Onlayn ictimai-siyasi qəzet
Yardımlı rayon Bozayran kənd tam orta ümumtəhsil müəssisəsində Xüsusi Təyinatlı Qoşunların əsgəri, 44 günlük Vətən Müharibəsində şəhid olmuş “Rəşadət” ordenli şəhid Əli Rzalının xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Musavat.com xəbər verir ki, tədbir zamanı şəhidin adı bir sinif otağına verilərək əbədiləşdirilib. Tədbirdə şəhid valideynləri, icra Hakimiyyətinin şəhidlər komitəsinin şöbə müdiri Rövşən Süleymanov , qazi Rəfail müəllim, ağsaqqal ziyalı Zakir İmanov, şəhidin dayısı Güloğlan İmanov, Yardımlı rayon Azad Həmkarlar İttifaqının rayon təmsilçisi Azər Əkbərov, kənd sakinləri və məktəbin şagirdləri iştirak edib.
Əvvəlcə şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub, Dövlət Himni səsləndirilib. Şəhid Əli Rzalının keçdiyi ömür yolundan bəhs edən təqdimat məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Paşayeva tərəfindən təqdim olunub, daha sonra videoçarx nümayiş etdirilib. Şagirdlərin şəhidlərə həsr edilmiş şeir və kompozisiyaları böyük maraqla izlənilib, duyğusal anlar yaşanıb. Tədbirə təşrif buyurmuş XTQ mənsubu olan qazimiz, şəhid Əli Rzalının döyüş yoldaşı və Əlinin şəhidlik məqamına yüksəlməsinin şahidi olan, ehtiyata buraxılmış gizir Asif Bəbirlinin çıxışı hamını kövrəldib. Gizir bildirib ki, Murov yüksəkliklərinin birində, gərgin döyüşlər zamanı yaralıların xilas olunmasında Əli Rzalı xüsusi şücaət nümayiş etdirib. Bu zaman onun başından dəbilqə düşdüyü üçün Asif bəy öz dəbilqəsini çıxarıb ona verib ki, özünü qorusun. Bundan sonra özü digər yaralılara yardıma tələsib. Geri dönərkən Əlinin qumbaraatan mərmisinin qəlpəsindən həlak olduğunu görüb…
Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri: Zakir İmanov, Rövşən Süleymanov, Rəfail Mustafayev, məktəbin direktoru Seymur Hüseynov, Azər Əkbərov, Güloğlan İmanov, şəhid ata və anaları çıxış edərək şəhidlərin unudulmaması üçün Bozayran kənd tam orta məktəbində silsiləli olaraq şəhid tədbirlərinin keçirilməsini təqdirəlayiq olduğunu bildiriblər və bunun gözəl ənənə olduğunu qeyd ediblər. XTQ şəhidi Zairli Zahidin anası Rübabə ana və atası Azad kişi, XTQ şəhidi Əli Rzalının anası Samirə ana və atası Nuru kişi, o cümlədən şəhid Mahmud Mayıllının atası çıxış edərək şəhid Əli Rzalı haqqında xatirələrini bölüşüblər. Bu kimi tədbirlərin keçirilməsi şagirdlərə milli-mənəvi dəyərlərin aşılanmasında böyük rolunun olduğunu qeyd ediblər və tədbirə görə məktəb rəhbərinə, kollektivinə öz təşəkkürlərini bildiriblər.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ