İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus iqtisadçıdan şok xəbərdarlıq - “1917-ci ildəki çar Rusiyası...”

Eldəniz Əmirov: “Putindən sonra iqtisadiyyatın bütün sahələrində ciddi tənəzzül olacaq”

“Ukraynadakı müharibə səbəbi ilə Rusiyada iqtisadi çətinliklər getdikcə artır, Çinin dəstəyi isə böhranı yalnız ləngidə bilər, amma ləğv edə bilməz”. Bunu rusiyalı iqtisadçı analitik Maksim Blant “24 Kanal”a müsahibəsində deyib. O qeyd edib ki, Putin yəqin ki, pul üçün Pekinə üz tutacaq. Onun sözlərinə görə, Rusiya Çinin “Sibirin gücü” qaz kəmərinin ikinci qolunun tikintisinə maraq göstərməsinə çalışacaq, əvvəlcədən Pekindən investisiya istəyəcək. Çin daha əvvəl bundan imtina edib, lakin sonra bildirdi ki, əgər Rusiya kəməri tikmək istəsə, bunu öz hesabına edə bilər. 

İqtisadçının fikrincə, indi bütün kozırlar Pekindədir: Çin Rusiya qazından başqa Türkmənistan və Qazaxıstandan da tədarük edir, ərəb ölkələrində inkişaf etmiş qaz infrastrukturu var. 

Eyni zamanda ekspertin fikrincə, müharibə davam etdikcə Rusiya iqtisadiyyatına investisiyalar getdikcə riskli olur. “Rusiyaya yalnız bir aylığına kredit vermək olar”, - deyə Maksim Blant bildirib. İqtisadçı qeyd edib ki, Putinin varisi borcu qaytarmaya, “kreditlər xalqın icazəsi olmadan götürüldüyü üçün Rusiya onları qaytarmağa borclu deyil” deyə bilər. “1917-ci ildə, bolşeviklər çarın borclarını ödəməkdən imtina edəndə belə olmuşdu. Buna görə də Çin dövlət borcunun verilməsini gecikdirmək üçün əlindən gələni edəcək”, - o vurğulayıb.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com

Eldəniz Əmirov

Rus həmkarının proqnozlarını şərh edən iqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, Putin hakimiyyətdən getdikdən sonra Rusiya iqtisadiyyatı hərbi iqtisadiyyat istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində ciddi tənəzzüllə üzləşəcək. O vurğuladı ki, infrastruktur dağılmış vəziyyətdədir, xarici borc bataqlığı getdikcə dərinləşir, etibar itirilir, elita arasında mübarizə dərinləşir, siyasi sabitlik özünün ən aşağı səviyyəsinə çatıb: “Hesab edirəm ki, Qərbin  Rusiya tərəfindən istədiklərini qəbul etdirilməsi üçün Putin hakimiyyətdən getdikdən sonra sanksiyalar bir qədər də sərtləşdiriləcək. Rusiyada artıq kapital axını müşahidə olunur, investisiya böhranı yaşanır. Faktiki olaraq, Rusiya iqtisadiyyatı hərbi model üzərində qurulub. 2022-ci ilin fevral ayından etibarən Rusiyada yeni dövr başlanıb. Bütün kapital və infrastruktur müharibəyə yönəldilib. Müharibənin necə bitməsindən asılı olmayaraq, mülki iqtisadiyyata dönüş ən azı 5-7 il zaman alacaq. Bu müddətdə qeyri-stabillik və köç qaçılmazdır”.

İqtisadçı qeyd etdi ki, Pekin hətta ABŞ-dən belə daha dərin və ağıllı strategiya yürütməkdədir: “ABŞ soyuq müharibə dövründə çox ağıllı, sakit strategiya yürütdü və nəticədə qalib gəldi, SSRİ dağıldı. Bu gün də bənzər siyasəti Çin həyata keçirir. Rusiyaya qarşı sanksiyalar qüvvədədir. Çinə qarşı sanksiyaların tətbiq olunması isə arzuolunan deyil. BRİCS Bankı birbaşa Qərblə bağlıdır. Eyni zamanda açıq şəkildə Rusiyaya açıq dəstək Çinin hazırkı vəziyyətdə imicini zədələyir. Bütün hallarda Çinin hazırkı mövqeyi bu prosesin indiki şəkildə daha uzunmüddətli davam etməsini istədiyini göstərir. Çin son 3 il ərzində Rusiyadan istifadə edib, öz iqtisadiyyatını inkişaf etdirmək üçün ucuz resurslar cəlb edib. Qarşıdakı dövrdə də seçim etmədən bir qədər bitərəf yanaşma ilə hər iki tərəf qarşısında öz istəklərini həyata keçirə bilir. Yəni bir tərəfdən ABŞ-nin fikirlərinə zidd getmədən, Rusiyaya dəstək göstərmədən ABŞ-nin sanksiyalarından yayınmağa, digər tərəfdən isə Rusiyanın imkanlarından yararlanmağa çalışır. Əslində sanksiyalar Rusiya iqtisadiyyatını çoxdan çökdürməli idi. Sadəcə olaraq, Qərb dairələri bu sanksiyalardan həm də ayrı-ayrı böyük korporasiyaların iqtisadi maraqlarına uyğun istifadə etdilər. Bu gün Rusiya neftini daşıyan tankerlərin əksəriyyəti Qərb tankerləridir. Rusiya neftinin böyük hissəsini qiymət limiti ilə Avropa ölkələrinə satır. Avropa İttifaqına üzv dövlətlər bu gün də Rusiya nefti və qazından böyük ölçüdə yararlanırlar. O ölkələrdə ki, idarəçilik birbaşa prezident vasitəsilə aparılmır, dünya miqyaslı böyük şirkətlər ölkə rəhbərlərini idarə edirlər. Bu baxımdan Rusiyaya sanksiyalar tətbiq edən Qərb dövlətləri elə bu sanksiyalar vasitəsilə pul qazanırlar. Yəni müharibənin bitməsi Rusiya və Ukraynadan, o cümlədən risklərin azalması baxımından Şərqi Avropa ölkələrindən başqa heç kimə sərf etmir. Proses nə qədər uzun müddət davam etsə, Rusiya bir o qədər dərin bataqlığa düşəcək”.

E.Əmirovun fikrincə, 1917-ci ildə baş verən hadisə təkrarlanmayacaq, çünki o hadisədən sonra qüdrətli dövlət yarandı: “Çar Rusiyasının dağılmasından sonra yaranan dövlət daha böyük, strateji və qüdrətli dövlət idi. Rusiya Birinci Dünya müharibəsindən qalib çıxmışdı. Yeni qurulan sistem imtina gücünə malik idi. Amma bugünkü Rusiya post-Putin dövründə çox zəif dövlət olacaq. Yeni qurulan hakimiyyət borcdan imtina etmə gücündə olmayacaq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR