İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın təsir rıçaqları: “5-ci kolon”, hərbi baza, rus dil, miqrantlar, ticarət, media və s...

Rusiyanın əlində yaxın qonşularına, o cümlədən keçmiş SSRİ ölkələrinə təsir göstərmək üçün çox rıçaqlar var. Bunlar hələ SSRİ-nin ilk dövründən formalaşıb və təkmilləşə-təkmilləşə indiki halına çatıb.

Bu rıçaqların başında qonşu ölkələrdə formalaşdırılmış geniş rəğbət qrupları durur. Kreml hələ 100-120 il əvvəl özünə bitişik ölkə və diyarlarda marksizmə “könül vermiş” kontingentlər yaratmışdı. Onların bir xeylisi 103-105 il öncə Rusiyadan gələn işğalçı bolşeviklərlə birləşərək öz ölkələrini Moskvanın idarəsi altına verdilər.

Sovet dönəmində SSRİ-yə daxil olmayan ölkələrdən Çin, Monqolustan, Şimali Koreya, Əfqanıstan, Şərqi Avropa ölkələri, eləcə də Mərkəzi Amerikanın bəzi ölkələri (Kuba, Nikaraqua) Moskvadan dəstək alan kommunistlər tərəfindən idarə olunurdu.

10-eylul.jpg (97 KB)

Bundan başqa, İran və Türkiyədə yerli marksistlərin təsis etdiyi partiyalar güclü idilər və Kreml bu rıçaqdan istifadə edərək o ölkələrin daxili işlərinə qarışa, ölkələrin içini qarışdıra bilirdi. Xüsusilə Türkiyədə “devrimçilər” (“inqilabçılar”) adlandırılan hərəkat ölkədə siyasi xaosun yaranmasına səbəb olurdular. Əgər ABŞ və NATO-nun güclü dəstəyi olmasaydı, yəqin ki, “devrimçilər” təxminən 1980-ci ildə Türkiyədə hakimiyyəti devirərək, kommunist rejimi quracaqdılar.

İranda isə kommunistlərdən ibarət “Tudə” partiyası ölkənin siyasi həyatına təsir göstərirdi, ancaq birinci və ya ikinci rolda deyildi. Əvvəlcə qəddar şah rejimi, daha sonra isə amansız teokratik rejim Moskvanın maşası olan yerli qüvvələri cilovlaya bilirdilər.

Sosialist düşərgəsinin dağılmasından, kommunizm ideologiyasının iflasından sonra Kreml həmin rıçaqları itidi. İndi onun sərəncamında Moskvadan diktə edilən ideologiyaya inanan geniş xalq kütlələri yoxdur, yalnız merkantil maraqlarını güdən qruplar, o cümlədən casus şəbəkəsi var.

5-ci.jpg (50 KB)

Rusiyanın əlindəki rıçaqlardan biri də elə “5-ci kolon” adlandırılan kontingentdir. Onların sıra sayı məhduddur, ortabab bir partiyanın şəxsi heyəti qədər olar, ya olmaz. Ancaq bu “kolon”dakılar hazır kadrlardır və “mərkəz”ə xidmət göstərmək üçün öz ölkələrinin mənafeyinə zərbə vurmağa hazırdırlar. Kreml onlara güvənir, ancaq onların əliylə dövlət çevriliş etmək, “müzəffər üsyan”lar təşkil etmək imkanı yoxdur, sadəcə, onlar ölkədaxili durumu gərginləşdirə, müəyyən sabotajlar edə bilərlər. Bu cür qüvvələr Şərqi Avropa ölkələrində də mövcudluqlarını qoruyurlar. Ukrayna müharibəsində yerli “5-ci kolon” fəallarından bir xeylisi ifşa və həbs olundu, bir xeylisi də Rusiyaya qaça bildi.

Qafqaz və Orta Asiyanın postsovet ölkələrindəki “5-ci kolon”lar zaman-zaman fəallaşırlar. Qısa desək, onlar Ermənistan, Qazaxıstan, Qazaxıstan və Tacikistanda güclü, Gürcüstanda və Türkmənistanda zəif, Azərbaycan və Özbəkistanda orta gücə malikdirlər.

russccc.jpeg (26 KB)

Kreml son illərdə rus dilinə münasibəti də təzyiq rıçağına çevirib. Bu dövlət qonşu ölkələrdə rus dilinə xüsusi status verilməsini, onun inkişafı üçün əlahiddə şərait (rusca təhsil verən orta və ali məktəblər, rus dili sektorları) yaradılmasını tələb edir, müntəzəm şəkildə hansısa ölkədə “rus dilinə təzyiqlərin olmasından narahat olur”.

Son 1 ildə Rusiya həmin rıçaqdan istifadə edərək adı çəkilən ölkələrə təsir göstərməyə çalışır. Bu zaman Kreml əlindəki daha bir rıçağı da onunla paralel işlədir.

Bu isə əmək miqrantları və vaxtilə bu ölkələrdən köçərək SSRİ adlanan ittifaq dövlətinin dominant ölkəsi olan Rusiyada məskunlaşan şəxslərə münasibətin sərtləşdirilməsidir.

mirlm.jpg (175 KB)

Artıq heç kəsə sirr deyil ki, Moskva postsovet ölkələrdən gələn miqrantları həmin ölkələrə qarşı istifadə edir, onların deportasiyasını kütləvi şəkildə həyata keçirməklə hədələyərək keçmiş müttəfiqlərdən itaət tələb edir.
Bir ay öncəyə qədər bir çoxlarında belə bir düşüncə vardı ki, Kremlin hədəfində yalnız özbəklər, qırğızlar və taciklərdir. Ötən ayın sonunda məlum oldu ki, Rusiya bu siyahıya azərbaycanlıları və moldavanları da əlavə edib. Sırada qazaxlardır. Ancaq 2-3 ildir Moskvanın iradəsindən kənar fəaliyyətlərdə olan, KTMT-nin təlim və sammitlərini boykot edən Ermənistana qarşı “gəlmələr” rıçağından istifadə edilmir. Rusiyanın rəhbər şəxsləri zaman-zaman Rusiyada yaşayan ermənilərin Ermənistanda yaşayan ermənilərdən çox olduğunu bildirərək, İrəvana “kütləvi deportasiya eyhamı” etsələr də, bu təhdidlərində ardıcıl olmadılar.

Rusiyanın öz qonuşularını “ağıllı olmağa” dəvət etmək üçün başqa rıçaqları da var: hərbi bazalar, iqtisadi investisiyalar, ticarət ilişkiləri və propoqondist media.

 ezgif.com-webp-to-jpg-converted.jpg (164 KB)

Rusiyanın Ermənistanda və Orta Asiya respublikalarında, eləcə də Gürcüstandan zorla qoparılmış Abxaziya və Cənubi Osetiyada rus hərbi bazaları mövcuddur. İki il oncəyə qədər Rusiyanın ölkəmizdə (Qarabağda) də müəyyən hərbi kontingenti vardı, amma o baza orada çox ləngimədi.

Rusiya qonşu ölkələrdə mütləq iqtisadi sferada da pay sahibi olmağa çalışır və buna müvəffəq olur. Buraya müxtəlif rentabelli müəssisələrdə ortaqlıqdan tutmuş məşhur banklara, investisiya şirkətlərinə, yanacaqdoldurma məntəqələrinə qədər çoxprofilli biznes strukturları daxildir.

Kremlin ticarət ilişkilərindən siyasi rıçaq kimi vaxtaşırı yararlanması isə artıq komik şəkil alıb. Rusiya ilə hansı dövlətin sözü çəpləşirsə, daha dəqiqi, hansı ölkə Moskvaya bir balaca itaətsizlik edirsə, dərhal həmin ölkədən alınan məhsullar “xarab çıxır”. Bu fənd istisnasız olaraq bütün postsovet ölkələrə qarşı tətbiq edilir.

sputnikooo.jpg (28 KB)

İllər öncə Kreml postsovet ölkələrdə ard-arda “Sputnik” agentliyinə daxil media qurumları təsis etməyə başlayanda politoloqlar bunun xüsusi düşünülmüş siyasət olduğunu, həmin media qurumlarının propoqanda aləti olduğunu, paralel olaraq kəşfiyyat işləri görəcəklərini bildirirdilər. Onların proqnozları yüz faiz doruldu. “Sputnik”lər özlərini o qədər cəzasızlıq mühitində hiss edirdilər ki, yerli hakimiyyətin onlara bata bilməyəcəyi düşüncəsinə dalmışdılar. Axırının necə olduğunu bilirsiniz.
Qışda Rusiyanın bu rıçağının yayı qırılmışdı, yayda isə rıçaq tamam sıradan çıxdı.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR