İnsanlara hürriyət, millətlərə istiqlal!

Riodakı kimi gəzənlərlə Qəndəhardakı tək bürünənlərin qovğası

Bizim bu 9 iqlim qurşağına malik, Avropanın çıxış, Asiyanın giriş qapısı olan ölkəmiz Braziliya və Əfqanıstanın arasındadır.

Dərhal xəritəyə baxmayın, coğrafi mənada demirəm. Əslində coğrafi mənada da elədir, amma arada başqa ölkələr də var və biz adı çəkilən ölkələrlə həmsərhəd deyilik.

Bizim Əfqanıstan və Braziliyanın arasında olmağımız qadınların geyiminə yanaşma məsələsindədir.
Bir xeyli adamdan olsa, qadınlar sırf Əfqanıstandakı kimi geyinər. Kütləvi olmasa da, belə geyinənlər az deyil.

İki o qədər adam da braziliyalı xanımlar kimi geyinməyi vacib sayır. Belə geyinənlər də çoxdur.

Sual oluna bilər ki, nədən dünyadakı başqa ölkələrin yox, Braziliyanın adını çəkirəm. Ona görə ki, braziliyalı kişilər də bizim şövqdədirlər, bir az açıq libas geyən qadın görən kimi coşurlar, amma bizim kimi yanıqlıq etmirlər. Sonra niyəsini yazaram.

Şərq ölkələrindən isə Əfqanıstanın adını ona görə anıram ki, bu ölkə son illərdə qadın-qız məsələsində “xariqələr” yaradır, onlara küçəyə tək çıxmağı, danışmağı, gülməyi, işləməyi, bəzənməyi, müalicə olunmağı, təhsil almağı, bir sözlə, uşaq doğmaqdan başqa hər şeyi qadağan edirlər.

O tərəfdə, Ərəbistanda artıq qadınlara yavaş-yavaş insani hüquqlar verməyə başlayıblar, bu tərəfdə ərəbləri təqlid edənlər isə qadınlara qarşı qadağaları artırırlar.

Bu günlərdə iki sənətçinin arasında geyimə görə qovğa-qalmaqal başlamışdı. Onların hərəsinin tərəfində minlərlə müşahidəçi vardı. Qadın sənətçilərin hərəsi bir qütbdəydi: biri dizi açıq gəzməyi doğru sayırdı, o biri təpədən topuğa bürünməyi. Onların tərəfdarı olanlar da bir-biri ilə söyüşütdülər. “Qızıl orta” deyilən şey yaddan çıxmışdı.

Halbuki ölkəmizin qadınlarının böyük əksəriyyəti məhz “qızıl orta” stilində geyinirlər, nə başdan-ayağa qara geyib, göy örtürlər, nə də şəhərin ortasında, ictimai yerlərdə çimərlik ab-havası yaradırlar.

222111.jpg (27 KB)

Bu sətirlərdən yuxarıda gördüyünüz şəkli sosial şəbəkədə paylaşılmış videodan kəsib götürmüşəm. Bu fotoda qadının sifət cizgiləri də vardı, amma eldən ayıb olduğu üçün ona lüzum olmadı. Həmin videonu başqa bir qadın, özü də şərh verə-verə çəkib, bu görünən şəxsi fahişəlik etməkdə suçlayır və hədələyir ki, görüntüləri DİN-ə, insan alverinə qarşı mübarizə aparan idarəyə göndərəcək.

Məsələnin ən maraqlı tərəfi budur ki, bu qadın da telefonunu çıxarıb onu çəkənin videosunu çəkir. (Allah videoçəkən telefonu icad edənə rəhmət, yoxsa, lənət eləsin, bilmirəm). İndi bu gördüyünüz qadın da çəkdiyi videonu yaysaydı, görərdik, onun çəkişdiyi qadın necə geyinib və o, hansı işlə məşğul olana oxşayır.

Bu yerdə dəli şeytan deyir, bəlkə onlar rəqibədir və bir-birinin territoriyasında işlədikləri üçün qovğa edirlər. Bunu bilmək olmaz, amma qovğa yüz faiz olub. Çünki sözlü mübahisə saçlaşma mərhələsinə keçdiyi yerdə videoçəkiliş üzrlü səbəbdən dayandı. Ta bilmədik kim qalib gəldi: Bakının Rio-de Janeyro kimi olmasını istəyən sinyora, yoxsa paytaxtımızı Qəndəhara çevirmək istəyən övrət.

Bu ölkədə on minlərlə gənc var ki, yüngül geyinən qadınlara “murdar məxluq” deyirlər. Baxırsan ki, gül kimi qızdır, boyu-buxunu, vücudu “dörd-dördlük”dür, di gəl, onları elə adlandırırlar. Əlacları olsa, belə qızları daş-qalaq edərlər – amma zorlayandan sonra.

Eyni zamanda başdan-ayağa bürünən qadınlara ünvanlanan pis sözlər yazan və danışanlar da var. Xüsusilə də keçmişdə Yaxın Şərq ölkələrində uzunmüddətli işgüzar səfərlərdə pul qazanmış, amma bir yerdən sonra başlarını bağlayıb, möminə olmuş qadınlara ikrahamiz münasibət var.

Birdəfəlik anlamaq lazımdır ki, geyim hər kəsin öz işidir. Bir qadının şortik geyməsi və ya türbanla gəzməsi onun öz seçimidir və bu, ətrafdakılara mane olmur. Gözütox, özünü, hisslərini idarə edə bilən kişi üçün bir qadının nə geyməsinin, hətta heç nə geyməməsinin fərqi yoxdur. O, dərhal üzünü döndərib çıxıb gedəcək, marıtlayıb baxmayacaq.

Qadınların açıq geyinməsini qılıncla qarşılayan zatlar isə adətən yanıqlar, gözünü zilləyib baxanlardır. Rio de-Janeyroda o cür geyən qadınlar çox olsa da, onlara marıtlayıb baxanlar, qızmış erkək meymun səsi çıxaranlar ona görə yoxdur ki, qısalibaslılar əlçatandır, əksər halda “gəl, gedək” təkliflərinə “get, gəlirəm” demirlər, gedirlər. Bizdə problem ondadır ki, qısalibaslılar əlçatan deyil, “saf niyyət”lə, “ülvi arzular”la yaxınlaşanlara “get, ananı-bacını apar” deyirlər. Bu isə hiddət doğurur, adamı ağzı ətə çatmayan pişiyə döndərir.

Beləcə, ölkədə qadınların geyimi xüsusunda Qərb-Şərq münaqişəsi var. Aradakı təzad böyükdür. Münaqişə tərəfləri radikaldır. Bu, danışıqlar yolu ilə tənzimlənəcək haqq-hesab deyil.

Adi bir şey: bir qərbli ilə bir şərqli yanaşı, amma üzü o tərəfə dursun, kimsə də arxadan desin ki, “bombaya bax e”. Qərbli elə biləcək ki, söhbət hansısa partladıcı maddədən gedir, şərqli gözəl əndamlı qadın görmək ümidiylə ətrafa boylanacaq.

Bu paralellərdə başqa dərd-sər yoxdur. Bu regionda bütün yollar Romaya, Rioya aparmır, 72 hurinin gözlədiyi məkana aparır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR