Onlayn ictimai-siyasi qəzet
Mixail Qusmanın TASS dövlət agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsinin səbəbi rəsmən açıqlanmır və zənnimcə, buna xüsusi ehtiyac da qalmayıb. Bu sərəncamın altında baş nazir Mixail Mişustinin imza olsa da, aydındır ki, qərarı Kremllə razılaşdırıblar.
Qusmanın 75 yaşı var, onun kimi peşəkar və sağlamlığında xüsusi problem olmayan jurnalistlə yola bəlkə də daha bir neçə il davam etmək olardı. Amma onu işdən məhz indi qəsdən, həm Rusiyada, həm Azərbaycanda doğuracağı reaksiyanı da bilərəkdən uzaqlaşdırdılar. Əvvəlki illər olsaydı belə qərarlara Kremlin “dobro” verməsinə ehtiyac olmazdı, amma indi bu siyasi qərardır. Şübhə yoxdur ki, onun Xankəndidə dediklərini Putin də izləyib. Sonra da qərar verib ki, Qusmana daha Rusiyanın informasiya siyasətində yer yoxdur.
Mişustin həmin gün Moskvada, yəni Hökumət Evində deyildi, hətta paytaxtdan bir neçə min kilometr uzaqda-Altayda idi. Onun imzasının təcili bu sərəncama yazılması da göstərir ki, Kreml Qusmana bərk qəzəblənib.
Bəzi ehtimallara görə, Qusmanın özünün dediyi kimi “40 il əvvəl olduğu şəhərə”, həm də guya ermənilərin hələ də “mübahisəli hesab etdiyi Xankəndinə” getməsi, üstəlik Rusiyanın ekstremist kimi damğaladığı ukraynalı jurnalist Qordonla bir zalda əyləşməsi Kremlin “səbrini daşırıb.” Guya Azərbaycan Prezidentinin “Ukrayna işğalla barışmamalıdır” və AZAL-ın təyyarəsinin vurulmasına görə Rusiyanı ittiham edən açıqlamasına Qusman reaksiya verməli imiş, bu səbəbdən də Kreml sərt mövqe tutub. Mənin fikrimcə, bunlar əsas səbəb deyil. Əsas səbəb Qusmanın Rusiya hakimiyyəti ilə gərginliyi olan Azərbaycan Prezidentinin regional diplomatik bacarığına verdiyi xüsusi qiymətdir. O sitatları bir daha xatırlayaq: “Bu gün Azərbaycan tamamilə unikal xarici siyasət yürüdür. <...> Bu, dünyada heç də hamının təqdir etmədiyi bir hadisədir. <...> Mən başa düşürəm ki, bunu necə edirsən deyə soruşmaq virtuoz skripkaçıdan skripkada necə çaldığını soruşmaq kimi bir şeydir. Sizin siyasətiniz çoxşaxəli siyasət yürütməyə imkan verən çox aydın, yoxlanılmış siyasi prinsiplərə əsaslanır”.
Krem ondan narazı qalıb ki, Rusiyanın ən tanınmış jurnalist və ictimai-siyasi xadimlərindən biri Azərbaycan Prezidentin məhz diplomatik bacarığına bu cür yüksək qiymət verib. Təəssüf ki, qisasçı və müəyyən qrupların maraqlarının müdafiəçisinə çevrilmiş Rusiya elitasında da bu cür düşüncə hakimdir. “Kim bizdən deyilsə, bizə qarşıdır”. İndi öz kölgələrindən belə şübhələnən, ən xırda tənqidə görə ölkənin ziyalılarına, düşünən beyinlərinə “xarici agent” damğası vurub onların səsini boğan Rusiya hakimiyyəti Qusmana da dözümsüzlük göstərdi. Qusmanın Rusiya, bəlkə İsrail vətəndaşlığı da var. Onun Azərbaycana bağlılığı heç vaxt pislik görmədiyi xalqa, doğulub böyüdüyü Bakıya bir vəfa borcudur. Dedikləri də yüzlərlə diplomat, dövlət xadimi, prezidentlərlə müsahibələr götürmüş təcrübəli jurnalistin gəldiyi nəticədir. Rusiya isə buna da dözə bilmir.
Onun forumda iştirakı və dedikləri Rusiyanın sosial şəbəkələrində millətçilərin kəskin tənqidlərə səbəb olub. İndi o sosial seqmentlərdə əsas hədəf həm də Azərbaycan, onun lideridir, ümumilikdə isə xalqımızdır. Orada Azərbaycanın Rusiyadan üzr və kompensasiya tələbləri az qala “nankorluq” kimi qiymətləndirilir. Təəssüf ki, indi Rusiya ictimai rəyi məhz həmin zərərli və zəhərli qaynaqlardan “qidalanır” və güc alır. Ölkə hakimiyyəti də onların istəklərinə uyğun qərarlar verir. Qusmana münasibət də buna sübutdur.
Qusman özü bu qərar hələ ki heç bir şərh verməyib. TASS agentliyin baş direktoru Andrey Kondraşovu ”Rossiya-24”dən jurnalist kimi çoxları xatırlayır, görünür hələ vicdanını itirməyib, ona görə informasiya agentliyi Qusmana “uzun illər əməyinə görə” təşəkkür məktubu dərc edib.
Azərbaycanın da Qusmana təklifi olmalıdır. Gəlsin, daha öz sevdiyi şəhərdə yaşasın. Burada onun jurnalist kimi zəngin təcrübəsində yararlanmaq da faydalı olar.
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ