Onlayn ictimai-siyasi qəzet
Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Musavat.com xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Hadisədən dərhal sonra internet xidmətlərinin davamlılığı planı işə salınıb. Provayderlər alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib və qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub. Nazirliyin məlumatına görə, “Delta Telekom”a qarşı hücumun qarşısı qısa müddət ərzində alınıb və şirkətin xidmətləri tam bərpa olunub.
Musavat.com xatırladır ki, bu ilin fevral ayında Rusiyanın Azərbaycanın kiberməkanına qarşı həyata keçirdiyi total hücum geniş rezonans doğurmuşdu. O zaman hücumlar konkret olaraq “Global Media Group”a yönəlmişdi. Nəticədə “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku.ws”, “Caliber.az” saytlarının və “Baku TV”nin fəaliyyətində ciddi problem yaranmışdı.
Sonradan müəyyən olundu və açıqlandı ki, bu hücumun arxasında Rusiya dayanıb. Rusiya hakerlərinin bir qrupu hətta Bakıya turist kimi gələrək hotellərdə yerləşib və bu hücumu təşkil etmişdilər.
İndi isə yenidən oxşar hücumun “Delta Telekom” üzərindən reallaşması şübhələri Moskvanın üzərinə yönəldir.
Ötən ilin dekabr ayında AZAL təyyarəsinin raketlə vurulması hadisəsindən sonra Bakı-Moskva münasibətləri kəskin gərginləşmiş, faktiki olaraq “soyuq müharibə” mərhələsinə qədəm qoymuşdu. Hazırkı kiberhücumun arxasında kimlərin dayandığı hələlik rəsmən açıqlanmasa da, mövcud siyasi gərginlik fonunda bütün baxışlar Rusiyaya yönəlmiş vəziyyətdədir. Azərbaycan cəmiyyətində əsas sual budur: bu dəfə də kiberhücumun müəllifi Moskva idimi?
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ