Onlayn ictimai-siyasi qəzet
Anasının sevgi münasibətində olduğu şəxsi öldürməkdə ittiham olunan 22 yaşlı Məhəmmədəli Əmirxanov məcburi müalicəyə göndərilib. Onun paranoid şizofreniya xroniki psixi xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Musavat.com-un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində baş verib.
Məhəmmədəlinin qətlə yetirdiyi Səid Əhmədovun 38 yaşı var imiş.
Məhəmmədəli ifadəsində deyib ki, Səid onun anası ilə münasibətdə olub. O, isə bu münasibəti qəbul etməyərək dəfələrlə onlardan ayrılmalarını tələb edib. Sonuncu dəfə evə gələn zaman anası ilə Səidi yenə birlikdə görüb və mətbəxdən götürdüyü bıçaqla Səidə zərbə endirib.
Məhəmmədəli dindirilən zaman deyib ki, anası və atası boşanıb. Sonra anasının Səid adlı şəxslə münasibəti yaranıb. O, bu münasibətə qarşı olduğunu söyləyib.
Xəstəliyindən danışan Məhəmmədəli qeyd edib ki, hərbi xidmətdə olan zaman onda psixi problemlər yaranmağa başlayıb:
“66 gün Hərbi Kliniki Hospitalda müalicə aldım. Tərxis olunandan sonra Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildim. 49 gün də həmin xəstəxanada qalıb müalicə aldım. Sonradan səhhətim normallaşdığı üçün evə buraxıldım. Amma bir aydan bir şizofreniyaya qarşı iynə vururdular”.
Suallara cavab verən Məhəmmədəli deyib ki, xəstəxanadan çıxanda anası ona Səid adlı şəxslə münasibətinin olduğunu bildirib. Lakin buna etiraz edərək Səidin evlərinə gəlməməsini istəyib:
“Mən anama dəfələrlə dedim. Həmin şəxsin evimizə gəlməməsini istədim. Hadisə günü onları bir yerdə görəndə özümü itirdim. Hadisənin tam olaraq necə baş verdiyini xatırlamıram. Bildiyim qədər, birinci bıçaq zərbəsini vuranda anam əlini qabağa uzatdığı üçün onun qoluna dəydi. İkinci zərbəni necə vurduğumu bilmirəm”.
Məhkəmədə mərhumun hüquqi varisi və zərərçəkmişlərin verdiyi ifadələrdən məlum olub ki, bıçaqlanan Səid bir neçə saat xəstəxanaya getməmək üçün israr edib. O, “satmaq kişilikdən deyil” deyərək xəstəxanaya getməkdən imtina edib.
Bir müddət qan itirən Səidin halı pisləşəndə onu məcburi xəstəxanaya aparıblar. Yolda huşunu itirən Səid xəstəxanada əməliyyat edilən zaman dünyasını dəyişib.
Məhəmmədəlinin anası şahid kimi dinirilən zaman qeyd edib ki, Səidin xəstəxanaya aparılmaması, təcili yardıma zəng edilməməsi onun öz istəyi olub:
“Səid imkan vermədi ki, həkimə aparaq. Dedi ki, heç kimi satmaq istəmir. Bizim məqsədimiz cinayəti gizlətmək olmayıb”.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə aparılan araşdırmadan sonra Məhəmmədəli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.
Qeyd edək ki, Məhəmmədəli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İ.Muradov
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ