Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan deyimi, var "ölübdür, xəbəri var". Biz bir az sənətimizə, dəyərlərimizə etinadsız yanaşırıq. Məqsədsiz və mənasız yaşayırıq, günahı özümüzdə görmürük. Mən öz peşəmdə də həmişə bunu deyirəm. Əgər tələbəm yaxşı deyilsə, günah məndədir. Bu sözdən də qorxmuram”.
Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Cahangir Novruzov "Qapqara" yutub layihəsində deyib. O, teatrın hazırkı vəziyyətindən də bəhs edib:
“Teatrın dirçəlməsi üçün universitetdən başlayaram. Hər şeyin təməli düzgün qoyulmalıdır. Gənclər hər zaman daha perspektivli sənətlər seçirlər. Zamanında Azərbaycanda incəsənətə gələnlər Müslüm Maqomayev, Nəsibə Zeynalova, Rəşid Behbudov, Bəşir Səfəroğlu olmaq istəyirdi. Ona görə gəlirdilər. İndi kim olmaq istəsinlər? İndi prokuror, həkim, vəkil olmaq istəyirlər. Çünki pul oradadır, maraqlıdır ki, həkimlər nə istəyir içirlər, amma Hippokrat andı içmirlər.
Dünya əxlaqı da dəyişir, diqqət etmək lazımdır. Elə bir zaman gəlib ki, biz xalqın ayağına getməliyik, onun içindəki istedadı tapmalıyıq. Mən muğam müsabiqəsinə çox diqqətlə baxıram. Oradaki münsiflərin dəyərləndirmələrini görürəm, onlara minnətdaram. Bu insanların dürüstlüyü, peşəkarlığı Azərbaycan muğamı üçün 20 il sonraya da təməldir. Ona görə də Azərbaycanda aktyorları teatra götürəndə, canlı yayımda müsabiqədən keçirmək lazımdır. Mən görüm ki, kim yalan danışacaq. Teatr yalnız bu halda düzələ bilər. Sinifin başında isə işini bilən ustad durduğu zaman öz adının əskik çıxmasına icazə verməz".
Könül
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ