Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya Kursk döyüşlərində iştirakını etiraf etdi – Pxenyanda “qəhrəman əsgərlərə” ehtiram - VİDEO
Musavat.com xəbər verir ki, Şimali Koreya dövlət televiziyası ilk dəfə olaraq öz hərbçilərinin Rusiyanın Kursk vilayətində gedən döyüşlərdə iştirakını təsdiqləyən reportaj yayımlayıb. Təqdim olunan material açıq şəkildə propaganda xarakteri daşıyır və Pxenyanda keçirilən xüsusi konsert zamanı ölkənin ali rəhbərliyinə nümayiş etdirilib.
Konsertdə yüksək rütbəli komandirlər, əsgərlər və döyüşlərdə həlak olan hərbçilərin ailə üzvləri iştirak ediblər. Zalda həlak olan şimal koreyalı döyüşçülərin şəkilləri önündə anım mərasimi keçirilib. Şimali Koreya lideri Kim Çen In onların xatirəsini yad edərək, əsgərləri “millətə şöhrət gətirən qəhrəmanlar” adlandırıb.
Rəsmi Pxenyan uzun müddət bu barədə susurdu. Lakin indi Şimali Koreya ordusunun bir hissəsinin Rusiya tərəfində cəbhəyə göndərildiyi rəsmən təsdiqlənib. Hərbi mütəxəssislərin fikrincə, şimal koreyalı qüvvələrin döyüşlərdə iştirakı əvvəlki aylara nisbətən azalsa da, ölkənin Moskva ilə hərbi əməkdaşlığı davam etdirəcəyi gözlənilir.
“The Wall Street Journal”ın məlumatına görə, Kim rejimi Rusiyaya yüksək rütbəli zabitlərin yenidən göndərilməsini nəzərdən keçirir. Bu, Moskva-Pxenyan hərbi ittifaqının dərinləşdiyinə işarə kimi dəyərləndirilir.
Xatırladaq ki, Şimali Koreya Ukrayna müharibəsi fonunda Rusiyaya həm silah-sursat, həm də canlı qüvvə dəstəyi göstərməkdə ittiham olunur. Pxenyanın bu etirafı isə həm daxili təbliğatın gücləndirilməsi, həm də Kremlə sadiqliyin nümayişi kimi şərh olunur.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ