Onlayn ictimai-siyasi qəzet
Rusiya Baş nazirinin müavini Aleksandr Novak avqustun 25-də neft məhsulları bazarındakı vəziyyətlə bağlı növbəti iclas keçirəcək.
Musavat.com xəbər verir ki, məlumatı hökumətdəki mənbələrə istinadən İnterfax agentliyi yayıb.
Mənbələrdən birinə görə, Rusiya baş nazirinin müavini şirkət rəhbərlərinin iclasda iştirakını xahiş edir. İdarə və neft şirkətləri ilə əvvəlki görüş avqustun 14-də baş tutub.
Avqust ayında Rusiyada benzinin birja qiymətləri neft emalı zavodlarında davam edən təmir fonunda istehsalçılar üçün ixrac qadağasına baxmayaraq, rekordlar qırır. Bu gün Sankt-Peterburq birjasında Aİ-92 markalı benzinin 1 tonu 72 min rublu, Aİ-95 markalı benzinin tonu isə 81 min rublu keçib.
Mənbələrin bildirdiyinə görə, iclasda neft emalı zavodlarında cari təmir işləri və məhsul yığımı kampaniyası, yanacaq tədarükünün kifayət qədər həcmdə, o cümlədən neft qalıqlarından və digər “alətlərdən” istifadə etməklə təmin edilməsi zərurəti nəzərə alınmaqla tələbatın artdığı bir dövrdə bazarın fəaliyyəti ilə bağlı məsələyə baxılacağı gözlənilir.
İnflyasiyanın gözlənilən azalması, neft məhsullarının dəmir yolu ilə daşınması ilə bağlı vəziyyət nəzərə alınmaqla ilin sonunadək yanacaqdoldurma məntəqələrində qiymət dəyişikliklərinin dinamikasına dair proqnoza da baxılacaq.
Avqustun 14-də keçirilən görüşdən sonra Novak Energetika Nazirliyinin benzinin ixracına qoyulan qadağanın istehsalçılar da daxil olmaqla, sentyabr ayına qədər, neft məhsullarının istehsalçısı olmayanlar üçün isə oktyabr ayına qədər uzadılması təklifini dəstəkləyib. Qadağanın uzadılması ilə bağlı hələlik rəsmi qərar yoxdur.
Baş nazirin müavini, həmçinin Energetika Nazirliyinə və Federal Antiinhisar Xidmətinə Sankt-Peterburq birjası ilə birlikdə topdansatış bazarında qiymətlərin sabitləşməsi üçün uzunmüddətli tədbirlər hazırlamağı tapşırıb.
Qeyd edək ki, avqustun əvvəlindən etibarən Rusiyada benzin və dizel qıtlığı yaşanır. Rusiya hökuməti etiraf etməsə də, bir çox regionlarda YDM-lərdə minlərlə maşından ibarət növbələr yaranır.
Müşahidəçilərə görə, bunun əsas səbəbi Ukraynanın Rusiya neft emalı zavodlarına, yanacaq anbarlarına uğurlu zərbələridir. Avqustun əvvəlindən bəri Ukrayna 4 böyük neft emalı zavoduna, bir yanacaq anbarına, bir neçə yanacaq daşıyan qatara ağır zərbələr endirməyə müvəffəq olub. Bu isə profilaktik və zərbələrə görə məcburi təmirə dayanan emal zavodları ilə birlikdə daxili bazardan gündəlik 2 milyon bareldən çox yanacağın çıxması deməkdir. Belə şəraitdə ixracın tam qadağan olunması da vəziyyəti sabitləşdirməyə imkan vermir.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ