Onlayn ictimai-siyasi qəzet
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından və Aktau yaxınlığında qəzaya uğramasından altı ay keçməsinə baxmayaraq, nə Rusiya tərəfi, nə də məsələni araşdırmalı olan beynəlxalq qurumlar konkret nəticə ortaya qoya biliblər. Halbuki istintaqın ilkin mərhələsində toplanan sübutlar hadisənin qəsdən törədildiyini açıq şəkildə göstərirdi.
Azərbaycan tərəfi istintaqın başlamasından dərhal sonra Rusiya ilə rəsmi kanallar üzərindən əməkdaşlığa cəhd göstərib. Lakin əldə olunan nəticələr göstərir ki, Moskva bu prosesi qəsdən ləngidir, müxtəlif bürokratik əngəllər və formal bəhanələrlə istintaqın səmərəli aparılmasına imkan vermir. Məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları hər ay Rusiya tərəfinə müraciət etsə də, bu çağırışlara ya ümumi cavab verilir, ya da ümumiyyətlə susqunluqla qarşılanır.
Ekspertlərin fikrincə, bu, Rusiyanın beynəlxalq istintaqlara qarşı əvvəllər də tətbiq etdiyi klassik taktikanın bir hissəsidir. Xatırladaq ki, 2014-cü ildə Donbas səmasında vurulan Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı da eyni yanaşma müşahidə olunmuşdu – məsuliyyətin üzərindən atılması, sübutların gizlədilməsi, istintaqın uzadılması və günahkarların qorunması.
Hökumət rəsmiləri və ictimaiyyət təmsilçiləri dəfələrlə bəyan ediblər ki, bu məsələnin unudulmasına imkan verilməyəcək. Hadisədə həyatını itirən heyət üzvlərinin və sərnişinlərin ailələri, Azərbaycan cəmiyyəti haqlı olaraq cavabdehlərin tapılmasını və cəzalandırılmasını tələb edir.
Azərbaycan hüquq-mühafizə orqanlarının və ekspert dairələrinin apardığı ilkin istintaq zamanı əldə edilən sübutlar hadisənin texniki qəza deyil, məqsədli şəkildə həyata keçirilmiş hərbi təxribat olduğunu göstərir. İstintaq materiallarında təyyarəyə səma məkanında atəş açıldığı, atəşin istiqaməti və mənbəyinin müəyyən edildiyi də yer alır. Bütün bunlara baxmayaraq, Rusiya tərəfi məsuliyyəti boynuna almaq əvəzinə, prosesə mane olur.
İndi sual budur: kim əmr verib? Kim atəşi açıb? Rəsmi Bakı bu sualların cavabını çoxdan bilir. Amma dövlətlərarası münasibətlər və diplomatik prosedurlar səbəbindən Azərbaycan bu məsələdə beynəlxalq hüququn çərçivəsini qoruyur və cavabları rəsmi yollarla almağa çalışır. Lakin bu səbirli mövqe sonsuz deyil.
Azərbaycan tərəfinin rəsmi nümayəndələri dəfələrlə bildiriblər ki, heç bir əlavə sübuta ehtiyac yoxdur. Çünki həm təyyarənin uçuş trayektoriyası, həm radar qeydləri, həm də atəşin texniki izi istintaqa təqdim olunub. Həmin sənədlərdə Rusiya ordusuna bağlı hava hücum sistemindən atəş açıldığı sübuta yetirilib. Əmr verən də, əmri icra edən də bəllidir.
Təəssüf ki, bu kimi hallarda beynəlxalq təşkilatlar da bəzən siyasi maraqlar naminə susqunluq nümayiş etdirir. Azərbaycan isə bu məsələnin beynəlxalq səviyyəyə çıxarılması istiqamətində hazırlıqlar aparır. Hadisənin beynəlxalq istintaq predmeti olması, təyyarənin qəsdən vurulduğunun beynəlxalq hüquq müstəvisində tanınması və günahkarların adlarının açıq şəkildə ifşa edilməsi artıq zəruri hal alıb.
AZAL təyyarəsinin vurulması təkcə hava nəqliyyatı hadisəsi deyil. Bu, bir dövlətin hava məkanında digər suveren dövlətin sərnişin təyyarəsinə qarşı həyata keçirdiyi açıq təxribatdır. Azərbaycan dövləti və xalqı bu təxribatı unutmur və unutmayacaq. Cavab gecikə bilər, lakin gec də olsa ədalət bərqərar olmalıdır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya özünü Azərbaycana dost ölkə hesab edirsə, səhvini etiraf etməlidir:
“Hansısa telefon zəngi və səthi açıqlama etiraf hesab oluna bilməz. Hüquqi baxımdan məsələyə yanaşdıqda bu cür aviaqəzaların açıqlamaları təxminən bir ilə yaxın çəkir. Rusiya tərəfi də görünür, fikirləşir ki, ilin sonuna kimi rəsmi komissiyanın açıqlaması olsun və ondan sonra bu məsələyə münasibət bildirsin. Lakin belə olmamalıydı. Rusiya rəsmiləri çox yaxşı bilir ki, burada məsuliyyət daşıyan şəxslər kimdir və hadisə necə baş verib. Müasir texnologiya imkan verir ki, baş verən hadisəni olduğu kimi görüb dəyərləndirəsən. Hüquqi nəticəni gözləmədən də müəyyən addımlar atıla bilərdi. Rusiya bu məsələdə hələ də rəsmi açıqlamaları gözləyir. Rusiya səhvini etiraf etməlidir, mülkü təyyarəmizi Şimali Qafqaz ərazisində vurulub. Rusiya bunu bilir və etiraf etmək istəmir. Lakin gec və ya tez Rusiya etiraf edəcək və beynəlxalq hüquqa uyğun olaraq kompensasiya verilməsi öhdəliyini öz üzərinə götürəcək”.
Şahanə Rəhimli,
Musavat.com
07 May 2025
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ