Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Qərbin (ABŞ-ın) silahlarından qorxmadıqlarını açıqlayıb. Bununla belə ABŞ-ın Ukraynaya “Tomahavk” raketləri veriləcəyi halda Moskva ilə Vaşinqton arasında onsuz da gərgin olan münasibətləri tamamilə dağıla biləcəyini açıqlayıb.
“Bu, münasibətlərimizin dağıdılmasına gətirib çıxaracaq. Ən azı müşahidə olunan müsbət tendensiyaların məhvinə səbəb olacaq”, – Kreml rəhbəri qeyd edib.
Rusiya “Tomahawk” raketlərindən niyə bu qədər çəkinir? Bunun səbəbi nədir?
Müttəxəssislər deyirlər ki, Rusiyanın “Tomahavk” qorxusu əbəs deyil. Bu raketlər uzaqmənzilli və dəqiq zərbələr üçün nəzərdə tutulub. Üstəlik real döyüş şəraitində sınaqdan çıxarılıb. “Tomahavk” dəniz səthindən atılan, uzun məsafə qət edib düşmən ərazisinə enən, hədəfə yaxınlaşanda torpağın xəritəsini “oxuyan” və əmri uçuşda qəbul edə bilən bir raketdir. Bu, təkcə hərbi texnika deyil, eyni zamanda zamanın və məkanın kontekstini dəyişən strateji bir alətdir.
“Tomahavk” raketləri gözəgörünməz, dəqiq və çevik zərbə üçün nəzərdə tutulub. “Tomahavk”lardan Körfəz müharibəsi İraq, Suriyadan istifadə olunub. “Tomahavk”ların döyüş istifadəsi geniş ictimai diqqətini Körfəz müharibəsi zamanı qazandı. 1991-ci ildə ABŞ-ın dəniz platformalarından buraxılan “Tomahavk”lar həmin münaqişədə komanda-mərkəzlərini və digər strateji obyektləri hədəflədi və müharibənin ilk mərhələlərində hava məkanı və komanda-zəncirinə ciddi zərbə vurdu. Bu istifadə “Tomahavk”ın uzaq məsafəli, dəqiq zərbə aləti kimi nüfuzunu möhkəmləndirdi. 2003 ildə ABŞ-ın İraqa hücumunda da bu raketlərdən istifadə olundu. Yüzlərlə “Tomahavk” zərbəsi ilə Bağdad ətrafında seçilmiş hədəflər vuruldu. “Tomahavk”ların uzaqmənzilli vurma qabiliyyəti və gecə-səhər operativliyi ABŞ ordusuna müharibənin ilk günlərində taktiki üstünlük verdi. 2011-ci ilin yazında ABŞ-ın başçılıq etdiyi koalisiya Liviyaya hücum etdi. Əməliyyatın ilk mərhələsində dənizdən buraxılan yüzlərlə “Tomahavk” Liviya Silahlı Qüvvələrinə məxsus infrastruktur obyektlərini hədəfə aldı. Bu geniş istifadə koalisiya qüvvələrinə taktiki üstünlüyü ələ keçirmçəyə imkan verdi. 2017-ci ilin aprelində ABŞ 59 “Tomahavk” raketi ilə Suriyanın Homs şəhəri ərazisində yerləşən “Shayrat” hərbi hava bazasını hədəf aldı. Bu əməliyyat zamanı raketlər baza içindəki təyyarə, yanacaq və hava-müdafiə obyektlərinə yönəlmişdi. Bu hücum hərbi və siyasi rezonans doğurdu. “Tomahavk”ların hədəf seçimi, sayı və atılma tempi beynəlxalq müzakirələrin mərkəzinə çevrildi. 2018-ci ilin aprelində ABŞ, Fransa və Böyük Britaniya Suriya rejiminin kimyəvi obyektlərinə qarşı koordinasiyalı zərbələr həyata keçirdi. Bu hücumlarda ABŞ səfərbər etdiyi “Tomahavk”lar və digər dəniz-buraxılışlı raketlərdən istifadə etdi. Bu, “Tomahavk”ın hədəf çoxluğu və sinxronlaşdırılmış koalisiya əməliyyatlarına qatılma qabiliyyətini göstərdi. Rusiya və Suriya rəsmiləri bəzi raketlərin qarşısının alındığını iddia etsələr də, koalisiya üçün əməliyyatın planlanması və icrası mühüm taktiki mesaj idi. Bu misallar Tomahavkın güclü tərəflərini aydın göstərir. Uzaq məsafədən dəqiqliklə zərbə, dəniz və sualtı platformalardan operativ atılma, koalisiya əməliyyatlarına sürətli uyğunlaşma və hədəfi dəyişmək qabiliyyəti. Lakin reallıqda raketlərin tam zəfərlə nəticələnməsi şərtlərinin içində kəşfiyyatın dəqiqliyi, zərbə sinxronizasiyası, hava müdafiəsinin mövcudluğu və mülki zərərin minimallaşdırılması kimi amillər dayanır. Məsələn, hava müdafiəsi və elektron mübarizə vasitələri bəzi hallarda “Tomahavk”ların effektivliyini məhdudlaşdıra və ya sayını artırmağa məcbur edə bilir.
“Tomahavk”ların texniki xüsusiyyətlərinə də nəzər salaq.
“Tomahavk” (BGM-109 Tomahawk) sualtı, yerüstü və quruda yerləşdirmələr üçün Amerika dəqiq idarə olunan orta mənzilli qanadlı raketlər ailəsinin adıdır. Onlar yerli amerikalıların yaxın döyüş silahı olan baltanın şərəfinə adlandırılıb. “Tomahavk” balta deməkdir.
Bu çoxməqsədli raketlər 1970-ci illərdə General Dynamics tərəfindən hazırlanıb. İlk modifikasiya 1983-cü ildə istifadə olunub. 1991-ci ildən bəri “Tomahavk” ABŞ Hərbi Dəniz Qüvvələrinin iştirak etdiyi bütün münaqişələrdə istifadə olunur.
“Tomahavk” (BGM-109) seriyası, uzun illər öncə formalaşsa da, indiyədək müasir döyüş əməliyyatlarında öz yerini qoruyub. Onun ən qorxuducu tərəfi yalnız partlayıcı yükü deyil, bu raketin uzaqmənzilli, subsonik, aşağı profilli və yüksək dəqiqliklə hədəf vurmasındadır. Hazırda müxtəlif versiyaları mövcud olan “Tomahavk”lar gəmidən, sualtı qaynaqlardan və vertikal buraxılış sistemlərindən (VLS) atıla bilir. Bu, rəqib üçün həm taktiki, həm də psixoloji problem yaradır. Raketin start nöqtəsini, trayektoriyasını və dəqiq gələcək vaxtını proqnozlaşdırmaq çətindir.
“Tomahavk”ların rəqib üçün təhlükəsi bir neçə texniki elementin sintezi nəticəsində yaranır: 1. “Tomahavk”lar yüzlərlə kilometrə qədər məsafəni qət edə bilir. Eyni zamanda GPS, inersial naviqasiya (INS), TERCOM (terrain contour matching — relsli uyğunlaşdırma) və DSMAC (digital scene-matching area correlator - səhnə uyğunlaşdırma) kimi sistemlərin kombinasiyası hədəfə yüksək dəqiqliklə çatmağı təmin edir. Bu, strateji obyektlərin - komanda məntəqələrinin, nəqliyyat və kommunikasiya qovşaqlarının uzaq məsafədən məhv edilməsini mümkün edir.
“Tomahavk”lar çox vaxt “qapı döyən” zərbələr üçün istifadə olunmayıb. Onların möhtəşəmliyi daha çox məhz strateji və seçilmiş hədəflərdə özünü göstərir. Komanda-xətləri, radar qovşaqları, mühüm infrastruktur və ya hədəflərin neytrallaşdırılması üçün bu raketlər yüksək effektivdir. Uzaqmənzilli, dəqiq vurma qabiliyyəti döyüş əməliyyatlarında zərərçəkənlərin sayını azaltmaq, mülki infrastruktura yönəlik təsirləri minimuma endirmək və əməliyyat məqsədinə daha hədəfli çatmaq imkanı yaradır.
“Tomahavk”ların qorxunc olduğu yalnız texnika deyil, onların yaratdığı taktiki və psixoloji effekt daha genişdir. Raketlərin uzun məsafədən vurma qabiliyyəti ölkənin düşməninə “evindən çıxmadan” zərbə vurmaq imkanını göstərir. Bu isə müdafiə strategiyalarını və resurs paylanmasını yenidən düşünməyə vadar edir. Həmçinin, uçuş zamanı yenidən proqramlaşdırma qabiliyyəti komandirlərə taktiki üstünlük verir və raketin sözün əsl mənasında “hərəkətli” silah olmasını təmin edir. “Tomahavk”ların son versiyaları əvvəlkilərdən fərqli olaraq şəbəkələşmə, daha yaxşı kəşfiyyat inteqrasiyası və dəyişkən missiya qabiliyyətləri təqdim edir.
Məsələn, “Block IV” kimi modern variantlar uçuş zamanı məlumat mübadiləsi, hədəf ətrafında fırlanma və yeni koordinatların alınması xüsusiyyətlərinə malikdir. Bu raketlər bu gün dünyanın bir neçə ordusunda var.
1995-ci ildə Britaniya sualtı donanması üçün “Tomahavk” raketlərinin ilk partiyası alınıb. İlk raketlər 1998-ci ildə Londona çatdırılıb. “Tomahavk”lar Britaniya ordusunun “Astute” və “Trafalqar” sinifli sualtı qayıqlarda istifadə olunur.
2023-cü ilin yazında ABŞ Dövlət Departamenti Avstraliyaya 200-ə qədər “Tomahawk Block V” və 20 “Block IV” raketinin satışını təsdiqləyib. 2024-cü ilin yanvarında Yaponiya öz esminesləri üçün 400 “Blok IV” və “Blok V” raketləri almaq üçün müqavilə imzalayıb. Keçən aprel ayında Pentaqon Hollandiya Hərbi Dəniz Qüvvələrinin freqatları və sualtı qayıqları üçün Hollandiyaya 175-ə qədər raketin satışını təsdiqləyib. Bu ilin mart ayında Almaniya öz donanması üçün raketlər almaq niyyətində olduğunu açıqlamışdı. Sentyabrın 28-də ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya “Tomahavk” raketlərinin verilməsi imkanını müzakirə edir, lakin qərar prezident Donald Trampın səlahiyyətindədir. “Axios” xəbər verir ki, Kiyev ötən il ərzində dəfələrlə Vaşinqtondan bu raketləri satmağı tələb edib, lakin rədd edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ