Onlayn ictimai-siyasi qəzet
Bakı müharibədən əziyyət çəkən ölkəyə ancaq humanitar yardım edir, bunu Kremldə də yaxşı bilirlər, amma...
Bəzi Rusiya elektron mediasında Azərbaycanı hədəf alan yazılar artmaqdadır. Kreml klanının partiya tapşırıqlarının həlim icraçısı kimi şöhrət qazanmış rusiyalı oliqarx Konstantin Malofeyevlə əlaqəli olan Rusiyanın məşhur “Tsarqrad” qəzeti isə son vaxtlar Azərbaycana və onun rəhbərliyinə daha çox diqqət yetirməyə başlayıb, az qala hər gün anti-Azərbaycan məzmunlu materiallar yayır.
Ekspertlərə görə, Rusiyada anti-Azərbaycan lobbisi həmişə aktiv fəaliyyətdədir. Bu ölkədə Azərbaycanın hazırkı suveren siyasətini qəbul etməyən qüvvələr var və onlar çalışırlar ki, bütün postsovet respublikaları haqda belə radikal mövqe sərgilənsin. Bu da bolşevik təfəkkürüdür - kim bizimlə deyilsə, deməli, bizə qarşıdır. Ona görə də həmin dairələr Azərbaycanı nədəsə ittiham etməyə bəhanə axtarırlar. Bu, Rusiyadakı neoimperialist zehniyyət sindromundan irəli gəlir.
Onlar iki ölkə arasında yaranmış bu soyuqluqdan istifadə etməyə çalışırlar. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında heç bir əngəl yoxdur, Bakı Moskvaya qarşı heç bir blokda yer almır, sanksiyalara qoşulmayıb. Bu yanaşma Ukrayna münaqişəsi prizmasından indi daha qabarıq görünməkdədir. Müharibə millətçiliyi gücləndirir, rusofobiya təqdimatı şişirdilir.
İsteriyanın növbəti dalğası olaraq, yenə Azərbaycanın Ukraynaya yardımları yada düşüb. Birincisi, Azərbaycan müstəqil dövlətdir və kimə kömək edəcəyini özü qərar verir. Azərbaycan bir çox başqa ölkələr kimi Ukraynaya da Rusiya ilə birbaşa qarşıdurmaya getmədən humanitar yardım edir, bunu Kremldə də yaxşı bilirlər.
Son üç ildə valideynləri Rusiya-Ukrayna münaqişəsi zamanı dünyasını dəyişmiş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib.
Yada salaq ki, Rusiya mediası zamanında Azərbaycandan Ukraynaya guya silah tədarükü ilə bağlı da məlumat yaymışdı. İddia olunurdu ki, Azərbaycanın 2022-ci ildə istehsal olunan 120 mm-lik 40M11 minaları Ukraynaya satılıb. Rusiya mediası ötən ilin iyununda da Ukrayna qüvvələrinin arsenalında Azərbaycan istehsalı olan 82 mm-lik 20N5 minaatanlar olduğunu yazmışdı.
Bəlli idi ki, Azərbaycanda bu minaatanların istehsalına təxminən on il əvvəl başlanıb. Beynəlxalq sərgilərdə dəfələrlə nümayiş etdirilən 20N5 minaatanları xarici analoqlarından daha kiçik ölçüləri və uzaq məsafələrdə hədəfləri vurmaq qabiliyyəti ilə fərqlənib. Bir neçə il əvvəl Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bu minaatanların bir sıra ölkələrə ixracı ilə bağlı danışıqlar apardığını açıqlamışdı. Azərbaycan BMT-nin silahlara nəzarət rejiminin tələblərinə uyğun olaraq və bunun üçün müvafiq sertifikata malik olan 20H5 minaatanlarını Yaxın Şərqin bir sıra ölkələrinə də satıb. Rəsmi mənbələr də bildirib ki, Azərbaycan heç vaxt Ukraynaya heç bir silah növü, o cümlədən 20N5 minaatanları satmayıb və ötürməyib. Yəni əsasən erməni mənbələrinin yaydığı, Rusiya mediasının da istinad etdiyi bu tip məlumatların heç bir real əsası yox idi və təxribat xarakterlidir. İndi yenidən humanitar yardımları kölgələmək cəhdləri var.
Bəs Rusiya mediasının isterikasının əsası varmı? Məgər humanitar yardım hansısa beynəlxalq qanunların pozulmasıdır?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Ukraynaya humanitar dəstəyi və ümumiyyətlə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi müharibənin ilk günündən elan olunan xətdir və rəsmi Bakı bu mövqeni bütün platformalarda, hətta Rusiya rəhbərliyi ilə görüşlərdə də dəfələrlə elan edib: “Odur ki, indi Azərbaycanın Ukraynaya yardımlarını əsas götürərək, ölkəmizi hədəfə alan mövqe sərgiləmək üçün sadəcə bir bəhanədir. Rusiyada bir çox dairələr, media quruluşları onsuz da Azərbaycana qarşı münasibətdə bir sıra hallarda müttəfiqlik və tərəfdaşlıq münasibətlərini pozan mövqe sərgiləyir və o baxımdan da indi aparılan anti-Azərbaycan kampaniyası yeni bir şey deyil. Rusiyada ayrı-ayrı media qurumlarının və ekspertlərin Azərbaycan və xalqımız əleyhinə kampaniya aparması, ünvanımıza təhqirlər yağdırmasının arxasında rəsmi Moskvanın dayandığı şübhə doğurmur. Hər kəs bilir ki, Putin hakimiyyətində kiminsə fərqli düşünməsi, fərqli mövqe ortaya qoyması mümkün deyil və Rusiyada da nə müstəqil media, nə də müstəqil ekspertlərə çıxış imkanı verən hansısa media qurumu mövcuddur”.
Politoloq qeyd etdi ki, Azərbaycanın haqlı iradlarından nəticə çıxarmaq, üzr istəmək, cinayət törətmiş şəxsləri cəzalandırmaq əvəzinə, bu şəkildə mövqe sərgiləmək heç bir halda qəbuledilən deyil: “İndi aparılan kampaniyanın Prezident İlham Əliyevin 9 mayda Rusiyaya səfərdən imtina etməsi, xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və Rusiya-Ermənistan münasibətlərindəki istiləşmə fonunda baş verməsi isə bir daha rəsmi Kremlin əsl niyyətini ortaya qoyur. Moskva bütün üzdə görünən fikir ayrılıqlarına baxmayaraq, Cənubi Qafqazdakı əsas müttəfiqinin Ermənistan olduğunu bir daha sübut edir. Bu, onsuz da məlum olan həqiqətin etirafıdır. Yoxsa ki, Azərbaycanın humanitar yardım kampaniyasına qarşı bu qədər dözümsüzlük nümayiş etdirilməzdi”.
Y.Bağırzadə vurğuladı ki, Azərbaycan Rusiyadan fərqli olaraq humanitar yardım adı altında separatçılara silah-sursat daşımır: “Rusiya "sülhməramlı" qüvvələrinin ərazimizdə olduqları müddətdə erməni separatçılarına, erməni quldur dəstələrinə necə silah daşıdığını hər kəs görüb və bilir. Bunu təsdiqləyən görüntlər də əldə edilmişdi. İndi əgər Moskva bu cür kampaniya ilə Azərbaycana təzyiq göstərə biləcəyini, bizim haqlı mövqeyimizdən geri çəkiləcəyimizi düşünürsə, bunda yanılır və gec-tez bu cür mövqenin Rusiyanın özünün maraqlarına zərbə vuracağını da görəcək".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ