Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Belçika Nümayəndələr Palatasının 17 iyulda qəbul etdiyi, Azərbaycana qarşı qərəzli və təxribat xarakterli qətnaməyə görə rəsmi şəkildə təşəkkür edib. O, “X” platformasında yayımladığı açıqlamada qətnamənin müəllifləri El Van Xuf və Mişel de Maeqe başda olmaqla, sənədə səs verən bütün deputatlara minnətdarlığını ifadə edib.
Qeyd edək ki, həmin qətnamədə guya Azərbaycanın Dağlıq Qarabağa “təcavüz etdiyi” iddia olunur, “erməni girovların azad olunması”, “mədəni irsin qorunması” kimi absurd və qərəzli çağırışlar yer alır.
Alen Simonyan – yəni Paşinyanın komandasında olan, onun “sülh yolunda tərəfdaşı” sayılan şəxs – bu separatçı və anti-Azərbaycan sənədə göstərilən “həssaslığa” görə minnətdarlıq ifadə edir. Halbuki həmin Paşinyan özü dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib.
Bu, bir daha göstərir ki, erməni siyasətində “diplomatik ikibaşlılıq” və “təslimiyyət görüntüsü altında revanşizm” dominantdır. Rəsmi İrəvan bir tərəfdən Bakı ilə sülh danışıqları apardığını bəyan edir, digər tərəfdən isə separatçıları müdafiə edən beynəlxalq addımları dəstəkləyir, təşviq edir və təşəkkür edir.
Bu isə o deməkdir ki, istənilən “erməni siyasi komandası”na inanmaq və etibar etmək strateji səhv olar. Onlar yalnız bir dildən anlayırlar – o da Azərbaycan Ordusunun 2020-ci ildə və 2023-cü ildə göstərdiyi demir yumruq dilidir.
Azərbaycanın sülhə sadiqliyi dəyişməzdir. Amma bu sülh, yalnız real, dürüst və ikili standartlardan uzaq siyasətə əsaslana bilər. Ermənilərin ikili oyunlarına qarşı isə cavab, daim ayıq-sayıq olmaq və milli maraqlardan bir addım belə geri çəkilməməkdir.
Musavat.com
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ