İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus əsgərinin ayağı dəyən hər yer bizimdir” mesajı

Rəngləri çox tündləşdirmədən Azərbaycan bu sual üzərində fokuslana bilər: əcəba, Putinin dediyi bu fikir Rusiyanın yeni xarici siyasəti konsepsiyasıdırmı?

Dünya mediasının və Qərb liderlərinin başı İsrail-İran münaqişəsinə cəlb olunduğu bir vaxtda, Sankt-Peterburqda Rusiya prezidentinin səsləndirdiyi fikir reketlərin partlayış səsləri arasında sanki eşildilməz oldu. Halbuki Putinin dediyi cəmi bir cümlə artıq yeni münaqişlər və işğalçı müharibələrin anonsu kimi də dəyərləndirilir.   

Sankt-Peteburq Beynəlxalq İqtisadi Forumunda Nadim Koteişin moderatorluq etdiyi panel müzakiridə ərəb jurnalistin Ukrayna müharibəsinin gələcəyi ilə bağlı suala Putin belə cavab verib: “Rus və Ukrayna xalqları bir xalqdır. Bu mənada bütün Ukrayna bizimdir. Rus əsgərinin ayağı dəyən hər yer bizimdir...” Düzdür, sonra Putin əlavə  edib ki, militarist kimi görünmək istəmir, amma söz ağızdan çıxdısa, daha sənin deyil... 

Rusiyanın əsas xəbər agentlikləri isə Putinin dediyini redaktə etməyə həvəsləniblər, yaydıqları xəbərdə “rus əsgəri” əvəzinə “rusiyalı əsgər” yazıblar. Bəzi Rusiya KİV təmsilçilərinin “Rusiya prezidentini niyə redaktə edirsiniz” iradlarına baxmayaraq, aydındır ki, Kremlin iradəsi olmasa, agentliklər bu cür dəyişikliyə risk etməzdilər. “Rus əsgəri” ilə “rusiyalı əsgər” arasında fərqi anlamağa nə var ki...

Rəngləri çox tündləşdirmədən Rusiyanın qonşusu kimi Azərbaycan bu sual üzərində fokuslana bilər: əcəba, Putinin dediyi bu fikir Rusiyanın yeni xarici siyasəti konsepsiyasıdırmı? Putinin dediyinin sətiraltılarını oxumağa çalışsaq, məsələn, 2020-ci ilin noyabr razılaşması ilə Qarabağa da rus əsgərinin çəkmələrinin dəydiyini yada sala bilərik. Bu, Gürcüstanın və ya Moldovanın işğal olunmuş torpaqlarındakı sülhməramlı rus əsgərlərinin çəkmələrinə də aiddirmi? Bir az da primitivləşdirsək, Qazaxıstanda hakimiyyət əleyhinə qiyam olanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ortaq əməliyyatlarında paytaxtda rus əsgərinin keşik çəkdiyini də xatırlamaq olar. Yeri gəlmişkən, Ermənistan Putinin dediyindən narahat olmaya bilər: rus əsgərinin çəkmələri 2040-cı illədək Gümrüdə qalır...

Rusiya prezidenti çox da uzaq olmayan keçmişdə (gərək ki, “Valday” diskussiya klubundakı çıxışında)  buna bənzər daha bir “qanadlı fikir” işlətmişdi: “Rusiyanın  sərhədləri heç yerdə bitmir”.  Dünyada ciddi reaksiya doğuran bu fikrinə də Putin qəribə izahat vermişdi. Demişdi ki, bu sözlər ilk dəfə ABŞ-ın keçmiş prezidentlərindən biri ilə görüş zamanı zarafat kimi deyib. Prezidentin sözlərinə görə, rus dünyası qlobal xarakter daşıdığından və rus dili BMT-nin rəsmi dillərindən biri olduğundan bu ifadəni işlədib. Yəni bu  bu, Rusiyanın dövlət-sivilizasiya kimi sərhədlərinin olmaması deməkdir...    

Putinin Peterburqada dediyinə ilk reaksiya Ukrayna lideri Zelenskidən gəlib. O  deyib ki, bu təhdid təkcə Ukraynaya yönəlməyib. Putin rus əsgərlərinin ayaqları haqqında danışanda, Belarusu, Baltikyanı ölkələri, Moldovanı, Qafqazı, Qazaxıstanı da hədələyib. Zelenski “Rusiya işğalçısının  ayağına vurmağa Ukrayna PUA-ları tapacaqlarını” da deyib.  Ukraynanın xarici işlər naziri də hesab edir ki, Putin bu cür mövqe ilə ABŞ-ın sülh səylərini vecinə almır. Sibiqa yazıb: “Əslində, rus əsgəri hara addım atsa, ora yalnız ölüm, dağıntı gətirir”.

Bəzi reaksiyalarda isə Putinin “rus çəkmələri”ndə qorxmamağa çağırışlar var. Çünki müasir müharibədə quru qoşunları deyil,  uzaqdan idarə olunan zərbə dronların həlledici rol oynayır.

Putin məhz Ukrayna ilə bağlı sual əsnasında belə mövqe ortaya qoysa da, əslində bütün qlobal strateji təhlükəsizlik sistemini heçə sayıb, necə ki, ABŞ ötən gecə İranın nüvə obyektinə vurduğu zərbə də ilə yazılan konvensiyaları, BMT qərarlarını heçə sayıb,  zibil qutusuna atıb... 

Bəzi rus siyasətçiləri hələ 2000-ci illərin əvvəllərində rus əsgərlərinin çəkmələrini Hind okeanında yuyacaqları haqda  danışırdılar.  Sonradan nədənsə, bunu o zamanlar  daha çox avantürüst bəyanatları ilə seçilən LDPR lideri Vladimir Jirinovskinin adına çıxdılar. Lap sonralar  Jirinovski ona aid edilən fikri dilə gətirmədiyini dedi, amma hələ də onun adınını xatırladırlar...

Putinin dedikləri Quran ayəsi deyil, amma diqqət etməkdə fayda var.  

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR