İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertlər məmurların hədəfində: bəs qanun kimləri ekspert sayır? 

Son dövrlər ölkəmizdə ekspertlərlə bağlı müəyyən narazılıqlar müşahidə olunur. Xüsusilə də bu hal vəzifəli şəxslərin çıxışlarında və açıqlamalarında özünü göstərir. Onların fikirlərində ekspertlərin fəaliyyəti tənqid olunur, bəzən isə ekspert adının ümumiyyətlə şübhə altına alınması diqqət çəkir. Məsələn, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı bunları bildirmişdi:

"Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?"

Onun sözlərinə görə, sosial mediada fikir bildirmək, status yazmaq hələ ekspert olmaq anlamına gəlmir.

Yaxın günlərdə elm və təhsil naziri Emin Əmrullayev də təhsil ekspertlərini sərt şəkildə tənqid edib. Nazir qeyd edib ki, Elm və Təhsil Nazirliyi üçün təhsil eksperti anlayışı yoxdur.

"Bunu biz yox, siz qəbul etmisiniz. Bizə görə, təhsil mütəxəssisləri və rəy var. Ancaq bu, şantajdırsa, biz bu barədə danışmırıq. Təhsil ekspertləri təhsili daha yaxşı etmir. Onların qaldırdığı problemlər doğrudur. Aralarında hörmət etdiyim şəxslər də var. Amma adam özü-özünə ad qoyub və siz də bunu qəbul etmisiniz. Siz indi həmin adama yenidən ekspert deyəcəksiniz? Şübhə varsa, məsələ budur elə, utanmasan oynamağa nə var ki?", - deyə nazir əlavə edib.

Məmurlar niyə məhz ekspertləri hədəfə alır? Onların qüsurlarını üzə çıxardığına görədirmi, yoxsa həqiqətən də "ekspert" anlayışının özünün daha aydın meyarlara əsaslanması zərurəti var?

GUNAY.jpeg (548 KB)

Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

"Azərbaycan qanunvericiliyində "ekspert" və "mütəxəssis" anlayışları müxtəlif sənədlərdə fərqli şəkildə təqdim olunur. Cinayət və Mülki Prosessual Məcəllələrdə, həmçinin "Məhkəmə-ekspertizası fəaliyyəti haqqında" Qanunda ekspert xüsusi biliklərə malik şəxs kimi göstərilir və yalnız məhkəmə və ya istintaq orqanının qərarı ilə təyin olunur. Onun verdiyi rəy hüquqi sübut hesab edilir və məhkəmə qərarlarının qəbulunda həlledici rol oynayır.

Mütəxəssis isə yalnız texniki yardım göstərən və izah verən şəxsi ifadə edir, onun verdiyi izah sübut sayılmır, köməkçi xarakter daşıyır.

Vergi Məcəlləsində də oxşar bölgü mövcuddur. Ekspert vergi yoxlamalarında maliyyə, mühasibat, daşınmaz əmlak və qiymətləndirmə sahəsində rəy verir. Bu rəy yoxlamanın nəticəsinə əlavə olunur və hüquqi qüvvəyə malik olur.

Mütəxəssis isə sənədlərin hazırlanmasında kömək edir, texniki məsələləri izah edir, amma onun fikri hüquqi sübut kimi qəbul edilmir. Bu anlayışlar mahiyyətcə eyni olsa da, tətbiq sahəsində müxtəlif yanaşmaların mövcudluğunu göstərir və praktikada qarışıqlıq yaradır.

Ən çox müzakirə olunan məqamlardan biri qiymətləndiricinin statusudur. Qiymətləndirici bazar dəyərini müəyyən edir, hesabat tərtib edir və bu hesabat məhkəmə və ya vergi proseslərində hüquqi qərarların qəbuluna birbaşa təsir göstərir. Bu fəaliyyət mahiyyətcə ekspertizadır. Qiymətləndiricini sadəcə mütəxəssis hesab etmək doğru olmaz, çünki o, yalnız məsləhət verən şəxs deyil, hüquqi nəticələr doğuran rəy müəllifidir".

Ekspert vurğulayıb ki, mütəxəssis dedikdə bənna, traktorçu, pambıqçı, realtor, iş icraçısı (prorab), rəssam, heykəltaraş, satıcı və digər praktiki peşə sahibləri nəzərdə tutulur:

"Onların fəaliyyəti əsasən texniki bacarıqlara və praktiki iş icrasına əsaslanır. Bu peşələr dəyərli olsa da, hüquqi baxımdan onların bilikləri sübut xarakteri daşımır.

Qiymətləndirici isə bu sıraya daxil edilə bilməz, çünki o, sadəcə peşə bacarığını tətbiq edən mütəxəssis deyil, hüquqi nəticələr doğuran ekspert rəyinin müəllifidir.

Bundan əlavə, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qiymətləndiricinin məsuliyyətini də xüsusi olaraq tənzimləyir. Qanunun “Qiymətləndiricilərin intizam məsuliyyəti” haqqında 22-ci maddəsinə əsasən, qiymətləndirici qanunun tələblərinə və etik davranış qaydalarına əməl etmədikdə intizam məsuliyyətinə cəlb olunur, fəaliyyət hüququ müvəqqəti dayandırıla bilər.

"Qiymətləndirmə fəaliyyəti həyata keçirilərkən peşə məsuliyyətinin təminatı" haqqında 23-cü maddəyə görə isə qiymətləndirici öz fəaliyyətinin nəticəsində sifarişçiyə və ya üçüncü şəxslərə dəymiş zərəri ödəmək öhdəliyi daşıyır və bunun üçün peşə məsuliyyəti sığortası da nəzərdə tutulur. Bu tələblər göstərir ki, qiymətləndirici yalnız rəy vermir, həm də hüquqi və maliyyə məsuliyyəti daşıyan ekspertdir. Beynəlxalq təcrübə də bu mövqeyi gücləndirir. Avropada ekspert yalnız rəsmi təyinat əsasında rəy verir və bu rəy sübut hesab olunur. ABŞ-də qiymətləndiricilər məhkəmədə "expert witness- ekspert şahid" statusunda çıxış edirlər.

Beynəlxalq Qiymətləndirmə Standartları da qiymətləndiricinin ekspert statusunu vurğulayır. IVS 2025-in "Qiymətləndirmənin əsasları" bölməsinin 30.1 və 50.1-ci paraqraflarında qiymətləndirici obyektiv, qərəzsiz, etik və yetərli ixtisasa malik şəxs kimi tərif olunur. Bu isə qiymətləndiricinin beynəlxalq normalarda açıq şəkildə ekspert funksiyası daşıdığını təsdiqləyir.

Bu gün "ekspert" və "mütəxəssis" anlayışlarının qarışdırılması təkcə terminoloji qeyri-müəyyənlik deyil, həm də praktiki nəticələr doğuran problemdir. Əgər biz qiymətləndiricini mütəxəssis kimi görsək, onun verdiyi rəyin hüquqi gücünü zəiflətmiş olarıq. Halbuki qiymətləndirici sadəcə texniki iş icraçısı deyil, dövlətin və məhkəmələrin qərarlarına təsir edən, hüquqi nəticələr doğuran ekspert rəyinin müəllifidir.

"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunda qiymətləndiricinin intizam və peşə məsuliyyətinin ayrıca qeyd olunması da təsadüfi deyil. Bu, onun rəyinə dövlət səviyyəsində verilən etimadı və qiymətləndiricinin ekspert statusunun hüquqi əsasını göstərir. Beynəlxalq Qiymətləndirmə Standartları isə açıq şəkildə təsdiqləyir ki, qiymətləndirici yalnız mütəxəssis deyil, obyektiv və qərəzsiz ekspertdir.

Buradan bir çağırış doğur: qanunvericilikdə terminoloji dəqiqlik təmin olunmalı, qiymətləndiricinin statusu ekspert kimi açıq şəkildə rəsmiləşdirilməlidir. Bu, həm milli məhkəmə və vergi proseslərində hüquqi aydınlıq yaradacaq, həm də Azərbaycan qiymətləndiricilərinin beynəlxalq arenada etibarlılığını möhkəmləndirəcək. Əks halda, mütəxəssis və ekspert anlayışları arasındakı boşluq həm hüquqi qeyri-müəyyənlik, həm də peşəkar nüfuz itkisi yarada bilər".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR