Onlayn ictimai-siyasi qəzet
Bakıda yerləşən “Azərşin” ASC-nin zavod kompleksində 2006-cı ildən fəaliyyət göstərən icarədar sahibkar Yusif Məmiş oğlu Alıyev 19 illik işini davam etdirə bilmir. O, zavod ərazisində sex kirayələyərək mebel, qapı və digər avadanlıqlar istehsal edirdi.
Sahibkar Musavat.com-a deyib ki, müəssisənin indiki rəhbərliyi Xanlar Süleymanov elektrik enerjisini dövlətin müəyyən etdiyi tarifdən baha qiymətə satır. Ödənişlərdə çətinlik yarananda dərhal elektrik kəsilir və istehsal prosesi dayanır. Yusif Alıyev bildirir ki, ödənişləri qarşılamaq üçün hətta fəhlə kimi işləməli olub. Onun rəhbərliyə dəfələrlə müraciəti cavabsız qalıb, nəticədə 2024-cü ilin dekabrından sexinə tamamilə elektrik verilməyib. Sahibkar iddia edir ki, məqsəd onu bankrot vəziyyətinə salmaq və dəzgahlarını ələ keçirməkdir. Fəaliyyətin dayanması Yusif Alıyevi işsiz qoyub. Zavod kompleksi üç iri müəssisədən ibarətdir: BMC, “Azərşin” ASC və Elektrik Tökmə zavodları. İddialara görə, Xanlar Süleymanovun qudası Elektrik Tökmə zavoduna, qızının həyat yoldaşı isə BMC-ə rəhbərlik edir.
“Bakıda yerləşən “Azərşin” ASC-nin rəhbərliyi dövlətdən aldığı elektrik enerjisini bizə baha qiymətə satır. Pulu ödəyə bilməyəndə isə elektriki dayandırırlar,” - deyə, Yusif Məmiş oğlu Alıyev Musavat.com-a bildirib.
O, əlavə edib ki, əvvəlki rəhbərlik icarədarlara anlayışla yanaşırdı, mal-material almaqda çətinlik yaşayan sahibkarlara dəstək olurdu. Yeni rəhbərlik isə dövlətin strateji məhsulu olan elektrik enerjisini baha qiymətə satır və ödəniş gecikdikdə istehsalı dayandırır.
“Hazırda 1 aydır ki, elektriki kəsiblər, 200-300 manat borca görə məni işsiz qoyublar,” - deyə, Yusif bəy qeyd edib.
Sahibkar, həmçinin ASC ərazisində silahlı oyunlar təşkil edildiyini bildirib: “İşlədiyimiz yerdə belimizə silahdan atılan qurğuşun dəyir. Həmin qurğuşun gözümüzə dəysə, bizi kor edə bilər. Bu, Xanlar Süleymanovu düşündürmür”.
Yusif Alıyev ölkə rəhbərliyindən xahiş edir ki, “Azərşin” ASC-də baş verən qanunsuzluqlarla bağlı tədbir görülsün və işinin bərpasına imkan yaradılsın.
Musavat.com adı çəkilən hər kəsi dinləməyə hazırdır.
E.MƏMMƏDƏLİYEV
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ