Onlayn ictimai-siyasi qəzet
Yaxud Fernando Botero Bakıda!
Keçmiş deputat və keçmiş nəqliyyat nazirimiz Ziya müəllimin qardaşı Elton müəllimin akademiyada 3 milyon yeyintiyə yol verdiyi, hətta bu istiqamətdə cinayət işi açılması, pulu büdcəyə qaytardığı və sairə barədə xəbər yayılmışdı. Elton müəllim dərhal bunu təkzib elədi, deyir hazırda AMEA-da sosial işlərlə məşğulam, yeyinti yalandır və sairə.
Doğrudan da, məntiqlə 3 milyon yeyinti olsa, ən azı adamı tutmalıdırlar. Bizdə hüquqi dövlətdir, 3 manat əkişdirəni də tuturlar. (Bəzən tülkülər toyuq oğrularını içəri salıb fermanı özləri həzm-rabedən keçirir, lakin indi bu söhbətin yeri deyil, həm də mən siyasətə qarışmıram). Eyni zamanda əgər dövlətə xəyanət, çevriliş kimi maddələrlə suçlanan adam villada oturub pəncərəyə qonan milçəkləri sayırsa, 3 milyon yeyintiyə görə azadlıqda qalmaq təbii hal sayılmalıdır.
Ancaq mən Elton müəllimin təmiz insan olmasına mənsub olduğu ailəyə görə də çox inanıram. Hazırda ailə-məişət mövzuları moddadır, məcburuq biz də bu rakursdan problemə giriş edək. Sözgəlişi, hərənin rəsmi olandan əlavə uşaqları tapıldıqca məndə belə sual yaranır ki, niyə bizdə əhali sayı azalır. Məntiqlə, tərsinə olmalıydı. İnşallah, gizli iqtisadiyyatı və gizli övladları qeydiyyata alandan sonra demoqrafik sıçrayışımız qaçılmaz olacaqdır!
Bəli, ailə dəyərlərindən bəhs edirdik. Ölkəmizdə milli-mənəvi dəyərlərin başında gələn ailə məsələsi çox vacibdir. Xaricdə ailə olmur, uşaqlar atasız böyüyür, Almaniya dağılır. Azərbaycanda isə ailə müqəddəsdir. Elə müqəddəs olduğu üçün bəziləri ikinci-üçüncü ailələrini gizli saxlayırlar, axı müqəddəs şeylər adətən gözəgörünməz olur! Nəsə, çox dərinə getməyək, qayıdaq mövzuya.
Qeyd etdiyim kimi, Elton müəllim müqəddəs bir ailənin övladıdır, hacıdır, onun qardaşları da dindarlığı ilə tanınır, hətta Ziya müəllim nəqliyyat naziri işləyəndə namaz qılmaqdan nazirliyin parketi və Bakı-Quba yolu yeyilmişdi. Nəqliyyat müfəttişləri küçədə hansı taksi sürücüsünü tutsalar lomla döyüb məcburən Həccə ziyarətə göndərirdilər. Oğlu Anar müəllim Ayıları Qoruma Fondu yaratmışdı.
Ümumiyyətlə, sevindirici haldır ki, bizdə belə xəbərlər adətən yalan çıxır. Məsələn, iddia edilirdi guya Bakıda qədim binalar sökülür. Lakin icra hakimiyyəti açıqladı, deyir, orda tarixi bina olmamışdır. Prinsipcə, hamımız razıyıq ki, Qız qalasının yerində xəngəlxana açılsın. Köhnəlmiş şeylər nəyimizə lazımdır? Get gətir, görüm Şirvan şahları o balaca daxmalarda yaşayarmı, əgər hansısa JEK müdirinin villası “Şirvanşahlar sarayı”nın on qatı qədərdirsə?
Yaxud Adnan müəllimin dükanlar şəbəkəsinin bağlandığı söylənmişdi, o da yalan çıxdı. Hara baxırsan, yalan-palan, şişirdilmiş məlumatlar dolaşır. Məncə, bu silikonlu xəbərlərin yaranması ərazidəki ictimai-siyasi proseslərlə bağlıdır. Bir az elə bil ki, çox şişmişik.
Maraqlıdır ki, bu şişmə... mədəni sferaya da təsirini göstərir. Bir italyan rəssam var, meyvə heykəlləri qayırır, onun Bakıda daimi sərgisi keçirilir, yəqin görmüş olarsınız: nəhəng üzüm, alma-armud, xiyar-bamadur fiqurlarıdır. İnsandan böyük üzüm salxımı olarmı? Bizdə var. Lakin Bakıda daha maraqlı sərginin açılışı bir-iki günə baş tutmalıdır. Kolumbiyalı bir ünlü rəssam var, Fernando Botero adında. Botero rəssamlıqda öz üslubunu - boterizm adlanır - yaratmış nadir sənətkarlardan olmuşdur. Bu üslubun qısa izahı belədir ki, Boteronun çəkdiyi bütün fiqurlar, yaratdığı bütün heykəllər... gombul olur. Yəni Botero təkcə ənənəvi pişiyi-filanı gombul düzəltmir, onun rəsmlərində hətta iynə-sap da şişmiş formada ola bilər. Ona görə Boteronun rəsmləri insana toxluq, gümrahlıq, xoş əhval-ruhiyyə aşılayır. Bir növ, bizim məşhur “Bunlar yeyib-doyub” diskursumuzun incəsənətdə proyeksiyasıdır.
Hamınızı o sərgiyə baxmağa dəvət edirəm.
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ