İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın boşa çıxan yay hücumu - zaman kimə işləyir?

Analitiklərə görə, hərbi-strateji müstəvidə üstünlük tədricən Kiyevin tərəfinə keçir

Yay mövsümü bitməkdədir. Belə görünür ki, işğalçı Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı yay hərbi kampaniyası alınmayıb. Bunu fiasko da saymaq olar.  Bu arada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Luqansk vilayətinin 99,7 faizi, Donetsk vilayətinin 79 faizi, Zaporojye vilayətinin 74 faizi və Xerson vilayətinin 76 faizi Rusiya ordusunun nəzarəti altındadır. Onun sözlərinə görə, əlavə olaraq Sumı vilayətində 210 kvadrat kilometr ərazi və 13 yaşayış məntəqəsi, Dnepropetrovsk vilayətində isə 7 yaşayış məntəqəsi Rusiya qoşunlarının nəzarətinə keçib.

ABŞ Prezidenti Donald Tramp isə Rusiya, ABŞ və Ukraynanın iştirak etdiyi üçtərəfli sammitin baş tutacağına əmindir. Qeyd edək ki, Trampın Putinə verdiyi möhlət bitdi. Son günlər isə Ukraynanın əks-hücum əməliyyatına hazırlaşdığı deyilir. 

Bu nə dərəcədə realdır və hansı nəticələri doğura bilər? Kiyev itirilmiş ərazilərin nə qədərini geri qaytarmaq imkanındadır? Ümumiyyətlə, zaman indi kimin xeyrinə işləyir?

Qabil Hüseynli səhhətindən danışdı: Yoldaşım müalicə edir

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, müharibələrin tarixini araşdıranda hərbi əməliyyatların uğurunun təkcə tankların sayından və ya qoşunların irəliləyişindən asılı olmadığı üzə çıxır: “Burada siyasi iradə, diplomatik manevrlər və beynəlxalq mühitin dəyişkənliyi də həlledici rol oynayır. Əvvəla, Moskvanın "yay kampaniyası" gözlənilən nəticəni vermədi. Rusiya ordusu müəyyən ərazilərdə irəliləyiş əldə etsə də, bu, strateji üstünlüyə çevrilmədi. Çünki Ukrayna tərəfi artıq Qərb hərbi sənayesinin dəstəyinə arxalanır. Yəni Rusiya nə qədər böyük resurs sərf etsə də, Ukraynanın müqavimət imkanları da paralel şəkildə artır. Hərbi resurslar və iqtisadi dayanıqlıq. Rusiya bildirir ki, resursları tükənməyib, əksinə, müharibəni davam etdirmək gücündədir. Amma Moskvanın bu bəyanatları öz əhalisi və elitasına ünvanlanıb. Çünki real iqtisadi tablonu gizlətmək çətindir. Sanksiyalar dərinləşir, texnoloji asılılıq artır, elita içində narazılıqlar çoxalır. Ukrayna isə Qərbin maliyyə və hərbi yardımları hesabına müharibəni davam etdirmək gücündədir. Deməli, zaman Kiyevin xeyrinə işləyir". 

Politoloq bildirib ki, Trampın səsləndirdiyi üçtərəfli zirvə ideyası hazırkı məqamda maraqlı görünür: “Amma reallıqda belə görüşlər çox vaxt zaman qazanmaq funksiyası daşıyır. Rusiya sülh masasına oturmaq üçün real siyasi səbəb görmür. Çünki hər hansı güzəşt Moskvanın daxili siyasətdə zəifliyinin etirafı kimi qiymətləndiriləcək. Ukrayna isə yaxşı anlayır ki, hərbi uğursuzluqlar fonunda masa arxasına keçmək onun mövqelərini zəiflədər. Ona görə də tərəflər hələlik danışıqlardan daha çox hərbi əməliyyatlara üstünlük verirlər. Hərbi cəhətdən Ukraynanın itirilmiş bütün əraziləri tez bir zamanda qaytarması mümkün deyil. Amma kiçik uğurlar belə strateji üstünlük yarada bilər. Bu, həm daxildə əhali qarşısında motivasiya rolunu oynayacaq, həm də Qərbin dəstəyini artıracaq. Ən əsası isə, əks-hücum uğurlu olarsa, Rusiya sülh masasına daha zəif mövqedən oturacaq. Hesab edirəm ki, zaman daha çox Ukraynanın xeyrinə işləyir. Çünki Rusiya uzunmüddətli müharibəni davam etdirdikcə həm iqtisadi, həm də beynəlxalq müstəvidə təklənir. Ukrayna isə əksinə, Qərbin dəstəyi ilə müdafiə gücünü artırır. Qısası, Rusiya özünün yay hücumunda strateji dönüş yarada bilmədi”.

Hərbi ekspert Rövşən Məhərrəmli “Yeni Müsavat”a deyib ki, Rusiyanın yay hücumunu uğurlu hesab etmək olmaz: “Əsas hədəfi Luqansk-Donetsk xətti üzrə bölgədə tam nəzarəti təmin etmək idi. Amma Severodonetst-Lisiçansk xəttindən sonra dərinlikdə irəliləyiş əldə edə bilmədilər. Ukraynanın möhkəmləndirilmiş müdafiə xətti burada Rusiya ordusunun hücumlarını neytrallaşdırır. Zaporojye istiqamətində Rusiya əsasən Tokmak və Melitopol xətti boyunca müdafiə mövqelərini gücləndirib. Məqsəd Ukraynanın Azov dənizinə çıxış əldə etməsinin qarşısını almaqdır. Amma yay kampaniyasında ciddi irəliləyiş olmadı. Xerson istiqamətində isə Rusiya Dnepr çayının sol sahilində mövqeləri saxlayır. Ukrayna isə uzaqmənzilli HIMARS və digər artilleriya sistemləri ilə bu mövqeləri daim atəş altında saxlayır. Bununla belə, logistika zənciri çətinləşib. Sumı-Dnepropetrovsk istiqamətində Rusiya lokal uğurlar əldə edib. Amma bu, strateji mənzərəni dəyişməyib. Bu bölgə daha çox təzyiq zonası kimi istifadə olunur ki, Ukrayna ordusunun ehtiyat qüvvələri parçalanmış şəkildə saxlanılsın”. 

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmli

Hərbi ekspert deyir ki, Rusiya ordusu aviasiya və artilleriya istiqamətləri üzrə üstünlükdədir. Amma "S-300", "S-400" sistemləri Ukrayna üzərində tam hava nəzarəti təmin etmir: “Çünki Qərb texnologiyaları Rusiya raketlərini neytrallaşdırır. Tank qüvvələrinə gəlincə, Rusiya "T-72" və "T-90"ları cəbhəyə çıxarsa da, Ukraynanın pilotsuz zərbə vasitələri onları asan hədəfə çevirir. Ukrayna ordusunun əsas üstünlüyü asimmetrik müharibə aparmasındadır. Yəni klassik tank-diviziya döyüşlərində deyil, PUA-lar, uzaqmənzilli artilleriya və mobil qruplar vasitəsilə Rusiya müdafiəsinə hücumlar olur. Hazırda Ukrayna daxildə istehsal etdiyi kamikadze PUA-larla Rusiyanın dərinliklərinə zərbələr endirir. Bu, müharibənin gedişini dəyişən əsas amillərdən biridir”.

Hərbi ekspert bildirib ki, Rusiya böyük əraziləri nəzarətdə saxladığı üçün logistik yükü çox ağırdır: “Təchizat yolları uzun və kövrəkdir. Ukrayna isə Qərbin dəstəyi ilə daha çevik təchizat zənciri qurur. Bu səbəbdən Rusiya müdafiədə belə ciddi çətinlik yaşayır. Müharibə uzandıqca Rusiya iqtisadi baxımdan zəifləyir, hərbi sənayesi sanksiyalar səbəbilə kifayət qədər sursat və texnika istehsal edə bilmir. Ukrayna isə tam əksinə, zaman keçdikcə daha çox silah, daha yaxşı təlim keçmiş hərbçilər və yeni texnologiyalar əldə edir. Ona görə də demək olar ki, strateji planda zaman Ukraynanın xeyrinə işləyir”.

Hərbi ekspert qeyd edib ki, Ukraynanın qarşıdakı aylarda məqsədi işğal edilmiş bütün əraziləri azad etmək deyil, lokal uğurlar qazanmaqdır: “Məsələn, Tokmak-Melitopol xəttində yarıq açmaq, Xerson istiqamətində Dnepr çayının sol sahilində mövqelər qurmaq niyyətləri görünür. Bu, həm psixoloji üstünlük, həm də siyasi güc demək olacaq.

Demək olar ki, Rusiya yay kampaniyasında strateji hədəflərinə çata bilmədi. Ukrayna isə müdafiə xəttini qorumaqla yanaşı, gələcək əks-hücum üçün resurs toplamağı bacarıb. Bu səbəbdən hərbi-strateji müstəvidə üstünlük tədricən Kiyevin tərəfinə keçir".

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR