İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya cəbhəyə yeni tanklar GÖNDƏRDİ

Rusiyanın dövlət korporasiyası “Uralvaqonzavod” T-90M və T-72B3M əsas döyüş tanklarının yeni partiyasını cəbhəyə göndərib.

Musavat.com xəbər verir ki, bu barədə müəssisənin rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, tankların konstruksiyasında onlarla təkmilləşdirmə həyata keçirilib. Xüsusilə, döyüş maşınları radioelektron mübarizə vasitələri və FPV dronlarına qarşı qoruyucu torlarla təchiz olunub. Son zamanlar bu tip dronlar zirehli texnika üçün əsas təhdidə çevrilib. Bundan əlavə, tanklara qüllənin arxa hissəsini və mühərrik-transmissiya bölməsini qorumaq üçün rezinlə gücləndirilmiş müdafiə elementləri quraşdırılıb.

Şirkət bildirib ki, tankların müdafiə qabiliyyətinin artırılması istiqamətində konstruktor işləri davamlı olaraq, o cümlədən Ukrayna müharibəsində toplanmış döyüş təcrübəsi nəzərə alınmaqla aparılır.

Maraqlıdır ki, tankların cəbhəyə göndərilməsi ilə bağlı informasiyanın yayılması çərçivəsində “Uralvaqonzavod” İkinci Dünya müharibəsi dövrünə aid sovet istehsalı olan T-34-85 tankının fotosunu da dərc edib. Həmin tank yeni döyüş maşınlarını cəbhəyə “simvolik şəkildə yola salır”. Bu addım açıq şəkildə təbliğat xarakteri daşıyır və hərbi ənənələrin davamlılığına vurğu edir.

T-72B3M tankı T-72B3 modelinin modernləşdirilmiş versiyasıdır və T-72 bazasının davamı kimi hazırlanıb. Bu, T-90 tankına nisbətən daha ucuz alternativ kimi nəzərdə tutulub. Hərçənd təkmilləşdirilmələrə baxmayaraq, bu tankda ciddi konstruktor qüsur qalır: sursat avtomatik yükləyici qurğunun içərisində, qüllənin altında, ekipajın yanında yerləşir. Zirehin deşilməsi halında mərmilərin partlaması və nəticədə qüllənin havaya uçması riski yüksək olaraq qalır.

T-90M “Proryv” tankı isə T-90 modelinin modernizasiyasıdır. Bu tank yeni qüllə, “Kalina” atəş idarəetmə sistemi, taktiki səviyyəli inteqrasiya olunmuş informasiya-idarəetmə sistemi, 125 mm-lik 2A46M-5 topu və uzaqdan idarə olunan zenit pulemyotu ilə təchiz olunub. Buna baxmayaraq, T-90M modelində də sovet tanklarına məxsus zəif cəhətlər qalır — məsələn, aşağı geriyə hərəkət sürəti, bu da geri çəkilmə zamanı manevr imkanlarını çətinləşdirir.

Daha əvvəl Ukraynanın UNİAN agentliyi məlumat verib ki, 2023-cü ildə “Uralvaqonzavod” Rusiya ordusuna təqribən 200 ədəd T-72B və T-72B1 tanklarını T-72B3 standartına qədər modernləşdirərək, eləcə də 60-80 ədəd yeni T-90M tankı tədarük edib.

Lakin bir sıra hərbi ekspertlər bu istehsal həcminin Rusiya Silahlı Qüvvələrinin itirdiyi zirehli texnikaları kompensasiya etməyə kifayət etmədiyini bildirirlər. Belə ki, Ukraynaya müdaxilə başladığı vaxtdan bu yana Rusiya ordusu ümumilikdə 3700-dən çox zirehli texnika itirib, buna məhv edilən, zədələnən və qarşı tərəf tərəfindən ələ keçirilən maşınlar daxildir.

Ekspertlər həmçinin qeyd edirlər ki, son illərin ən çox təbliğ olunan Rusiya tankı — T-14 “Armata” hələ də kütləvi şəkildə orduya daxil edilməyib. Müxtəlif mənbələrə görə, istehsal olunan bu tankların sayı çox azdır və onlar Ukrayna cəbhəsində istifadə olunmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR