Onlayn ictimai-siyasi qəzet
"Bu informasiyanı ilk yayan yarımçıq da olsa, mən olmuşdum. Belə bir informasiya əldə etmişdim ki, Ramiz Mehdiyev Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə müəyyən danışıqlar aparıb və ona öz planını təqdim edib. O plana əsasən, Azərbaycanda dövlət çevrilişinin edilməsi gözlənilirdi. Məndə olan məlumata görə, bunun üstünü Azərbaycanın xüsusi xidmət orqanları açıb".
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Heydər Oğuz TV Musavat- ın efirində "Həftə içi" proqramında səsləndirib.
O bildirib ki, məsələ detallandırılıb və məlum olub ki, Rusiyanın özü Ramiz Mehdiyevi satıb:
"Rusiyanın Azərbaycan qarşısında bir minnət borcu var idi. O borcdan çıxmaq üçün daha gözəl hədiyyə verməli idi ki, Azərbaycanla münasibətlər düzəlsin. Görünür, ən gözəl hədiyyə Ramiz Mehdiyevin kəlləsi olub. Tarixdə həmişə belə şeylər olub. Adamlar qarşı tərəfə təhvil verilib və münasibətlər yaxşılaşıb. Görünür, Rusiya da Ramiz Mehdiyevin kəlləsini hədiyyə etməklə vəziyyətdən çıxır. Çünki Rusiya anlayır ki, onun dövrü bitib.
Ramiz Mehdiyev isə hələ də xülyalarda yaşayırdı. Elə bilirdi ki, bir əmri verməklə işi alınacaq, 5-ci kolon ayağa qalxacaq və dövlət çevrilişi olacaq, onun istədiyi olacaq. Buna görə də Rusiyaya o təklifi vermişdi. Amma başa düşmür ki, Azərbaycanda o insanlar artıq yoxdur. Hətta 5-ci kolonun üzvləri belə görürlər ki, qatar gedib. Onların hamısı indi situasiyaya uyğun yeni addımlar atmağa çalışırlar. Özlərinin əfv edilməsinə çalışırlar.
Mən Ramiz Mehdiyevi də başa düşürəm. Qoca kişidir. Bir çoxları ona xoş gəlmək üçün yalan məlumatlar verirlər. Deyirlər, arxamızda çoxlu qüvvə var, Putin razılıq verən kimi 5-ci kolon ayağa qalxacaq və s. Amma qatar gedib, Rusiyanın özü özünə nəzarət edə bilmir. Ukrayna Rusiyanı elə bir vəziyyətə salıb ki, çörək tapa bilmir. Büdcəsinin nə qədər kəsirləri var. Rusiyanın Azərbaycana və ya başqa ölkəyə növbəti müdaxiləsi ona daha ciddi problemlər yaradar".
Şahanə Rəhimli
Musavat.com
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ