İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus bölməsi üzrə tarix fənnindən güzəştlər ediləcək? – DİM-dən AÇIQLAMA

Xəbər verildiyi kimi, 2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək. Lakin proses artıq bəzi çətinlikləri üzə çıxarıb. Problem ondadır ki, çox sayda rusdilli məktəblərdə Azərbaycan tarixini ana dilində tədris edə biləcək müəllim kadrları çatışmır. Təhsil ekspertləri hesab edir ki, qərar düzgün olsa da, öncə kadr təminatı məsələsi həll edilməli idi. Maraqlıdır ki, ölkədə işsiz müəllimlərin sayı təxminən 60 min nəfərdir. Bəzi mütəxəssislər bildirir ki, hazırda rus bölmələrində tarix fənnini tədris edən müəllimlərin Azərbaycan dilində dərs keçməsi şagirdlərin həm Azərbaycan, həm də rus dilində fənni mənimsəməsinə çətinlik yarada bilər. Yeni qərarı kadr potensialı və şagird bacarığı nəzərə alınmadan verilmiş “səriştəsiz və yanlış” addım kimi qiymətləndirənlər də var. Digər problem isə tarix fənnindən dərsliklərin mürəkkəb, anlaşılmayan dildə hazırlanmasıdır. Valideynlər də bununla bağlı illərdir narazılıqlarını bildirirlər.

Övladı rus bölməsində təhsil alan valideyn Gülnar Kərimli Musavat.com-a narahatlığını belə çatdırıb:

“Tarix dərslikləri elə mürəkkəb dildədir ki, mən özüm də tam başa düşmürəm. Oğlum 9-cu sinifdə rus bölməsində oxuyur və rus dilində çətinlik çəkir, indi Azərbaycan dilində olacaqsa, onun üçün lap çətin olacaq. Qorxuram ki, qəbul imtahanında heç bir nəticə əldə etməsin. Xahiş edirəm, DİM-dən açıqlama verilsin: tarix fənnindən aşağı bal toplasa, uşaqlarımız üçün hər hansı güzəştlər nəzərdə tutulacaqmı?”

Qeyd edək ki, hazırda ölkədə ümumtəhsil məktəblərinin bir hissəsi rus sektorunda fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü il tədris ilində ölkə üzrə 1.6 milyona yaxın şagird təhsil alıb və onların təxminən 10%-i rus bölməsindədir. Bu, minlərlə şagirdin dil baryeri səbəbindən tədris prosesi ilə bağlı çətinliklər yaşaya biləcəyini göstərir. Rus sektorunda “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədrisi məsələsində əsas müzakirə olunan məqam, rusdilli uşaqların bu materialı tam şəkildə qavramaqda çətinlik çəkə biləcəyidir. Ekspertlərin fikrincə, Azərbaycanın təhsil siyasətində dövlət dilinin qorunması əsas prioritetlərdən biridir, lakin dövlətin təhsil hüququnu təmin etmək öhdəliyi də nəzərə alınmalıdır. Qeyd edilir ki, rus sektorunda təhsil alan şagirdlər üçün Azərbaycan tarixi dərsinin Azərbaycan dilində tədrisi onların bu fənni tam mənimsəməsinə mane olursa, bu, təhsil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Burada əsas məsələ balansın tapılmasıdır. Dövlət dili tədris edilməli və qorunmalıdır, eyni zamanda şagirdlərin tədris materialını tam qavraması üçün onların dillə bağlı ehtiyacları nəzərə alınmalıdır. Bu problemi həll etmək üçün ilk növbədə, “Azərbaycan tarixi” dərsliyi və digər resurslar rus dilində çap edilməlidir. Dərs Azərbaycan dilində tədris olunmağa davam edə bilər, lakin şagirdlər üçün tərcümə edilmiş materialların mövcudluğu onların fənni daha yaxşı mənimsəməsinə imkan verər. Eyni zamanda müəllimlərə ikidilli tədris texnikası üzrə əlavə təlimlər keçirilməlidir ki, onlar rus sektorundakı şagirdlərə materialı daha effektiv şəkildə çatdıra bilsinlər.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə məsələ ilə bağlı fikrini Musavat.com-la bölüşüb:

“Qayda belədir ki, müsabiqədə iştirak etmək üçün qəbul imtahanlarında ümumi 200 bal (hər iki mərhələnin cəminə görə), imtahanın ikinci mərhələsində isə ən az 100 bal toplamaq tələb olunur. Bəzi ixtisaslarda (məhdud sayda) müsabiqə şərti analoji olaraq 150 və 50 baldır. Fənlər üzrə ayrıca bal məhdudiyyəti tətbiq olunmur. Sadəcə olaraq rus bölməsində təhsil alan şagirdlər əlavə olaraq dövlət dili kimi, Azərbaycan dilindən imtahan verirlər. Burada 100 baldan ən az 50 bal toplamaq tələb olunur ki, müsabiqədə iştirak etmək hüququ əldə olunsun. Güzəşt deyil, ümumi qaydadır ki, hər hansı fənn üzrə bal məhdudiyyəti tətbiq olunmur”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR