İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda Rusiya Pravoslav Kilsəsinin başçısının ölkəyə buraxılmaması tələb olunur

Qazaxıstanda “Demos” adlı ictimai birliyin rəhbəri Turar Kusainov Senatın sədrinə müraciət edərək, patriarx Kirillin Qazaxıstana buraxılmamasını tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan mediasında məlumat yayılıb.

Kusainovun fikrincə, rusiyalı dini rəhbərin Astanada keçiriləcək dünya və ənənəvi dinlər liderləri qurultayında iştirak etmək üçün mənəvi haqqı yoxdur.

Kusainov üçün patriarx Kirillə giriş qadağası — əxlaq və mənəviyyat məsələsidir. O, Senat sədrinə müraciətində Rusiya pravoslav kilsəsinin başçısını “rixada siyasi təbliğatçı” adlandırıb, təhlükəli və dağıdıcı şəxs kimi xarakterizə edib. Çünki patriarx Kirill açıq şəkildə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara xeyir-dua verir. Kusainov əlavə edib ki, dünya və ənənəvi dinlər liderləri qurultayında təcavüzün tərəfdarına yer yoxdur.

“Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə onun gurultulu dəstəyi, dəfələrlə dediyi, ukraynalıların öldürülməsini “ruhani missiya” ilə əsaslandıran bəyanatları mahiyyətcə dini pərdəyə bürünərək zorakılığı əsaslandıran cihadçı təşkilatların ritorikasından fərqlənmir. Daha da betəri, o, pravoslav ukraynalıların — öz iman qardaşlarının öldürülməsi üçün istifadə olunan silahları xeyir-dua verir. Bu mövqe dinin mahiyyətini kobud şəkildə təhrif edir və qurultayın ruhuna tamamilə ziddir”, – deyə o bəyan edib.

Kusainov Rusiyanın Qazaxıstandakı konsulluğu və Almatıdakı Aleksandr Nevski məbədi qarşısında təkadamlıq piketlər keçirməyi planlaşdırıb. O, şəhər akimətinə müraciət edib, lakin ona imtina cavabı verilib. Senat sədri Maulen Aşimbayev Qogam News-a müsahibəsində bildirib ki, Qazaxıstan hakimiyyəti Astanadakı qurultayda Rusiya Pravoslav Kilsəsi başçısının iştirakını səbirsizliklə gözləyir və bunu ev sahibi tərəf üçün böyük şərəf adlandırır. Onun sözlərinə görə, din xadimləri sülhdən danışacaqlar.

“Əgər desəm ki, onların hamısı müstəqildir, bu, həqiqət olmaz. Amma həqiqi dini liderlər, əlbəttə ki, ilk növbədə Allaha xidmət edir, insanlara xidmət edir, öz missiyalarına xidmət edirlər”, – deyə Aşimbayev qeyd edib.

Qazaxıstan yeparxiyasının keçmiş iyeromonaxı İakov Vorontsov isə patriarx Kirillin sülhdən danışarkən eyni zamanda rusları müharibəyə xeyir-dua verməsini absurd adlandırır. Lakin o hesab edir ki, respublika prezidentinin dəvət etdiyi RPK başçısının səfərini boykot etmək lazım deyil. Onun fikrincə, qurultayda qarşıdurma bütün ölkəyə zərər verə bilər. Bundan əlavə, ata İakov Qazaxıstanda Rusiya pravoslav kilsəsinin çoxsaylı icmasının olduğunu xatırladır.

“Qazaxıstanda minlərlə vətəndaş üçün patriarx Kirill dini liderdir. Bəzi, hətta bəlkə də bir çoxları onun prokreml, müharibə tərəfdarı mövqeyini bölüşməsələr belə, o, onların mənsub olduqları Müstəqil Kilsənin başçısıdır. Mən bizim pravoslav vətəndaşlarımızın hisslərinə hörmət etməyə çağırıram...Mən antımüharibə baxışlarımdan imtina etmirəm, müharibənin dini əsaslandırılmasını və pravoslav xristianlığın hərbiləşdirilməsini qınayıram, ədalətli sülhün gəlməsi üçün dua edirəm, Ukraynanı sevirəm”, – deyə Vorontsov yazıb.

Eyni zamanda Turar Kusainov Senat sədrinə müraciətində vurğulayıb ki, Moskva patriarxı Qazaxıstana sülh carçısı kimi yox, müharibə ideoloqu statusunda gəlir. Bu halda susmaq — Rusiyanın Ukraynada həyata keçirdiyi təcavüz nəticəsində qurbanlara çevrilən insanların öldürülməsində şərik olmaq deməkdir. Onun fikrincə, Qazaxıstan qətl və dağıntıları əsaslandıranlar üçün tribunal olmamalıdır. Kusainov müraciətinə cavab almayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR