Onlayn ictimai-siyasi qəzet
Ermənistan Prokurorluğu uydurma “artsax”ın İrəvandakı qondarma “nümayəndəliyi”nin binası ilə bağlı iddia qaldırıb. Yerli medianın yazdığına görə, 2017-ci ildə qeydiyyatdan keçmiş mülkiyyət hüququnun etibarsız sayılması tələb edilir. Cavabdeh tərəf Dövlət Kadastr Komitəsidir. İddia İnzibati Məhkəməyə dünən, iyulun 15-də daxil olub.
Bəllidir ki, Qarabağdakı separatçı-xunta rejimi 2023-cü ilin sentyabrında, bir günlük antiterror əməliyyatının yekunu olaraq tarixin zibilliyinə atılıb. Lakin separatçı-kriminal ünsürlər İrəvana köçəndən sonra revanşist bəyanatlar verir, Azərbaycan dövləti əleyhinə çıxışlar edirlər. Paşinyan hakimiyyətinin təmsilçiləri isə “arrtsax institutları”nın ölkədə fəaliyyət göstərməsini Ermənistana təhlükə kimi qiymətləndirərək, onların mövcudluq haqqı tanınmayacağı barədə dəfələrlə xəbərdarlıq ediblər.
Diqqəti çəkən həmçinin prokurorluğun iddiasının Azərbaycan və Ermənistan liderlərinin ötən həftə Əbu-Dabidə apardığı danışıqlardan sonra qaldırılmasıdır. İstisna deyil ki, Bakı 5 saatlıq görüşdə bu məsələni də qaldırıb və İrəvan cavab tədbiri görməyə məcbur olub.
Bu da var ki, bir neçə gün qabaq İrəvanın mərkəzində separatçıların Azərbaycana sərt hücumlar etməsinə imkan yaradılmışdı. Təbii ki, bütün bunlar rəsmi Bakını qıcıqlandırmaya, İrəvanın sülh danışıqlarındakı səmimiliyini şübhə altına almaya bilməzdi...
Daha əvvəl uydurma qurumun yeni “prezident” seçmək təşəbbüsü daşa dəymişdi. Ehtimal ki, bu fiaskonun arxasında da Nikol Paşinyanın iradəsi durur. Dünən isə məlum oldu ki, Paşinyan hökuməti Bakıda məhkəməsi gedən erməni milyarder Ruben Vardanyanın azadlığa çıxması xahişi ilə ABŞ lideri Donald Trampa məktub göndərməkdən imtina edib. Bunu da hökumət Bakı ilə sülh prosesinə əngəl yarana bilməsi ilə izah edib. O ayrı məsələ ki, Rusiyaya bağlı Vardanyanın həbsdə qalması Paşinyana sərf edir. Çünki sonuncu indiki hakimiyyəti qarşıdır və onun devrilmişinin tərəfdarıdır.
Beləcə, təəssürat yaranır ki, baş nazir Bakı ilə sülh danışıqlarının önünü tam açmaq fikrindədir. Məntiqlə də sülh sənədinin imzalanmasına və iki qonşu dövlətlə – Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik, iqtisadi-ticari əlaqələrin qurulmasına ən çox İrəvan can atmalıdır. Çünki izolyasiyada olan, Rusiyadan total iqtisadi-ticari asılılıqda olan məhz Ermənistandır. İqtisadi asılılıq isə adətən siyasi, hərbi asılılıq yaradır.
Lakin Azərbaycan və Türkiyə ilə yaxınlıq belə təhlükə vəd eləmir. Ona görə ki, Bakı və Ankaranın imperiya planları yoxdur, ikitərəfli münasibətlərdə həm Bakı, həm də Ankara Moskvadan fərqli olaraq səmimidir, öhdəliklərə sadiqdir.
Qalır indi bütün bunları səbir və təmkinlə erməni cəmiyyətinə anlatmaq, onu sülhə hazırlamaq. O cəmiyyət ki, orada təəssüf ki, hələ də Türkə nifrət kifayətə qədər güclü olaraq qalır. Paşinyan hökumətinin bir işi də ksenofobiyanı körükləyənləri neytrallaşdırmaq, o sırada Azərbaycan və Türkiyə ilə sülhün əleyhinə olan “5-ci kolonçu”ları zərərsiz hala gətirməkdir.
Proses gedir. Ümid edək ki, bu dəfə yarıyolda qalmayacaq...
Analitik xidmət,
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ