İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya ABŞ-dən 1 həftə də güzəşt ala bildi

ABŞ prezident Aleksandr Vuçiçlə danışıqlardan sonra Serbiyanın ən böyük enerji şirkəti NIS-ə (Neftna Industrija Srbije) qarşı sanksiyaların tətbiqini növbəti dəfə - 8-9 oktyabr tarixinə təxirə salıb.

Musavat.com xəbər verir ki, məlumatı Serbiyanın Radio Televiziyası yayıb.

Məlumata görə, Serbiya prezidenti ilə danışıqlardan sonra ABŞ NIS-ə qarşı sanksiyaların tətbiqini daha 8 gün, oktyabrın 8-9-na qədər təxirə salıb. Əvvəlki qərara əsasən, sanksiyaların oktyabrın 1-i çərşənbə günü qüvvəyə minməsi nəzərdə tutulurdu.

Vuçiç əvvəllər ABŞ-ın NIS-ə qarşı sanksiyalarının oktyabrın 1-dən qüvvəyə minəcəyini və bunun ölkə iqtisadiyyatı və enerji sektoru üçün ciddi çətinliklər yaradacağını bildirib. O, Belqradın "ABŞ-Rusiya qarşıdurmasında girova" çevrildiyini vurğulayıb və Serbiya üçün xərclərin "son dərəcə yüksək" olacağına dair xəbərdarlıq edib.

Vuçuç qeyd edib ki, Serbiya hakimiyyəti həmişə həm rus, həm də amerikalı tərəfdaşlarla sivil münasibətdə olmağa çalışıb, lakin sanksiyalar işçilər qarşısında öhdəliklərin yerinə yetirilməsini çətinləşdirə və şirkətin cari fəaliyyətinə təsir göstərə bilər. O, oktyabrın 1-dən əvvəl “bir növ möcüzənin” baş verə biləcəyini etiraf edib, lakin qarşıda çətin günlər və sərt qış barədə xəbərdarlıq edib.

Qeyd edək ki, NİS-in mühüm hissəsi Rusiyanın “Qazprom” şirkəti və onun törəmələrindədir. 2025-ci il yanvarın əvvəlində ABŞ Maliyyə Nazirliyi “Qazprom Neft”ə, onun baş direktoru Aleksandr Dyukova və Serbiyanın NIS şirkətinə qarşı sanksiyalar tətbiq edib. O vaxtdan bəri NIS ABŞ-dan altı dəfə 90 gün sanksiyalardan istisna ala bilib.

Bu müddətdə Belqrad şirkətdəki Rusiya payını aradan qaldırmaq istiqamətində heç bir addım atmayıb.

NIS Cənub-Şərqi Avropanın ən böyük şaquli inteqrasiya edilmiş enerji sistemlərindən biridir. O, neft və qaz kəşfiyyatı və hasilatı, neft məhsullarının marketinqi, enerji istehsalı və ticarəti, neft-kimya layihələri ilə məşğul olur. Əsas istehsal müəssisələri Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya və Macarıstanda yerləşir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR