İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müdafiə nazirinin ailəsinə məxsus elit mənzilin məlumatları sistemdən silindi - ŞÜBHƏLİ İZLƏR

Rusiyanın Rosreestr (Federal Dövlət Qeydiyyat Xisməti-red.) idarəsi, Rusiya Müdafiə naziri Andrey Belousovun həyat yoldaşı Veronika Nikişinaya məxsus olan elit mənzilin məlumatlarını sistemdən silərək əslində bu mənzildə nazirin yaşadığını dolayısı ilə təsdiqləmiş olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, söhbət Moskvada, Mıtnaya küçəsi 7/1 ünvanında yerləşən, 117 kvadratmetrlik lüks mənzildən gedir. Məlumat ilk dəfə “Sobesednik” qəzeti tərəfindən açıqlanıb Belousovun rəsmi bəyannamələrində də mənzilin sahəsi bu rəqəmlə üst-üstə düşür.

Belousov və Nikişina Moskvanın mərkəzində yerləşən, yüksək təhlükəsizliklə qorunan və avropa tərzində inşa olunmuş “İngilis kvartalı” adlı elit yaşayış kompleksində yaşayırlar. Bu ərazidə bir kvadrat metrin qiyməti 1 milyon rublu keçdiyi üçün mənzilin ümumi dəyəri təxminən 120 milyon rubl (1 milyon 534 min ABŞ dolları) olaraq qiymətləndirilir. Bura, Müdafiə Nazirliyinin əsas binasından cəmi 10 dəqiqəlik məsafədə yerləşir.

Hazırda “Gosuslugi” portalı vasitəsilə bu mənzilə dair məlumat almağa çalışdıqda sistem “məlumat tapılmadı” xətası verir. Bu isə mənzilin məlumatlarının bilərəkdən silindiyini və qonşu mənzillərin məlumatlarının açıq qalması fonunda diqqətçəkici görünür. Belousovun bəyannaməsində də bu mənzilin yalnız “istifadədə” olduğu göstərilir, başqa əmlak bildirilmir.

Mənzil 2015-ci ildə Nikişina tərəfindən alınmış, onların nikahı isə bir il sonra — 2016-cı ildə rəsmiləşdirilib Onların tanışlığı çox güman ki, İqtisadi İnkişaf Nazirliyində baş verib: Nikişina 2000-ci ildən, Belousov isə 2006-cı ildən bu qurumda çalışıblar. 2012-ci ildə Belousov nazir postuna keçdikdən sonra Nikişinanı xarici iqtisadi fəaliyyətin tənzimlənməsi departamentinin rəhbəri təyin edib. 2015-ci ildə, hələ Belousov prezidentin iqtisadi məsələlər üzrə müşaviri olarkən, onun gələcək həyat yoldaşı bu mənzili alır və bir il sonra onlar ailə qururlar.

2020-ci ildən Nikişina Rus İxrac Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Bu vəzifə dövlət ixrac proqramının əsas operatorudur və çox gəlirli sayılır.

Xatırladaq ki, Belousovun əvvəlki həyat yoldaşı Larisa Belousova olub və o, TASS informasiya agentliyində konfransların təşkili ilə məşğul olub. Belousovun yüksək rütbəli tədbirlərdə tez-tez Larisa ilə birgə görüntüləri yayılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR