İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafale savaşı: Fransa ilə Çin arasında informasiya qarşıdurması  

Fransanın hərbi və kəşfiyyat orqanları, Çin səfirliklərinin may ayında Hindistanla Pakistan arasında baş verən silahlı toqquşmalardan sonra Fransanın əsas döyüş təyyarəsi olan “Rafale” haqqında mənfi fikirlər yayaraq onun beynəlxalq nüfuzunu və satışını sarsıtmağa çalışdığını bildiriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çin səfirliklərindəki müdafiə attaşeləri bu məqsədlə hədəf ölkələrlə xüsusən də İndoneziya ilə gizli görüşlər keçirərək onları əlavə Rafale alımlarından çəkindirməyə və Çin hərbi texnikasını seçməyə təşviq ediblər.

Qeyd edək ki, son zamanlarda Hindistan-Pakistan münaqişəsində Çin istehsalı olan döyüş texnikasının fransız “Rafale”ları ilə müqayisədə daha səmərəli olduğu barədə məlumatlar yayılıb. Pakistan beş Hindistan təyyarəsini vurduğunu iddia edib, onlardan üçünün “Rafale” olduğu bildirilir. Bu, “Rafale” üçün ilk döyüş itkisi sayılır.

Fransanın hərbi rəsmiləri bu iddiaları təkzib etsələr də, Fransa Hərbi Hava Qüvvələrinin komandanı Jerom Bellanjer Hindistanın bir Rafale, bir Su-30 və bir Mirage-2000 itirdiyini təsdiqləyib. Bellanger etiraf edib ki, bu hadisədən sonra “Rafale” alan ölkələr arasında suallar yaranıb.

Fransa bu hadisəni genişmiqyaslı dezinformasiya kampaniyası kimi qiymətləndirir. Kampaniyaya sosial şəbəkələrdə saxta şəkillər, süni intellektlə hazırlanmış vizuallar və hətta videoyüklər daxil edilib. Fransa kəşfiyyatı bildirir ki, minlərlə saxta hesab Çin hərbi texnikasının üstünlüyü barədə məlumatları yaymaq üçün aktivləşdirilib.

Fransa Müdafiə Nazirliyi öz saytında “Rafale”lara qarşı yönəlmiş hücumları “Fransanın müdafiə sənayesi və strateji etibarlılığına qarşı planlı hücum” adlandırıb. “Rafale” yalnız silah yox, həm də Fransa üçün strateji bir hədəf sayılır.

“Dassault Aviation” şirkəti indiyədək 533 Rafale istehsal edib, onlardan 323-ü Misir, Hindistan, Qətər, Yunanıstan, Xorvatiya, BƏƏ, Serbiya və İndoneziyaya ixrac olunub. İndoneziya 42 təyyarə sifariş edib və sayını artırmağı planlaşdırır.

Ekspertlərə görə, Çin bu kampaniya ilə Asiyada Fransa ilə strateji münasibətləri zəiflətməyə, öz silah sənayesini təbliğ etməyə və Qərbin bölgədəki təsirini azaltmağa çalışır. Londonun Kral Müdafiə İnstitutundan Castin Bronkaa görə, Çin “Rafale”ların itirilməsini regionda Fransa texnikasının cazibədarlığını azaltmaq üçün siyasi alətə çevirməyə çalışır.

Pekin bu ittihamları rədd edərək bunları “əsassız şayiə və böhtan” adlandırıb. Çin Müdafiə Nazirliyi bildirib ki, Çin hərbi ixracda həmişə “məsuliyyətli yanaşma” sərgiləyir və “regional və qlobal sabitliyə töhfə verir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR