tərəflər arasında açıq böhranın olmadığını, sadəcə müəyyən fikir ayrılıqlarının mövcudluğunu göstərir. Bu, tərəfdaş ölkələrə “narahat olmayın, münasibətlər qopmayacaq” mesajıdır.
Bəs “Fundamental münasibətlər” ifadəsi ilə Rusiya Prezidenti konkret olaraq nəyi nəzərdə tutur? Azərbaycanın çoxvektorlu siyasəti Rusiya ilə münasibətlərdə hansı risklər və hansı üstünlüklər yaradır? Putinin açıqlaması Rusiyanın bölgədə mövqeyinin zəifləməsinin etirafı kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Pekində mətbuat konfransında Azərbaycanla bağlı açıqlamasında iki ölkə arasında münasibətlərində ciddi sualların olduğunu ilk dəfə etiraf edib:
“Putinin bu suallar barədə detallı danışmadan “Rusiya və Azərbaycan arasında fundamental münasibətlər və bunun inkişafı üçün qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsi ikibaşlıdır. Rusiya Prezidenti sanki bununla iki ölkə arasında illər uzunu formalaşan isti münasibətlərə eyham vurur, o biri tərəfdən “qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsiylə münsibətlərdəki gərginliyə görə məsuliyyətdən uzaqlaşmağa çalışır”.
Politoloqun fikrincə, münasibətlər öz-özünə yoluna qoyula bilməz. Putin raketlə vurulan təyyarə olayına aydınlıq gətirməlidir:
“O, bu məsələni araşdırmağı lazım bilmirsə, siyasi münasibətlər necə əvvəlki axarına qayıda bilər? Birinci addımı Putin atmalıdır. Ancaq o bu addımı atmağa hələ hazır deyil, əks halda azərbaycanlı həmkarı İlham Əliyevlə Pekində salamlaşmadan əlavə müzakirə də aparmağı da lazım bilərdi. Putinin açıqlamalarından bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın brifinqdə “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər” söyləməsi Kreml sahibinin əsl niyyətini ortaya qoyub. Sən demə, Putin İlham Əliyevin ilk addım atmasını gözləyir”.
Xalidə Gəray
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ