Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyanın Amur vilayətində qəzaya uğrayan AN-24 tipli sərnişin təyyarəsinin görüntüləri artıq sosial şəbəkələrdə yayılıb.
Videoda dağlıq və əlçatmaz ərazidə təyyarənin dağıntıları aydın görünür. Kadrlarda qəzanın miqyası və dağıntının böyüklüyü faciənin nə qədər dəhşətli olduğunu əyani şəkildə göstərir.
Məlumata görə, təyyarənin ekipaj üzvləri İrkutsk vilayətinin sakinləri olub. Bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev açıqlama verib.
Fövqəladə xidmətlərin məlumatına əsasən, xilasedicilər hadisə yerinə çatmaq üçün təxminən bir saata ehtiyac duyurlar, çünki qəza Tındı şəhərindən 15 kilometr aralıda, dağlıq və çətin keçilən ərazidə baş verib.
Qeyd edək ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub. İlkin məlumatlara əsasən, təyyarədə sağ qalan yoxdur. Hava müşahidəsi nəticəsində sağ qalan aşkarlanmayıb, lakin yerüstü axtarışlar davam etdirilir.
Qəzanın səbəbləri ilə bağlı istintaq aparılır. Hadisə Rusiyada geniş rezonans doğurub.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ