İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Qazaxıstana tarixi səfəri

İki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsində; İlham Əliyev Ermənistana tranzitlə bağlı bütün məhdudiyyətlərin ləğv edildiyini dedi

Oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüşü olub.

Elə həmin gün dövlət başçılarının iştirakı ilə Astanada “Orta dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İclasda çıxış edən Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev isə çıxışında deyib ki, torpaqlarımızın işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.

CROSSMEDIA - İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət  edib

Daha sonra Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. İ.Əliyev bildirib ki, bu gün Azərbaycanla Qazaxıstan arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir: “Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.

İlham Əliyev həmçinin qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Prezident deyib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Dövlətimizin başçısı vurğulayıb: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycanla Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Qazaxıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə qazax xalqının milli geyimi hədiyyə edilib. Hədiyyəni Kasım-Jomart Tokayev təqdim edib.

İlham Əliyev Qazaxıstan və Azərbaycanın mədəniyyət günlərinin tez-tez  keçirilməsini təklif edib » Newscenter.az

Prezident İlham Əliyevin Qazaxıstana ikigünlük səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərdi. Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. 470 milyon dollar ticarət dövriyyəsi ilə Qazaxıstan həmçinin Türk dövlətləri arasında Azərbaycanın ikinci ən böyük ticarət ortağıdır. Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artıb. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Göründüyü kimi, tərəflər arasında çoxsahəli əməkdaşlıq platforması formalaşmışdır. Ölkələr arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır. Xüsusən də son illər Türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirib. Bu isə ölkələr arasında ciddi əməkdaşlıq potensialının olduğunu və bundan artıq daha sıx şəkildə istifadə edildiyini göstərir.

Qazaxıstan və Azərbaycan arasında yenidən və fundamental qaydada nəzərdən keçirilən əlaqələr iqtisadi müstəqilliyin və bütövlükdə Avrasiyanın yeni prinsiplər üzrə reinteqrasiyasının əsas elementlərindən biridir. Azərbaycan və Qazaxıstan siyasi və iqtisadi konsepsiya, həmçinin ambisiyalar baxımından yenilikçi davranır. Məhz bu yanaşma TDT-nin daha da güclənməsinə gətirib çıxardacaq. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri ilə regional təşəbbüsləri və qlobal təcrübəni birləşdirərək, konkret sahələr üzrə model qurub bunu təsisat çərçivəsində bölüşməlidir. Ortaq ambisiya ilə çıxış etmək və qərar vermək çətin, lakin mümkündür. Azərbaycan və Qazaxıstan bu çətin şəraitdə mümkün olan bütün addımları atmaq yoluna çıxıb. İrimiqyaslı layihələrin icrasında nəinki bürokratik əngəllərin olmaması, süni intellekt üzrə ən qabaqcıl texnologiyaların tətbiqi vacibdir. Həm Azərbaycan, həm də Qazaxıstan Prezidenti siyasi nizamda nəyin lazım olduğunu dərk edən və ortaq vizyonlu liderlər, cəlb etməyə qadir olan siyasətçilərdir.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstan səfəri tarixi səfər oldu. Bu səfər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərini daha da dərinləşdirdi: “Azərbaycan-Qazaxıstan əməkdaşlığının əhatə dairəsi get-gedə böyüyür. Bu gün ölkələrimiz arasında fəal siyasi dialoq bütün sahələrdə əlaqələrin inkişafına yol açır. İqtisadi əlaqələr dinamik şəkildə genişlənir, o cümlədən nəqliyyat-logistika və enerji sahələrində ortaq təşəbbüslər əsasında mühüm layihələr icra olunur. İki ölkə arasında imzalanmış çoxsaylı sənədlər - o cümlədən "Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə" - siyasi əlaqələrin institusional bazasını formalaşdırıb. Bu sənədlər dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldərək, əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirib. Azərbaycan və Qazaxıstan liderləri arasında həyata keçirilən mütəmadi görüşlər, qarşılıqlı dövlət səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq bu tərəfdaşlığın dinamik və sabit xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "bu münasibətlər sadəcə diplomatik əlaqələr deyil, qardaşlıq və qarşılıqlı dəstək münasibətləridir". Azərbaycan və Qazaxıstan çoxtərəfli formatda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s. çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Ölkələrimiz beynəlxalq aləmdə bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqe tuturlar. Bu gün Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, Türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. İki ölkənin strateji müttəfiqliyi qarşıdakı illərdə də regionda sabitliyin, inkişafın və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR