Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya avtomobil sənayesinin nəhənglərindən biri olan “AvtoVAZ” konserni öz müəssisələrində 5 günlük iş həftəsinin 4 günə endirilməsi məsələsini nəzərdən keçirməyə başlayıb.
Şirkət rəhbərliyi bildirib ki, bu addım 29 sentyabr 2025-ci ildən etibarən tətbiq oluna bilər. Qərarın qəbulu isə bazar tendensiyalarının və mövcud iqtisadi amillərin təhlili nəticəsində veriləcək.
“AvtoVAZ” rəhbərliyi dördgünlük natamam iş həftəsinə keçidi Rusiya avtomobil bazarındakı mənfi trendlərlə izah edir. Şirkətin rəsmi açıqlamasında bu geriləməyə səbəb olan əsas amillər kimi aşağıdakılar göstərilir:
Rusiya Mərkəzi Bankının müəyyən etdiyi yüksək əsas faiz dərəcəsi
Avtokreditlərlə bağlı borcalanlara tətbiq edilən sərt tələblər
Rusiyaya böyük həcmdə idxal avtomobillərinin gətirilməsi
İdxal markalarının aqressiv qiymət dempinqi siyasəti
Bütün bu faktorlar yerli istehsalın rəqabət imkanlarını zəiflədərək “AvtoVAZ” kimi nəhəng istehsalçıları struktur dəyişikliklərinə məcbur edir.
Bununla belə, konsern bəyan edib ki, mövcud kollektiv müqaviləyə əsasən, işçilərlə bağlı sosial öhdəliklərə tam şəkildə əməl ediləcək və işçi hüquqları qorunacaq.
Bu qərar Rusiya avtomobil sənayesində ciddi bir durğunluğun və daxili bazarda yerli istehsalçıların təzyiqlə üzləşdiyinin göstəricisi kimi dəyərləndirilir.
Musavat.com
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ